Bələdiyyə böyüsə
də, büdcələr
kiçik qaldı
yaxud böyüyən bələdiyyələrin
böyük problemləri
Nəhayət ki, bələdiyyələr
birləşdirildi. Dörd aydan bəridir ölkədə
1718 bələdiyyə fəaliyyət göstərir. Bir
sıra bələdiyyələr birləşmə fikrinə
isti yanaşmasa da, hökumət 2757 bələdiyyənin
özünüidarəetmənin inkişafını ləngitməsi
fikri ilə razılaşdı və birləşməni
inzibati yolla gerçəkləşdirdi. Adətən qərarların
verilməsində ləng tərpənən hökumət bu dəfə
zirəklik nümayiş etdirdi. Sözsüz ki, bunda yerli QHT-lərin
apardığı vəkillik kampaniyasının rolu
danılmazdır.
Əslində birləşmə
yerli özünüidarəetmənin təkmilləşməsi,
inkişafı üçün qaçılmaz
addımdır. Baxmayaraq ki, əksər bələdiyyələrdə
bu qərara qarşı çıxanlar da tapıldı. Ölkəmizdə
bələdiyyələrin inkişafını dəstəkləyən
ekspertlər isə, əksinə, birləşmənin bələdiyyə
institutunun inkişafına təkan verəcəyini
vurğulayırlar. Hökumətin işinə yardım məqsədilə
aparılan tədqiqatlar çərçivəsində birləşmənin
mexanizmləri, xarici təcrübə əsasında təkliflər
də verilirdi. Ancaq birləşmə müvafiq qanunda qeyd
edildiyi kimi, könüllü deyil, inzibati yolla baş tutdu. Beləliklə,
"Bələdiyyələrin birləşdirilməsinin
özünüidarəetməyə müsbət təsiri
olacaqmı?" sualı yaranır. Buna aydınlıq gətirməzdən
öncə "Bələdiyyələr nə
üçün birləşdirilməli idi?" sualına
bir daha işıq salaq.
...Avropa ölkələrində
bələdiyyələrin sayı 250-270-dən çox deyil.
Xarici ölkələrdə də bələdiyyələrin
birləşməsi prosesi yaşanıb. Həmin ölkələrdə
də əvvəlcə kiçik bələdiyyələr fəaliyyət
göstərib. Sonra həmin bələdiyyələr birləşərək
bugünkü səviyyəyə çatıblar.Deməli,
2757 bələdiyyə Azərbaycan kimi kiçik ölkə
üçün çox idi. Birləşmə baş
tutmazdan öncə ölkədə ən kiçik bələdiyyə
Daşkəsən rayonunun Quytul bələdiyyəsi idi ki,
onun 33 nəfər əhalisi vardı. 40-50 nəfər sakini
olan kəndlərdə bələdiyyənin fəaliyyətinin
səmərə verəcəyini düşünmək
özü gülməlidir. Çünki bu bələdiyyələrin
torpaqları, maliyyə mənbələri çox azdır.
Belə olan halda onlar əhalinin problemini həll etməkdə
acizdir. Heç bir iş görməyən bələdiyyə
kimə lazımdır ki?! Deməli, böyüyən bələdiyyənin
böyük işlər görmək imkanı doğulur.
İqtisadi Təşəbbüslərə Yardım
İctimai Birliyinin "Azərbaycanda bələdiyyələrin
gücləndirilməsi" konsepsiyasında qeyd olunur ki, bələdiyyələrin
say azlığı təkcə Avropa ölkələri
üçün deyil, dünyanın başqa qitələrinə
məxsus inkişaf etmiş ölkələr
üçün də xarakterikdir. Bu onu deməyə əsas
verir ki, bələdiyyələrin birləşdirilməsi
siyasəti dünyanın hər yeri üçün
xasdır və bunun bələdiyyə institutunun
inkişafı üçün başlıca hədəflərdən
biri olduğu bütün dünyada qəbul edilir. Məsələn,
Yaponiyada cəmi 3232 bələdiyyə orqanı fəaliyyətdədir.
Bu ölkədə əhalinin hər yüz min nəfərinə
2,5 bələdiyyə düşür.
Üstünlüklər
Birləşməyə qarşı
çıxanlar düşünürlər
ki, hər yaşayış məntəqəsində
bələdiyyə yaradılmaması
əhalinin yerli özünüidarəni həyata
keçirmək sahəsində
hüquqlarını məhdudlaşdırmaq
deməkdir. Bu yanaşma kifayət
qədər qüsurludur.
Çünki söhbət
hansısa ərazidə
yerli özünüidarə
qurumunun yaradılmamasından
deyil, vahid infrastruktura və ortaq icma ehtiyaclarına
malik, bir-birilə sərhədi olan kiçik yaşayış
məntəqələrinin ortaq yerli özünüidarə
qurumunda birləşməsindən
gedir. Reallıqda insanların yerli
özünüidarə hüququ
o zaman pozulur
ki, kifayət qədər kiçik ölçülü və
potensialca zəif bələdiyyə ərazidə
yaşayan sakinlərin
zəruri ehtiyaclarını
qarşılaya bilmir,
həmin qurumların mövcudluğu formal xarakter daşıyır.
Birləşmə bələdiyyələrin
imkanlarının, gücünün birləşdirilməsi,
nüfuzunun artması deməkdir. Bu yolla bələdiyyələrin
işindəki pərakəndəlik aradan qalxır, müəyyən
inzibati xərclər azalır, resursların
parçalanmasının qarşısı alınır. Ekspertlərin
söylədiklərinə inansaq, birləşmə bələdiyyələrin
kadr potensialına da müsbət təsir göstərir. Ümumilikdə
bələdiyyələrin birləşməsi yerli
özünüidarəetmə orqanlarının xeyrinədir.
MM regional məsələlər komitəsinin
üzvü, millət vəkili Tahir Rzayevin dediyinə görə, hər il dövlət
büdcəsindən bələdiyyələrə yardım məqsədi
ilə 3,5 milyon manat pul ayrılır. Bu vəsait bələdiyyələr
arasında bölünür. Nəticədə hər bələdiyyəyə
çox az vəsait düşür. Həmin vəsaitlə
heç bir iş görmək mümkün deyil. Bələdiyyələrin
sayı azaldıqda isə bölgü zamanı hər bir bələdiyyəyə
müəyyən miqdarda dotasiya düşə bilər:
"Ayrılan pula hansısa iş də görmək olar. Nəticədə
əhali bələdiyyələrdən razı qalar".
Bərdə rayon Xanərəb bələdiyyəsinin
sədri Cavid Abdullayev bələdiyyələrin birləşdirilməsi
prosesindən daha çox razı qalanların
siyahısında özünü öncüllərdən biri
sayır. Onun fikrincə, birləşmə olmasaydı, bələdiyyələrin
inkişafı ləngiyəcəkdi. Xatırladaq ki, Xanərəb
ilə Şərəfli kəndlərinin bələdiyyələri
birləşərək hazırda Xanərəb bələdiyyəsi
yaradılıb. Müsahibim deyir ki, bələdiyyənin
büdcəsi və buna müvafiq olaraq maliyyə imkanları
genişləndiyindən daha böyük işlər
görülməsinə zəmin yaranıb.
Öyrəndik ki, hər
iki kənd ərazisində vergilərin toplanmasında da
problem yoxdur. Üç dəfə bələdiyyə
seçkilərində sədr seçilən müsahibim
deyir ki, bu, əhali arasında vaxtında aparılan maarifləndirmə
işinin nəticəsidir.
C.Abdullayevin dediklərindən
bəlli oldu ki, yeni bələdiyyə artıq yeni
möhürünü alıb. Bəzi bələdiyyələrin
bununla bağlı problemlərinə gəldikdə,
"güman edirəm ki, bələdiyyə işini bilməyənlərin,
təcrübəsi az olanların və yaxud sadəcə,
işinə məsuliyyətsiz yanaşanların VÖEN və
ya möhür problemləri yarana bilər".
Əlbəttə,
böyüyən bələdiyyələrin imkanları da
geniş olduqdan sonra bu qurumların müstəqilləşməsi,
icra hakimiyyətlərindən asılılığı da tədricən
aradan qalxar.
Elə təkcə
maliyyə müstəqilliyinin qazanılması bu qurumların
fəaliyyətində əhəmiyyətli dönüş
yarada bilər.
Birləşmənin "fəsad"ları
Belə olan halda niyə
bəzi bələdiyyələrdə birləşmənin əleyhinə
çıxanlar oldu?
Vüqar Babayev 10 il Bərdə rayonundakı
Qazıqurdalı bələdiyyəsinin sədri vəzifəsində
çalışıb. Qazıqurdalı ilə Lək bələdiyyəsi
birləşdirildikdən sonra Lək bələdiyyəsi
adlanır. Hazırda Lək bələdiyyəsinin sədr
müavini olan Vüqar Babayev deyir ki, birləşmə tərəfdarı
olsa da, indiki formada birləşmədən narazı qalıb.
Onun sözlərinə görə, birləşdirilmə
zamanı bələdiyyələrin fəallığı,
gördüyü işlərin həcmi, ən əsası həmin
ərazidə yaşayan əhalinin sayı nəzərə
alınmayıb. Məsələn, 500 nəfər əhalinin
yaşadığı bələdiyyə 150 nəfərlik bələdiyyəyə,
fəal bələdiyyə ömründə əhalidən
bir manat vergi toplamayan bələdiyyəyə birləşdirilib.
Bu azmış kimi bələdiyyələr
birləşdirildikdən sonra sosial və digər problemlər
artıb. Məsələ ondadır ki, vaxtilə
Qazıqurdalı bələdiyyəsində bir sıra
infrastruktur problemləri həll edilib, hətta Dünya
Bankının layihəsi əsasında kəndə yeni yol da
çəkilib, beynəlxalq təşkilatların dəstəyi
ilə 10 layihə həyata keçirilib. Əhaliyə bələdiyyələrin
həyatında fəal iştirak təlqin edildiyindən vergilərin
toplanmasında da çətinlik yaşanmayıb. Lək bələdiyyəsində
isə yollar kələ-kötür, əhali də vergiləri
ödəməyin vacibliyi haqqında heç bir məlumata
malik deyil. Lək bələdiyyəsində əhali vergi
ödəmədiyindən bunu birləşmənin "fəsadı"
kimi qəbul edirlər.
Müsahibim birləşmə
zamanı illərlə təcrübə toplanmış kadr
potensialının bələdiyyələrdən
uzaqlaşdırılmasını mənfi hal kimi qiymətləndirdi.
Demə, birləşən bələdiyyələrdəki
yeni üzvlərin əksərinin bələdiyyə sistemindən
nə məlumatı, nə də təcrübəsi var. Bu
azmış kimi bəziləri heç 11 illik attestatı da
ala bilməyiblər.
Bələdiyyələrin
birləşdirilməsinin özünü idarəetməyə
təsirinə gəldikdə, V.Babayev deyir:
"Bir atalar məsəli
var ki, bizim indiki vəziyyətimizi tam mənası ilə ifadə
edir. "Köhnə hamam, köhnə tas". Sosial problemlər
böyüyüb, maliyyə imkanlarımız isə əvvəlki
tək kiçikdir".
İqtisadi Təşəbbüslərə Yardım
İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, hökumət birləşdirməni
"Bir inzibati ərazi vahidi - bir bələdiyyə"
prinsipi ilə həyata keçirsəydi, yaxşı
olardı. Düzdür, birləşmə ərazi vahidliyi əsasında
aparılıb. Ancaq hələ də bəzi ərazi vahidliklərində
bir neçə bələdiyyənin qalması müşahidə
edilir.
Digər problem odur ki,
birləşmə zamanı təmsilçilik nəzərə
alınmayıb. 3-4 bələdiyyə birləşdirilsə
də, yeni seçilmiş bələdiyyə üzvləri
arasında bütün yaşayış məntəqələrini
təmsil edən şəsxlər yoxdur. Bu isə əhali
arasında münaqişəyə səbəb olur:
"Əhali görəndə
ki, onun kəndini və ya bələdiyyəsini təmsil edən
şəxs birləşmiş bələdiyyədə təmsil
olunur, onun quruma etibarı daha da yüksək olur. Bu məsələ
həllini tapmazsa, problemlərin ortaya çıxacağı
istisna edilmir".
Birləşmənin gətirdiyi ən böyük
problem odur ki, bir sıra bələdiyyələrin hələ
də maliyyə əməliyyatları apara bilmədiyi,
qurumların işçilərinə əməkhaqqı verə
bilmədiyidir. Çünki Ədliyyə Nazirliyi birləşmiş
bələdiyyələrin nizamnamələrinin təsdiqini ləngidir.
Birləşmə qərarı bir il öncə verilib, yeni
seçilmiş bələdiyyələr 4 aydır fəaliyyət
göstərir. Ancaq bu vaxta qədər bələdiyyələr
nə maliyyə əməliyyatı apara bilir, nə də
işçilərinə maaş verir. Birləşmədən
sonra bələdiyyələrin nizamnamələri təsdiq
edilmədiyindən bələdiyyələr VÖEN və
bank hesabı aça bilmir.
Hökumətə növbəti tövsiyələr
Ekspert Vüqar Tofiqlinin qənaətincə, yeni seçilmiş bələdiyyə
üzvləri bu gün MM-dən daha geniş səlahiyyət
və maliyyə istiqamətləri, habelə qanunvericilikdəki
çoxsaylı boşluqların aradan
qaldırılmasını gözləyir:
"Bələdiyyələrə
əlavə səlahiyyətlərin verilməsini nə qədər
ləngitsək, bu sistemin inkişafı da bir o qədər
geri qalacaq. Bələdiyyə sisteminin dolayısı ilə
inhisara alınması uğrunda mübarizə isə təəssüf
ki, davam etməkdədir".
Deməli, bələdiyyələrin
birləşdirilməsi yerli
özünüidarənin gücləndirilməsi
istiqamətində aparılan
islahatların başlanğıcı
olmalıdır. Ekspert
Samir Əliyev deyir ki, əgər
bələdiyyələrə əlavə səlahiyyətlər
və ona uyğun maliyyə təminatı verilməzsə,
gələcəkdə bələdiyyələrin
fəaliyyətində bir
sıra problemlər çıxacaq. Birlik bələdiyyə qurumlarının
fəaliyyətinin səmərəli
qurulması üçün
hökumətə tövsiyələr
təqdim edib. Dövlət
büdcəsindən yerli
büdcələrə transfertlərin
daha şəffaf və çevik meyarlar əsasında ayrılması mexanizmlərinin
işlənilməsi, bələdiyyələrin
maliyyə bazarına aktiv çıxışını
təmin etmək üçün Bələdiyyə
Bankının və Bələdiyyə İnkişaf
Fondunun yaradılması ilə bağlı məsələlər
tövsiyələr arasında
yer alıb.
Bir sözlə, birləşdirmə ilə iş
bitmir. Böyüyən bələdiyyələrin
böyük işlər görməsi üçün həm
hökumətin, həm bələdiyyə ərazisində
yaşayanların, eləcə də ictimai təşkilatların
görəcəyi işlər çoxdur. Yəni hələ
yolun başlanğıcıdır. İnfrastruktur, bir sıra
sosial problemlərin həllinə nail olmaq üçün bələdiyyə
ərazilərində yaşayanların fəallıq
nümayiş etdirməsi, bələdiyyənin işində
aktiv olması lazımdır ki, sonradan "heç bələdiyyənin
yerini tanımırıq", "bələdiyyəmiz
heç bir iş görmür" kimi ifadələrini dilə
gətirməyə gərək duyulmasın.
Bu məqalə
"Yerli Demokratiyaya Dəstək" QHT Koalisiyası tərəfindən
elan olunmuş müsabiqə çərçivəsində
hazırlanmışdır.
Aynurə Əhmədova
Ayna.- 2010.- 8 may.- S.18.