Gənc dirijorun uğurlu
debütü
Fuad İbrahimov indi dünyanın
ünlü orkestrlərində çıxış edir
Onun haqqında 2000-ci ildə
bir yazı yazmışdım. Onda maestro Mstislav
Rostropoviçin master-klasını yenicə keçmişdi,
Bakı Musiqi Akademiyasını bitirmək üzrə idi,
Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrində
1-ci pultda alt çalırdı və bu əzəmətli
okrestrlə tez-tez Avropaya qostrollara gedirdi. Onda Fuadın cəmi
18 yaşı vardı. Orkestrin baş dirijoru, xalq artisti Rauf
Abdullayev Fuad haqqında ürəkdolusu demişdi ki, çox
istedadlı, intellektli və son dərəcə ciddi
ifaçıdır. Onun klassik musiqiyə münasibəti xalq
musiqimizə dərin məhəbbətindən irəli gəlir.
Bu heç də təsadüfi deyil, çünki Fuad Azərbaycanın
musiqi beşiyi, Qafqazın konservatoriyası sayılan
Şuşada doğulub. Əminik ki, Fuadın istedadı
mütləq parlayacaq...
Maestro zənnində
yanılmamışdı, 10 il ötəndən sonra Fuad
İbrahimovun Avropada qazandığı uğurların xəbərini
eşidirik. Fevralda Bakı Filarmoniyasının səhnəsində
Üzeyir Hacıbəyli adına Dövlət Orkestrinin
ifasında dahi bəstəkarlar - F.Əmirov, Y.Sibelius,
S.Raxmaninov, S.Frankın əsərlərindən ibarət
möhtəşəm konsertə dirijorluq edən Fuad
İbrahimov istedadının parlaq çalarlarını sərgilədi.
Xüsusilə, soyuq fevral gecəsində Xocalı şəhidlərinin
ruhuna səsləndirilmiş Y.Sibeliusun kədər saçan
"Qəmgin vals"ından sonra Fikrət Əmirovun "Azərbaycan
kapriççiosu"nun şaqraq və temperamentli sədaları
tamaşaçılara bir daha dirijorun çox həssas və
coşqun musiqi duyumunu açdı. İfa prosesində
sırf peşəkar amillər - ansamblı hissetmə qabiliyyəti,
texniki mükəmməllik, geniş
dünyagörüşü, müxtəlif stillər üzrə
repertuarın mənimsənilməsi və ən əsası,
dirijorun daxili zənginliyi bir daha nümayiş olundu. S.Raxmaninovun
fortepiano ilə orkestr üçün "Paqanini mövzusuna
rapsodiya"sını fortepinoda müşayiət edən
dünya şöhrətli ABŞ pianoçusu V.Viardonun səhnədə
Fuadı bağrına basaraq onun haqqında dediyi xoş və
səmimi sözlər istedadın zəhmətlə
yoğrulmuş bəhrəsinə verilən qiymət idi. Həmin
gün Fuad İbrahimovun parlaq ifası görkəmli musiqi
xadimlərimizi heyrətləndirmiş və sevindirmişdi.
Belə bir fikir hökm
sürür ki, özünü musiqiyə həsr etmiş
insan karyerasına az qala körpəlikdən
başlamalıdır. Bir az geciksə, zirvədə yer tuta
bilməz. Bu mənada Fuadda hər şey qeyri-adi
alınıb. 1982-ci ildə Şuşada musiqiçi ailəsində
doğulub.
Anası Lətafət
xanım piano müəlliməsi, babası İsa Rəhimov
Bir qədər sonra evdə
müharibə mövzusunda qarışıq söhbətlər
eşitməyə başladı və anasının pianosunun
arxasında oturub uşaq təxəyyülü ilə
"Müharibə haqqında", "Tənhalıq",
"Kədər" adlı kiçik bəstələr
etdi. Böyük bəstəkar, ailənin yaxın dostu
Süleyman Ələsgərov Şuşaya gələndə
babası Fuadın rəsmlərini və kiçik bəstələrini
ona göstərdi. Bəstəkar bu balaca uşağın qəlbini
duydu və saçlarını sığallayaraq, "bu
uşaq qeyri-adi istedaddır, onu qoruyun" dedi. Şuşaya
növbəti gəlişində isə ona balaca bir skripka hədiyyə
gətirdi.
Gül-çiçəyi də,
torpağı-qayası da muğam-musiqi üstə köklənən
3-cü sinifdə oxuyarkən
7-ci Respublika Musiqi Müsabiqəsinin laureatı adını
qazandı, elə həmin il Azərbaycan Dövlət Simfonik
Orkestrinə elan olunan işçi müsabiqəsində qalib
gəlib orkestrdə alt ifaçısı yerini tutdu. Məhz
həmin il 15 yaşlı gənc və istededlı altist cəmi
dörd il musiqi ilə məşğul olmasına baxmayaraq,
Bakı Musiqi Akademiyasının viola-alt şöbəsinə
daxil olmağın da sevincini yaşadı.
Fuad bu vaxtadək
"Tutti" Uşaq Kamerika Orkestrində istedadlı dirijor
Teymur Göyçayevin rəhbərliyi altında da təcrübə
keçməyə macal tapmışdı. Dövlət Kamera
Orkestrinin tərkibində ümummilli liderin Böyük
Britaniya səfəri zamanı onu müşayiət edən
incəsənət xadimlərinin sırasına daxil
edilmişdi. Fuadın ekstern imtahat verib 15 yaşında
Akademiyaya daxil olmasının qeyri-adiliyinin bir cəhəti də
onda idi ki, orta məktəbin Azərbaycan bölməsini
bitirib yüksək balla rus bölməsinə qəbul
olunmuşdu.
Rostropoviçin tövsiyəsi
Mükəmməl musiqi təhsili ilə yanaşı,
Dövlət Simfonik Orkestrinin tərkibində tez-tez Avropa
ölkələrində və ABŞ-dakı
çıxışları onun qəlbində yeni arzular
cücərtdi. Taleyinə və onu dəyərləndirən
ustad müəllimlərinə çox minnətdar oldu ki, ona
ümid verən gənc musiqiçi kimi böyük
Rostropoviçin master-klasını keçməyə imkan
yaratdılar və böyük sənətkar da onun anasına
Fuadın təhsilini mütləq xaricdə, yaxşı olar
ki, Almaniyada davam etdirməyi tövsiyə etdi.
2002-ci ildə Fuad Köln Ali
Musiqi Məktəbinə imtahan verib alt-viola şöbəsinə
qəbul olundu. Bu uğurdan Fuadın da, anasının da
uçmağa qanadı yox idi. Lakin işin maddi tərəfi
ailəni məyus edirdi. Həmin üzüntülü
günlərdə "Azərbaycan Mədəniyyətinin
Dostları" Fondu köməyə gələrək təhsil
haqqını ödədi.
"Sizə inananların ümidlərini doğrulda bildinizmi?", - sualına Fuad cavab verir ki, ümidvaram ki, doğrulda bilmişəm. Almaniyada tələbə kimi müqavilə ilə bir çox Avropa orkestrində çıxış etmək dəvəti almışam və Hindistanadək müxtəlif ölkələrdə qastrollarda olmuşam. Bir dəfə Norveçdə qastrol zamanı Essen şəhər Konservatoriyasında təhsil alan uşaqlıq dostum Anar İbrahimov da mənimlə birlikdə çıxış edirdi. Konsertin sonunda orkestr rəhbərinin icazəsini aldıqdan sonra Hendel Halversonun skripka və alt üçün "Paskalya"sını ifa etdik. Zal bizi elə sürəkli alqışlarla mükafatlandırdı ki... Sonra qastroldakı bütün yeddi konserti bu virtuoz əsərin ifası kimi bitirdik".
Opera-simfoniya dirijorluğuna
keçmək məsələsinə gəlincə, Fuad
Köln Ali Musiqi Məktəbinin 5-ci kursunu bitirən kimi
dirijorluq fakültəsinə imtahan verib qəbul olunub.
İndi konsertlərdə, festivallarda dirijor kimi
çıxış edən Fuad - "bu da musiqidir, lakin
başqa - daha həcmli, qlobal..." deyir.
İndi Fuad İbrahimov üçüncü ali təhsili - simfonik orkestr dirijorluğu fakültəsinin IV kurs tələbəsidir. Ötən ildən Azərbaycan Mədəniyyət Nazirliyinin təklifi ilə "Yeni Filarmoniya" Gənclər Simfonik Orkestrinə də dirijor kimi rəhbərlik edir. "Yeni Filarmoniya"da Azərbaycanın müxtəlif kollektivlərində çalışan musiqiçilər, tələbələr və hətta çox istedadlı məktəblilər birləşiblər. Konsert keçirmək, yaxud ölkəmizi hansısa festivalda təmsil etmək üçün bu gənc istedadlar orkestri əsl zəhmətsevərlik və musiqiyə böyük məhəbbət nümayiş etdirirlər.
Mükafat, yoxsa sınaq?
"Necə hesab edirsiniz, okrestrə rəhbər təyin edilməyiniz mükafatdır, yoxsa sınaq?" sualını müsahibimiz belə cavablandırdı:
- Hər ikisi. O mənada ki, uğurlarımı qiymətləndirib etibar ediblər, bu, artıq mükafatdır. Mən dünyanın bir çox nüfuzlu salonlarında çıxış etmişəm, mürəkkəb, indiyədək ifa edilməyən musiqi materiallarını işləmişəm və peşəkarlardan xoş sözlər eşitmişəm. Sınağa gəldikdə isə... Axı bu da bir mükafatdır - yerində durmamaq imkanı qazanmaq, daim axtarışlarda olmaq, uğura sevinmək... Musiqiçi üçün öz məktəbindən, eksperimentlər üçün özəl "meydança"sından yaxşı heç bir hədiyyə ola bilməz. Öz biliklərini, ixtiralarını, adətlərini ötürə biləndə və yetirmələrinin gözlərin qarşısında necə pöhrələndiyini görəndə xoşbəxt olursan. Ümidvaram ki, bizim fəaliyyətimiz, yeni yetirmələrimizin xarici təcrübəsi milli mədəniyyətimizin daha da çiçəklənməsinin rəhni olacaq. Müxtəlif tədbirlərdə çıxışımız təkcə Azərbaycan bəstəkarlıq məktəbinin deyil, həm də istedadlı gənclərimizin ifaçılıq ustalığının nümayişidir. Özümüzü təsdiq etmək üçün bu, gözəl testdir. Əmək sərf edib qazandığımız uğurlar bizi qanadlandırır. Xüsusən insan biliklərini başqaları ilə bölmək tələbatı duyanda, ətrafdakılara təmənnasız olaraq zəngin təcrübəsini bəxş edəndə və bu cür davranışın qarşılığını görəndə...
...Bu yaxınlarda dirijor kimi Hollandiyaya dəvət alan Fuad İbrahimov eyni zamanda böyük müsabiqədən keçərək Almaniyanın Brandenburq orkestrinə vəsiqə qazanıb. Az qala dahilik səviyyəsinə çatmış ifaçılarla bir orkerstdə işləmək, dirijorluq etmək, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin təbirincə desək, "zor bir işdir".
Fuad İbrahimovun ifasını dinləyən musiqi
azmanlarının - dünya şöhrətli bəstəkar
Arif Məlikov, Fərhad Bədəlbəyli, Rauf Abdullayev və
digərlərinin də yekdil fikri belədir ki, bu gənc istedad
gələcəyimizin ən parlaq musiqiçisi kimi hələ
çox zirvələr fəth edəcək.
Mirvari RƏHİMZADƏ
Ayna.- 2010.- 8 may.- S.19.