Zülfiyyə Xanbabayeva:

 

"Bu gün məişət jarqonları ilə səhnədə tərbiyəsizlik edirlər"

 

Sənətçi tənqidi tərbiyə metodu saymır

 

Son konsert turnesindən uzun zaman keçən xalq artisti Zülfiyyə Xanbabayevanın paytaxt üçün növbəti layihə hazırladığı deyilir. Müğənnini Rəşad Haşımovun rəhbərlik etdiyi musiqiçi heyətinin müşayiət edəcəyi yayılan xəbərdə əksini tapıb. Müğənni qəzetimizə müsahibəsində ilk öncə bu xəbərə toxundu:

- Rəşad Haşımovla işləmək doğrudan da mənə rahatdır. Mənim konsertdən nə gözlədiyimi başa düşür. Çox istəyərdim ki, növbəti konsertimə rəhbərliyi məhz o etsin. Amma bu konkretləşmiş bir xəbər deyil. Əgər tezliklə belə bir ideyam olsa, seçim çox güman ki, Rəşad Haşımov olacaq.

- Bugünkü standart konsert proqramları necə olmalıdır? Ötən ilkilərdən fərqlənməlidirmi?

- Bu gün konsert üçün lazım olan ideyalarımı artıq həyata keçirmişəm. İstər 50 nəfərlik olsun, istər 2000 nəfərlik, hamısında səviyyə birinci sırada durub. Xatırlayırsınızsa, son konsertim turne şəklində oldu. Bu, yaradıcılığımın ən böyük layihəsi idi. Hətta bu gün onu təkrarlaya bilmirəm. Bunun üçün böyük bir maliyyə dəstəyi, zaman lazımdır. Həm də bunun ardınca sıradan bir konsert təqdim etməyim artıq mənə yaraşmaz. Standart konsertlərə gəlincə, bu gün nədənsə, keyfiyyətdən çox kəmiyyətə üstünlük verilir.

- Şou-biznesdə durğunluq hiss edilir. Siz də arabir yeniliklərlə çıxış edənlər sırasındasınız. Düzdür, sözünüz olmayanda meydanda görünməyi sevmirsiniz. Təcrübəli bir sənət adamı kimi durğunluğun nədən qaynaqlandığını izah edərdiniz? Çoxları bunu maliyyəyə bağlayır.

- Passivliyin kökündə maliyyə problemi dayanmır. Sponsor sözü bir qədər yaxşı səslənməsə də, bu, hələ də müğənnilər üçün dayaq mənbəyidir. Əslində, mən 20 ildir bu templə çalışıram. Qızım Dəniz dünyaya gələndə 2 il efirlərdən çəkildim, səhnəyə nadir hallarda çıxırdım. Mən belə hallarda sınan müğənni deyiləm. Bundan əvvəl də belə fasilələr olub. Artıq tamaşaçı da buna alışıb. Bilir ki, sükut nə vaxtsa pozulacaq. Bugünkü vəziyyətə diqqət yetirəndə, 98-ci ilə qədər olan zamanı xatırlayıram. Həmin dönəmdə də bir passivlik dalğası müşahidə edilirdi. Müəyyən müddətdən sonra estradada bir canlanma hiss edildi. Amma bu, istedadsızlıqdan irəli gəlmir. Bü gün radionu işə salanda, gəncləri dinləyirəm. Sadəcə, bizdə bir qədər həmrəylik yoxdur. Bu səbəbdən də durğunluq hiss edilir.

- Bunun səbəbi tək pərakəndəliklə bağlıdır?

- Həm də ola bilsin ki, bir gecədə məşhurlaşmaq həvəsi yarandı və sonra hər şey durğunlaşdı. "Sabun köpüyü" deyilən fikri də bura əlavə etmək olar. Əslində, yenə mahnılar yazılır, kliplər çəkilir, ara-sıra konsertlər olur. Amma passivliyin mənbəyini tapmaq lazımdır ki, bunun da adiləşməklə bağlı olub-olmadığını ayırd etmək lazımdır. Bir də ki, son zamanlar qəribə bir dalğa müşahidə edirəm. Kimsə tənqidi fikir söyləmək istəyirsə, şou-biznes adamlarından danışır, bu insanı incidir. Hər bir sahənin pisi də var, yaxşısı da. Bu cür çıxışlarla sənəti tənqid hədəfinə çevirmək ürəyimcə deyil. Əgər mən estrada sənətinin daşıyıcısıyamsa, tənqidi fikirlərə kor-koranə yanaşa bilmərəm. Gəlin sənətdə əsl bəlalardan danışaq.

- Sevda Ələkbərzadə müsahibəsində deyib ki, milli estradadan əsər-əlamət qalmayıb.

Yad ladlar estradaya hakim kəsilib. Bunu siz də müşahidə edirsinizmi?

- Doğrudur. Bizimkilər nədənsə, uzaq və yaxın ölkələrin, xüsusilə Türkiyənin yaxşı ənənələrini bir kənara qoyub, yaxşı olmayanlarından "bəhrələnir". Bu gün Türkiyənin özündə yadlaşmaya, bəsitliyə qarşı bir mübarizə gedir. Zaman gələcək, bizimkilər də belə bir mübarizəyə başlayacaq.

- Belə aydın olur ki, həm yaxşı, həm də pis mənada biz onları yamsılayırıq?

- Çox təəssüf ki, bizə onların yaxşı dalğası gəlmir.

- Niyə biz yaxşı ənənələrdən bəhrələnə bilmirik?

- Ola bilsin bu, xüsusiyyətimizdən irəli gəlir. Uşaqda da belə olur. Ona başa salanda ki, bu şey pisdir, ona əl vurma, əksinə, həmin məşğuliyyətə onun meyli artacaq.

- Bir az əvvəl dediniz ki, bizdə istedadlı musiqiçilər çoxdur. Bəs çatışmayan nədir?

- İstər musiqiçilərimiz, istərsə də müğənnilərimiz arasında istedadlıları çoxdur. Hətta azyaşlılar arasında nə qədər istedadlı ifaçılar var. Valideynlərim mənə aşılamayana kimi teatr, opera görmüşdüm? Dedilər, apardılar, öyrəndik. Ana olandan sonra bir məsələyə daha çox diqqət yetirmişəm. Son vaxtlar uşaq musiqiləri yazılmır. Bizim azyaşlı körpələrimizin eşitməsi üçün yeni uşaq mahnılarımız yox səviyyəsindədir. Uşağa hər hansı informasiya düzgün aşılanmalıdır ki, böyüyəndə onun təfəkküründə problemləri olmasın. Düzgün informasiyanı almağı və ötürməyi bacarsın.

- Bəs Dənizi necə tərbiyə edirsiniz? Onun musiqi zövqünü necə formalaşdırırsınız?

- Ümumiyyətlə, uşağı tərbiyələndirmək böyük məsuliyyətdir.Əvvəla, mən Dənizin içindəki mənliyini boğmağa çalışmıram. Çalışıram ki, o, malik olduğu xarakteri özündə formalaşdıra bilsin. Onun üzərində böyük nəzarət var, amma qadağalar, təpkilər yoxdu. Hər hansı bir mənfi hərəkətini öz dili ilə aradan qaldırmağa çalışıram. Çünki o, uşaq təfəkküründədir, böyüyün dili ilə onunla danışa bilmərəm. Özümü ideal bir ana kimi də tənqid etmək, bəlkə, doğru görünməzdi. Bəlkə, mənim də bilmədiyim tərəflər var, bəlkə də hansısa məqamlarda gecikmişəm? Deyə bilmərəm. Amma nəzarəti əldən buraxmamağa çalışıram. Əgər hansısa uşağı başlı-başına buraxsan və 10 yaşından sonra onu tərbiyələndirməyə çalışsan, çox gec olacaq. Artıq o, formalaşıb. Bizim evdə bir nəzarət meyarı formalaşıb, yəni hərə özü-özünə nəzarət edir. Hətta Dəniz də bunu bacarır. Əslində, Dəniz yolunu gözlədiyimiz bir bala olub və hər kəs onu ərköyünləşdirir. Amma mən yox. İçindəki məni boğmamaq şərti ilə onu tərbiyələndirirəm.

- Müsahibələrinizin birində ananızın sizi "Şuşanın dağları" mahnısı ilə yuxudan oyatdığınızı demisiniz. Bəs Dənizə hansı mahnıları aşılayırsınız. Bir az əvvəl dediniz ki, yeni uşaq mahnıları yazılmır.

- Anamın mənə zümzümə etdiyi xalq mahnılarını bu günə qədər xatırlayıram. Özümü dərk edəndən sonra həmin mahnıları eşitdikcə, anamdan öyrəndiyimi deyirdim. Anamın xasiyyəti mənə də keçib. Körpəmin gözəlliyini xalq mahnıları ilə vəsf edirəm.

- Öz mahnılarınıza da qulaq asır?

- Əlbəttə, qulaq asır və onun sevdiyi mahnılar var. O, bu seçimində azaddır, qızımın zövqünə arxayınam.

- Son olaraq, şou-biznesdə nəyin dəyişməsini və hansı yeniliklərin ayaq tutub yeriməsini istəyərsiniz?

- Sovet dövründə Bədii Şura var idi, onun bugünkü tətbiqini görmək istəyərdim. Yəni ələnmə metodu işə düşərdi. Doğrudur, sovet dövründə qadağalar çox idi, sənət adamları böyük məhdudiyyət içərisində idi, bunun mənfi tərəfləri daha çox idi. Bəlkə də buna görədir ki, keçmişdən bu günə sanballı əsərlər gəlib çatıb. Bu gün hamı pul qazanmaq istəyir.Amma sənətdə meyar anlamı üstün tutulmalıdır. Belə olan halda, ağzına gələni danışmaq, aşılamaq kimi məqamlar ortaya çıxmazdı. Bir sözlə, səhnə mədəniyyəti tam şəkildə formalaşardı. Mən səhnə mədəniyyətinə görə 1988-ci ildə diplom almışam. Lakin bu gün daha çox məişət jarqonlarından istifadə edilir. Bunun da adını səmimiyyət qoyub, tərbiyəsizlik edirlər. Mən özümü evdə apardığım kimi, səhnədə apara bilmərəm. Bura mənim evimdi və özümə çox şeylərdə sərbəstlik verə bilərəm. Səsimi qaldıra bilərəm, kimləsə yüksək tonda danışa bilərəm. Bu bir məqam anlayışıdır. Buna səmimiyyət donu geyindirib, səhnəyə də daşıya bilmərəm. Səhnədə ağzına gələni danışmaq səmimiyyət hesab edilə bilməz. Hər bir davranış yerində, çərçivəsində olmalıdır. Evdə özümü bir cür, cəmiyyət arasında necə lazımdırsa, o cür aparıram. Demirəm ki, ikiüzlülük etmək lazımdır. Yox. Sadəcə, səmimiyyəti tərbiyəsizliklə qarışdırmamaq lazımdır. Amma mənə elə gəlir ki, bu cür davamiyyətlə, vəziyyət daha da pis olacaq. Həmçinin estrada, şou-biznes nümayəndələri nə qədər tənqid obyektinə çevriləcəklərsə, yaxşılığa doğru heç nə görə bilməyəcəm. Sadəcə, başa düşmək lazımdır ki, insanın yaxşısı və pisini bu sənətdə axtarmaq lazım deyil. Kimin necə olduğunu hamımız yaxşı görürük. Tənqid tərbiyə metodu hesab edilə bilməz. Mən sənətimi çox sevirəm və sənətimlə estradada nə isə edə bildim. Bu gün onun tənqid obyektinə çevrilməsini həzm edə bilmirəm...

 

 

Z.Rəhimqızı

 

Ayna.- 2010.- 8 may.- S.21.