Siğə. XXI yüzil...
Geriyə, gələcəyə
doğru!
Bəzi dini mülahizələri əsas götürərək siğə, muta və müvəqqəti kəbin kimi tanınan qondarma "izdivac" təzahürləri, deyəsən, bir əsrlik fəsilədən sonra yenidən boy verir.
"Of! Hardasan, ay Sovet
hökuməti?"
Bu sözləri bir ağsaqqal məscid önünə yığılmış
əli təsbehli, nəyi isə kəskin müzakirə edən saqqallı gəncləri süzərək
söylədi.
"Bir neçə il əvvəl dul bir qadınla
yaxın münasibətdə
idim və qərara gəldim ki, onunla müvəqqəti
siğə kəsdirim. Siğənin müddəti bunu edənin istəyindən asılı olduğu üçün mən hər dəfə bu müddəti 1 illik təyin edirdim" - deyə Fariz Məmmədov adlı şəxs indiyəcən baş vurduğu siğə münasibətlərindən danışdı.
Özünü imanlı bir şəxs adlandıran Fariz deyir ki,
bu günə kimi iki ərsiz
qadınla fərqli müddətlərdə belə
"müvəqqəti kəbini"
olub.
"Siğənin
müddəti bir neçə illik, aylıq, hətta bir günlük və ya bir
neçə saatlıq
da ola
bilər və bu izdivac yalnız
hər iki şəxsin özünün
iştirakı ilə
bağlanmaqla müvəqqəti
kəbin sayılır.
Yəni xüsusən
namaz qılan kişi və
qadınlar üçün
zina, günah olmasın deyə, belə yaxın münasibətləri bir növ rəsmiləşdiririk.
Mən siğə etdiyim hər bir qadının
mehrini lazımınca
ödəmişəm" - deyə müsahib hərəkətlərini "əsaslandırır".
Fariz siğə üçün
xüsusi dua yazılmasının vacibliyini
və belə bir duanı məscidə (Şah Abbas) namaz qılmağa
gələn yoldaşlarından
aldığını bildirir.
"Belə
bir duanı qadınlar da ala bilərmi?" sualına isə müsahibim: "Siz özünüz orada namaz qılan
qadınlardan bunu çox rahatlıqla əldə edə bilərsiniz" - deyə
cavab verdi,
hətta Fariz özünün Qeyd-muta (siğə) duasının
əlyazma formasını
bizim üçün
də gətirdi.
Siğəyə meyil çoxdur?
Sözügedən məsələ haqda şiə və sünni cərəyanlar arasında fikir ayrılığı mövcuddur. Şiələr özlərinin təqlid etdikləri alimlərin fikrinə əsaslanaraq deyirlər ki, muta nikahı islamda qəbul olunandır. Sünniməzhəb müsəlmanlar isə bunu qəti inkar edirlər.
Şahsevənlər Məscidinin
imamı Hacı İlham deyir ki, hazırda Gəncə şəhərində
müvəqqəti nikah kimi anlaşılan siğəyə
meyil edənlər çoxdur:
"Heç kimə
sirr deyil ki, "Belə işlər birbaşa şəhərin
nüfuzlu dindarlarının əli ilə görülür. Hansı
ki, buna "müvəqqəti kəbin" adı qoymaqla
qadınları da günaha cəlb edirlər. Şiə alimləri
Qurandakı Ən-Nisa (Qadınlar) surəsinin 24-cü ayəsinin
sonuncu bəndinə (İstifadə (muta) etdiyiniz
qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən
edildikdən sonra aranızda
razılaşdığınız şeydən ötrü
sizə heç bir günah yazılmaz. Həqiqətən,
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!) istinad edərək
muta nikahına haqq qazandırırlar. Lakin onlar bu ayənin əvvəlki
bəndlərini bir növ diqqətdən
yayındırırlar: (Cihad vaxtı əsir olaraq) sahib
olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli
qadınları almaq Allahın yazısı (hökmü) ilə
sizə (haram edildi).
Bunlardan başqaları
isə namusla (iffətlə), zinakarlığa yol vermədən,
mallarınızı sərf edərək evlənmək
üçün sizə halal edildi. Ən-Nisa surəsi,
24-cü ayə".
Bəs görəsən
şəhər məscidlərində dindarlar necə, belə
siğələrin bağlanması üçün müraciətləri
qəbul edirlərmi?
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin məlumatına görə,
Gəncə şəhərində rəsmi olaraq 6 məscid
(Şah Abbas (Cümə), Qazaxlar, Şahsevənlər,
Qırıxlı, Həzrəti Zeynəb və Fatimeyi-Zəhra)
fəaliyyət göstərir.
Camelərin imamları
bildirdilər ki, onların ibadətgahında dini nikah kəsilir,
şəhadətnamə verilir, lakin müvəqqəti kəbin
(siğə) olunmur. Deyilənlərin səmimiliyinə
inanıb üz tutduq şəhərin mərkəzi məscidi
sayılan və dini idarəçiliyin yerləşdiyi
Şah Abbas (Cümə) Camesinə. Şəhərin axundu
Hacı İskəndər onların dini idarəsində
heç bir kəsə müvəqqəti kəbinin kəsilmədiyini,
ümumiyyətlə, burada belə hallara yol verilmədiyini
söylədi.
"Əlbəttə,
siğə etmək dində qadağan olunmayıb, sadəcə
onun özünün də müəyyən şərtləri
var.
Lakin nə mən, nə
də burda çalışan digər din xadimləri muta
nikahı etmirik. Buraya yüzlərlə adam gəlir,
onların nə işlə məşğul olmalarına biz
cavabdeh deyilik, yalnız öz gördüyümüz işlərə
cavab veririk".
Bu işi "düzüb-qoşanlar"
varmış
Amma son illər Gəncə
şəhərində gəzən söz-söhbətlər
bu eşitdiklərimizin əksini deyirdi. Biz bu məsələləri
yoxlamaq üçün "kəşfiyyata" yollanmaq qərarına
gəldik.
Öyrəndik ki, şəhərdə
bu işləri "düzüb-qoşan" adamlar
mövcuddur.
Əvvəlcədən
tanıdığımız, Ruziyyə (ad dəyişdirilib)
adlı qadınla görüşdük. Söhbətdən bəlli
oldu ki, onun həyat yoldaşı bir neçə il olar
dünyasını dəyişib, bir övladla dul qalıb. Bir
müddət sonra subay bir şəxslə
yaxınlığı olub və bu şəxslə əvvəlcə
siğə kəsdirmək istəsə də, sonra bu fikirdən
vaz keçib:
"Mən hətta
siğə haqda məlumat almaq üçün məscidə
gedib ora gələn qadınlarla görüşdüm. Onlar
da mənə əvvələn məscidin həyətində
dini ədəbiyyat və ləvazimat satılan köşkdən
bir "siğə duası" almağımı məsləhət
vermişdilər. Lakin yaxın qohumlarımdan biri mənə
bu hərəkətin nə demək olduğunu, onun müvəqqəti
və qeyri-ciddi münasibət olduğunu başa saldı. Əslində
belə şeylər münasibətlərin müvəqqəti
olacağına eyham vurur. Belə anlaşılır ki, kiminsə
xoşuna gələcəm və məni bir neçə
günlük siğə edəcək, sonra lazım olmayan vaxt
çıxıb gedəcək. Belə qeyri-ciddi
yaxınlığı mən qəbul etmirəm. Bundan sonra mən
belə şeylərə nifrət etdim. Və heç vaxt nə
muta nikahına, nə də dini kəbin kəsdirməyə
meyilli oldum. İndiyəcən də biz həmin şəxslə
çox mehriban, xoşbəxtik" - deyə müsahibim qeyd
etdi.
Ruziyyə deyir ki,
siğə edənlər və bunu islamda doğru yol kimi qələmə
verib digər şəxslərə də məsləhət
görənlər Şah Abbas məscidinə tez-tez gəlirlər.
Bizi maraqlandıran suallara cavab ala bilməyimiz
üçün o, bizə belə şəxslərdən
birinin telefon nömrəsini verdi.
Obraza girməli olduq
Sevda xanım (ad şərtidir)
deyilən həmin qadınla görüşməyə
çox asan müvəffəq olduq. Ondan deyilənlərin nə
dərəcədə həqiqətə uyğun
olmasını öyrənmək üçün, necə deyərlər,
obraza girməli olduq. Onunla söhbətimizdə bizi həm təəccübləndirən,
həm də bizdə ikrah doğuran hisslər yaşadıq. Əvvəl
mənimlə bu barədə söhbət etməyə ehtiyat
edən müsahibim sonradan obrazımın "təbiiliyini"
görüb, ürəyini açdı.
Mən ona guya dul
olduğumu və həyatımda subay bir oğlanla yaxın
münasibətdə olduğumu, həmin oğlanın isə
namaz əhli olduğundan bu münasibəti qanuni şəklə
salmaq üçün mənə siğə nikahı təklif
etdiyini dedim. Bu addımın nə dərəcədə
doğru olduğunu və nə etməli olduğumu
soruşdum.
Sevda dedi ki, 4 ildir namaz
qılır, məscidə gedir və islam qaydalarından
az-çox xəbərdardır və bu "əsasla" da
məsləhət verməyə girişdi:
"Sənin onunla birlikdə
olmağın günah sayılmır, bəli, doğrudan da
onunla siğə etdirməlisən. Hətta arzu olunandır
ki, mutanı onunla yaxınlıq etdiyin gündən
oxutdurasız. Bunun üçün siz birlikdə və ya
oğlan özü məscidin imamına müraciət etsin
(şəxsiyyət vəsiqələrinizi aparmaqla) və
desin ki, "bu qadın mənim halalımdır, bizim siğəmizi
oxuyun". Qiymətini dəqiq bilmirəm, hər halda
çox baha deyil, amma bunu etdirməyiniz məqsədəuyğundur.
Mən belə hallarla çox qarşılaşmışam,
evli kişilər yaxınlıq etdikləri qadınların
hamısı ilə siğə etdiriblər".
- Bəs valideynləri onu başqası ilə evləndirsə
necə, bizim siğəmiz pozulmayacaqmı?
- Yox, mən özüm
oxumuşam ki, islamda hər kişiyə 4 qadın
düşür.
Suallarıma mənə
lazım olan "qeneedici" cavabları aldıqdan sonra
"bir rəfiqəmin taleyi" haqda "maraqlı" bir
sual verdim.
- Mənim bir rəfiqəmin ailəsi, övladı
var, lakin həyat yoldaşı bir neçə ildir
Rusiyadadır. Ora getdiyi müddətdən ailəsini
axtarmır, gəlmir. Hazırda həmin qadının həyatında
bir şəxs var. Onların da siğə etdirməsi
mümkündürmü, yəni günah sayılmaz ki?
- Yox, günah deyil, mən
özüm dini kitablardan oxumuşam ki, əgər kişi 4
aydan artıq öz qadınına yaxın getmirsə, həmin
qadın başqa kişi ilə siğə kəsdirə bilər.
Bu "dəyərli məsləhət"i də aldıqdan
sonra Sevda xanımla sağollaşıb ayrıldıq. Onunla
söhbətimizdə bizi əndişələndirən məsələ,
evli qadının ailəli ola-ola başqa kişi ilə
siğə etdirməyinin "mümkün olması" və
bunun islam qanunlarına uyğun olduğunun iddia edilməsi
oldu.
Bu məsələ haqda
da Şahsevənlər məscidinin imamı Hacı
İlhamdan bilgi əldə etmək istədik.
İmam bildirdi ki, belə
fikirlər islama tamamilə ziddir və Quranda bu haqda dəqiq
fikirlər əks olunub. Hacı İlham həmçinin din
alimi Əbdüləzim ibn Vədəvi Əl-Xələfinin
"Quran"ın və səhih hədislərin izahı
olan "İslam Fiqhi" kitabından muta nikahının
haram olması haqda bizə dəqiq izahlar göstərdi.
Orada bu haqda belə
deyilir: "Bu nikah müvəqqəti və ya kəsik nikah
adları ilə də adlanır. Mahiyyəti isə budur ki,
kişi qadınla 1 günlük, yaxud 1 həftəlik, 1
aylıq və ya bir müddətlik nikah bağlayır. Belə
nikah əhli-sünnə alimlərinin fikrinə görə,
yekdil olaraq haram sayılır. Hətta nikah bağlansa da,
batildir".
Hacı müvafiq ayələrdən
misallar göstərərək, kişilərin ailəli
qadınlarla siğə olunmasının, ümumiyyətlə
muta nikahının islamda günah və haram iş olduğunu
bildirdi.
Dini nikah vacibdirmi?
Gəncə Şah Abbas Cümə məscidinin imamı Hacı İsgəndər deyir ki, dini idarədə
15 illik fəaliyyəti
dövründə onun
özünün apardığı
müşahidələrə görə, dini nikaha daxil olanların
sayı azalıb, ailə quran gənclər dini nikaha daxil olmağa
o qədər də meyilli deyillər.
"Digər müsəlman
dövlətlərində olduğu kimi, bizdə də ali və
ya orta təhsil müəssisələrində dini bilgilər
verilsə, onda bu kimi problemlərin qarşısı
alınar. Əgər biz özümüzü müsəlman
adlandırırıqsa, onda onun qaydalarına əməl etməliyik.
Yəni evlənən zaman gənclərin dini nikaha daxil
olması mütləqdir", - deyə vurğuladı.
Gəncə şəhər
Statistika İdarəsindən verilən məlumata görə,
ötən bir il ərzində şəhər üzrə
2179 nəfər, bu ilin ilk 3 ayında isə 384 nəfər rəsmi
dövlət nikahına daxil olub.
Sözügedən məsciddə
isə ötən bir il ərzində 257 dini kəbin kəsilib,
bu ilin ilk 3 ayında isə bu rəqəm 72-dir.
Hacı İsgəndər
dini nikaha daxil olmaq istəyənlərin qarşısında
çox da çətin tələblərin
olmadığını vurğuladı. Burada əsasən evlənmək
istəyən hər iki gəncin şəxsiyyətini təsdiq
edən sənəd, rəsmi nikah şəhadətnaməsi və
hər iki tərəfdən ən azı 2 şahidin (valideyn
və ya yaxın qohum) olmasının mütləqliyini dedi.
Hacı deyir ki, dini qayda
üzrə evlənənlərə kəbin kağızı
verilir və həmin sənədlərə məscidin
möhürü vurulur. Bu sənəddə hər iki şəxsin
adı, soyadı, atasının adı, şahidlərin
adları və "məkəriyyə"lər
yazılır.
"Məkəriyyə"
- evlənmə hədiyyəsi deməkdir. Yəni nikah şəhadətnaməsinə
evlənən şəxsin həmin münasibətlə
qadına hədiyyələrinin dəyəri
yazılır" - deyə müsahib qeyd etdi.
Kəbin kəsdirmək
üçün xüsusi dövlət rusumunun
olmadığını deyən Hacı bu iş
üçün ödənilən məbləğin
könüllü şəkildə olduğunu dedi. Həmçinin
bildirdi ki, onlar burada kəbin kəsdirənlərin illik
siyahısını Ruhani İdarəsinə və Dini
Qurumlarla İş Üzrə Dövlət Komitəsinə təqdim
edirlər.
Sonuncu qeyd olunan idarənin
müdiri Firdovsi Kərimov deyir ki, Gəncədə dini
nikahı rəsmiləşdirmək səlahiyyətinə
malik 4 məscid var. Daha 2 - Həzrəti Zeynəb və
Fatimeyi-Zəhra məscidləri qadın cameləri olduğu
üçün onlara bu səlahiyyət verilməyib.
"Talağı yalnız Təzəpirdə geri
oxuyurlar"
Bəli, "siğə"
məsələsində olduğu kimi, boşanma,
"talaq" haqqında da fərqli baxışlar
varmış.
"Bizə
talağın geri oxunması səlahiyyəti verilməyib. Əgər
belə bir müraciət olarsa, tərəfimizdən məsələnin
ciddiyyəti araşdırılır. Əgər fikirlər qətidisə,
talağının geri oxunması üçün Bakıda Təzəpir
məscidinin qazilərinə müraciət edirik. Orada həmin
şəxslərin talağı geri oxunur", - deyə
Hacı İsgəndər izah etdi.
Şahsevənlər
camesinin imamı Hacı İlham isə deyir ki, talağın
verilməsi və ya onun geri oxunması kimi fikirlər tamamilə
yanlışdır. Bunun üçün kimlərəsə
müraciət etməyə ehtiyac yoxdur.
"İslamda kəbinli
qadını ilə boşanmaq istəyən kişinin
qarşısına bir çox tələblər qoyulur, yalnız
həmin tələbləri yerinə yetirmək iqtidarında
olan kişi 3 dəfə "talaq" deməklə
qadınından boşanmış hesab olunur. Quranın Ən
Nisa və Ət-Talaq surələrində bu məsələ
ilə bağlı geniş açıqlamalar var" - deyə
bu müsahibimiz də izah edir.
Doğrusu, uşaqlıqdan bəri M.Ə.Sabir,
M.F.Axundov kimi vaxtilə xalqı cəhalətdən ayırmaq
istəyən görkəmli maarifçilərimizin əsərlərindən
köhnəliyin və qaraguruhun simvolları kimi
tanıdığımız "siğə",
"başlıq", "talaq" və s. bu kimi sözlərin
günümüzdə "xortlayıb" üzə
çıxması, şübhəsiz, müasir və ədalətli
cəmiyyət tərəfdarlarını sevindirə bilməz.
Hətta bu təzahürləri çox da uzaq olmayan sovet
dövrü qaydaları ilə müqayisə baxımından
qiymətləndirən məşhur bir filmin adı yada
düşür. "Geriyə, gələcəyə doğru".
Aytən ƏLƏKBƏROVA
Ayna.- 2010.- 8 may.- S.16.