Milli Kitab Mükafatının qalibləri
üçün sürpriz
Müəlliflərlə müqavilə imzalanır
Milli Kitab Mükafatı
qaliblərinin adları mayın 23-də bəlli olacaq. Bu barədə
layihənin təsisçisi, "Əli və Nino" Kitab
Evinin rəhbəri Nigar Köçərli danışıb.
Xatırladaq ki, əslində mərasim mayın 1-də
keçirilməli idi. Lakin sonradan mükafatın
sponsorları layihəyə xüsusi önəm verdikləri
üçün mükafatlandırma mərasimini daha orijinal təşkil
etmək səbəbindən tədbirin mayın sonuna
keçirilməsi qərara alınıb:
"Qeyd edim ki, qiymətləndirmə
prosesi 10 şkalalıq bal sistemi ilə aparılacaq. Münsiflər
heyətindən bəzi nümayəndələr artıq əsərlərlə
bağlı ümumi fikirlərini mətbuata
açıqlayıblar. Bəziləri susmağa
üstünlük verir və bunu obyektivliyin qorunması ilə
əlaqələndirirlər. Təsisçi olaraq, onların
fikirləri ilə mütəmadi maraqlanıram".
Nigar Köçərlinin
əlavəsinə görə, onluqdakı müəlliflərin
əsərləri ilə bərabər 10 ballıq sistem
üzrə qiymətləndirməyə şərait yaradan
bülletenlər artıq münsiflər heyətinə təqdim
edilib. Onlar əsərləri oxuyub və hər əsər
üzrə ballarını bülletendə qeyd edəcəklər.
"Ən çox bəyəndikləri
əsərə 10 bal, heç bəyənmədiklərinə
isə 1 bal verə bilərlər. Sonra 10 əsər üzrə
səsvermə nəticələri konvertə qoyulub bizə
göndərilir. Anonimlik qorunacaq ki, obyektivlik təmin olunsun. Kimin
hansı əsərə neçə bal verməsi isə
yalnız Təşkilat Komitəsinə və sponsorlara bəlli
olacaq. Artıq bəzi münsif üzvləri öz
cavablarını təqdim ediblər. Digərləri isə
bunu mayın 23-də müəyyən edəcək və
qaliblərin adı bəlli olacaq" - deyə N.Köçərli
bildirdi.
Layihənin təsisçisi
qeyd edir ki, mayın 23-də tədbirə indiyədək
adı gizli saxlanılan Ekspertlər Şurası dəvət
olunacaq və adlar açıqlanacaq. Nigar xanım siyahıya
adı düşən 10 müəllifin əsərlərinin
nəşri prosesinin yaxşı təşkil olunduğunu da
bildirdi:
"Əsərləri
almanax şəklində çap etməyi
düşünürdük. Lakin sonradan nəşrin çox
qalın alınacağını nəzərə alıb hər
müəllifin kitabını ayrı-ayrılıqda nəşr
etmək qərarına gəldik. Yəqin, bu qərar müəlliflərin
də ürəyincə olacaq. Biz bununla hansı kitabın
daha çox satılacağını müəyyən edə
biləcəyik".
Sonda N.Köçərli
bildirdi ki, hazırda müəlliflərlə müqavilələrin
bağlanma prosesi gedir. Sürpriz olaraq onu da sözünə əlavə
etdi ki, müəlliflərə qonorarla yanaşı, həm də
kitabların satışından müəyyən faiz veriləcək.
Z.Rüstəm
Ayna.-2010.-8 may.-S.20.