Əlçatmaz yerlərə ayaq
basanların özəlliyi
Ölkəmiz ekstremal idman növlərində
sözünü deməyə başlayıb
Ekstremal idman növləri
üzrə çıxışları teleekranlardan maraqla
seyr etsəm ki, etiraf edim ki, bunun mənəvi, hətta siyasi tərəflərinin
də olduğunun o qədər fərqində deyildim. Bunu sadəcə
ayrı-ayrı insanların özünütəsdiq
forması kimi görürdüm. Akvabayk, beyscampinq, bokinq,
dağ-xizək, veytbordinq, kaytsörfinq, kanyoninq, kayakinq,
mauntinbordinq, mauntinbayk, paraplanerizm, poqinq, laftinq, sörfinq,
qayaya dırmaşma, skeytbordinq, snoubordinq, survivalizm, trial,
fribordinq, roliklərdə ekstremal yürüş və sair...
Qar-boran, 50 dərəcə şaxtada adam Cənub
qütbünə, yaxud Şimal qütbünə yollanır,
kiçik bir qayıqda Atlantik okeanını üzüb
keçir, yaxud birinin beyninə üzdürmə La-Manş
boğazını keçmək düşür. Bu bir qayda
olaraq həyat üçün təhlükəli olan qeyri-adi
hərəkətlərin fəlsəfi mahiyyətini bizim
ekologiya və təbii sərvətlər naziri Hüseyn
Bağırovun Xəzər Universitetinin elm və sənət
məclisində alimlər qarşısında etdiyi söhbətdən
bildim.
Rektor Hamlet
İsaxanlı belə bir məruzə və müzakirənin
təşkilini bununla əsaslandırdı ki, riskli
insanların qaranlıq yeraltı mağaraların dərinliklərinə
baş vurmaları, itiaxan dağ çaylarında macəraları,
uca zirvələrə qalxmaları, havadakı macəraları
sadəcə idman və ya kəskin duyğular həvəsi
deyil, həm də elmi mahiyyət daşıyır. Rektor bu
kimi işlərə misal olaraq Rual Amundsen və Robert Skottun cənub
qütbünə dramatik səfər macərasını
xatırlatdı.
Bəlli olur ki, dünyanın bütün ölkələrində hamı futbol oynaya bilsə də, bu idman növləri daha çox aparıcı millətlərlə bağlıdır. Dünyada ən çox anqlosaksonlar, az bir qism norveçlilər, bir az çexlər və polyaklar, ən az ruslar bu növlərə meyl göstərirlər. Bu növlər - həmin millətlərin məqsədyönlülüyünün, qətiyyətinin bir göstəricisidir. Onların nəzərində qalan xalqlar "ayağı çarıqlılardır". Əgər xatırlayırıqsa, sovet dönəmində Bakıda bu kimi klublarda daha çox qeyri-azərbaycanlıları görərdik. Bu gün azərbaycanlıların gənc və - məqsədyönlü, qətiyyətli bir millət olaraq güclülərin icmasında yer almaq niyyətləri və bunu bacarmaları güclülər tərəfində demə bir az təəccüb, bir az heyrət, bir az təqdirlə qarşılanır. Və artıq nələrəsə imza atılmışdır - nazir Hüseyn Bağırovun qrupu keçən ilin yanvarında islam, tük və MDB ölkələri arasında birinci olaraq Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan, orada dəniz səviyyəsindən 5140 metr yüksəkliyə malik Vinson dağının zirvəsinə qalxmış ilk qrup olaraq sözügedən idman növünün tarixinə düşməyi bacarmışdır. Onları Cənub qütbündə Amerikanın "Amundsen-Skott" bazasına dəvət edərək bu həqiqəti onlara rəsmən elan etmişlər.
Biz zalda bu filmə baxdıq.
Doğrudan da həyat üçün çox böyük
risk olan bir yürüş idi. "Hər yan ucsuz-bucaqsız
qar ağlığı. Eynəksiz baxmaq olmur, adam kor ola bilər.
Donmaq riski var, ekspedisiyalarda ölüm halları olur, -
Hüseyn Bağırov danışırdı. - Adamlar
ölürlər, lakin növbəti ekspedisiyada yenə gedirlər".
Yeri gəlmişkən, nazir bu təəssüratları barədə
"Antarktida gündəliyi" adlı kitab
yazmışdır. O biri iki kitabı isə bu işlərə
elmi baxışdır.
Hüseyn Bağırov
xatırladır ki, Xəzərin ən dərin yerində
tektonik yarıqlar olduğu deyilir. Niyə biz özümüz
o dərinliyə enməyək, niyə orada nələr
olduğunu birinci biz görməyək?
Artıq Azərbaycanda Hava və
Ekstremal İdman növləri Federasiyası yaradılıb və
prezidenti Hüseyn Bağırovdur. Etnik azərbaycanlı gənclərin
artıq böyük qrupları bu idman növləri ilə
yaxından məşğul olurlar və bu dəstə
böyüməkdədir. Özlüyündə təqdir
olunası haldır. Onlar öz güclərini Kilimancaroda, Xan
Tenqridə sınaqdan çıxarıblar,
vaxtaşırı Şahdağ, Tufandağ, Babadağ kimi
zirvələrdə görürük. Paraplan, deltaplan,
motoparaplanda qüvvələrini sınamağa,
paraşütlə tullanmağa başlayıblar. Cəsurluğun
göstəricisidir, deyilmi?
Nazirin bu romantikalı və bir az da həyəcanlandırıcı
söhbətlərindən sonra elə oradaca universitetdə
Federasiyanın bölməsini yaratmaq barədə məsələ
qalxdı. Bəlli oldu ki, tələbə gənclər
arasında bu kimi növlərə maraq göstərənlər
hər halda var. Nazir əmindir ki, "niyə mən yox?",
"biz bunu bacardıq!" qətiyyəti ilə bu işlərə
çoxları qoşulacaq və dünyaya gənc və
qüvvətli bir millətin gəldiyinə hamı şahid
olacaqdır..
İ.Umudlu
Ayna.- 2010.- 8 may.- S.15.