Şəhriyar Məmmədyarov dünya çempionuna üstün
gəldi
Bakıda dünyanın tanınmış
şahmatçılarının iştirakı ilə
"Prezident kuboku"
uğrunda beynəlxalq
turnir başlanıb. İştirakçılar əvvəlcə rapid partiyalarda,
daha sonra isə blits turnirdə qüvvələrini
sınayacaqlar.
Mərhum prezident Heydər
Əliyevin xatirəsinə həsr olunmuş turnir hələ
ötən ildən keyfiyyətcə yeni səviyyəyə
qalxıb. Turniri daha çox Azərbaycanın ən
güclü şahmatçıları ilə dünya
yığma komandasının qarşıdurması kimi də
xarakterizə etmək olar.
Turnir iştirakçıları
baxımından xeyli sanballıdır - keçmiş
dünya çempionu Vladimir Kramnik (Rusiya), dünya kubokunun
keçmiş qalibi Qata Kamski (ABŞ), keçmiş bakılı,
indi isə İsrail yığmasının kapitanı Emil
Sutovski (İsrail) və nahayət, Yudit Polqar (Macarıstan). Sonuncu
iştirakçı zərif cinsin nümayəndəsi olsa
da, bir qayda olaraq kişilər arasında mübarizə
aparır və dünyanın ən güclü qrossmeysterlərindən
hesab olunur.
Bu
şahmatçılara qarşı ölkəmizin ən
tanınmış zəka sahibləri - Teymur Rəcəbov,
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir
Hüseynov çıxış edirlər. Rapid-turnir yeddi
turdan ibarətdir. Şahmatçılar daha sonra blits-turnirdə
qüvvələrini sınayacaqlar və həmin
yarışlarda adını çəkdiyimiz
şahmatçılara daha bir neçəsi qoşulacaq.
Yarışların
sonuncu günü V.Kramnik, Q.Kamski, E.Sutovski, Y.Polqar, eləcə
də ölkəmizin aparıcı
şahmatçıları Sahil bağında 87 lövhədə
birseanslı oyunlar keçirəcəklər.
Yarışlarda artıq iki tur arxada qalıb. Birinci turda
Şəhriyar Məmmədyarov
Yudit Polqara qalib gəlib. Qalan iştirakçılarımız isə uduzublar. Rauf Məmmədov Vladimir Kramnikə, Qədir Hüseynov Emil Sutovskiyə,
Teymur Rəcəbov isə Qata Kamskiyə
məğlub olub.
İkinci turda isə bu nəticələr
qeydə alınıb:
Y.Polqar - T.Rəcəbov
- 0,5:0,5; R.Məmmədov - Q.Hüseynov
- 0,5:0,5; Q.Kamski - E.Sutovski
- 0,5:0,5; Ş.Məmmədyarov - V.Kramnik - 1:0.
İki turdan sonra Şəhriyar
Məmmədyarov turnirə
başçılıq edir.
Kərim Nəsrullah
Ayna.-2010.-1 may.-S.22.