Ahısqa türkləri üçün yeni problemlər

 

Onlar Quzey Qafqazdan da deportasiya oluna bilərlər

 

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda 1988-ci ildə Ahısqa türklərinə qarşı gözlənilmədən qəddarcasına repressiyalar aparıldı. Bu olayların gedişində Ahısqa türkləri 46 il ərzində sürgünlərdə yaşadıqları regionlarda evlərindən növbəti dəfə didərgin düşdülər. Bu zaman onlar Azərbaycan, Rusiya və Ukraynanın 60-a yaxın regionunda dağınıq şəkildə, maddi imkansızlıq şəraitində məskunlaşdırıldılar.

Keçmiş SSRİ-nin çökməsindən 19 il ötsə də, Rusiyanın Krasnodar, Kalinin, Smolensk, Orlov, Belqorod, Voronej, Rostov, Stavropol və digər vilayətlərində, eləcə də İnquşetiya, Çeçenistan, Adıgey, Kabarda-Balkar (KBR) respublikalarında məskunlaşan Ahısqa türkləri hələ də Sovetlər Birliyinin pasportunu daşımaq məcburiyyətində qalan yeganə toplumdur.

Bu topluma məxsus xüsusi təhsil və tədris, mədəniyyət mərkəzləri olmasa da, onlar dünyada yeganə xalqdır ki, tarixi torpaqlarına dönə bilmək imkanlarını süni şəkildə məhdudlaşdıran "Demokratik Gürcüstan" tərəfindən çətin durumda saxlanılmaqdadır. Onlar yurdsuz-yuvasız, məhrumiyyətlər içində yaşasa da, dilini, adət-ənənəsini, milli kimliyini, imanını qorumağı bacaran tək millətdir.

 

Hüququ olmayan toplumun dərdləri

 

Ahısqa türklərinin Quzey Qafqaz regionlarında evsiz-eşiksiz, ən ağır sosial həyat şəraitində məskunlaşmalarına baxmayaraq, onların arasında ictimai əxlaqsızlıq yoluna düşən kimsəyə rast gəlinməz. Onların arasında bu gün hamımız üçün yad olan dini-ideoloji baxımdan zərərli ünsürlər belə yoxdur. Ahısqa türklərinin ağır və məşəqqətli həyat şəraitini nəzərə alan çox sayda fondlar onları bu ötən illər ərzində vəhhabi, nurçu, xristian təlimlərinin daşıyıcılarına çevirə bilmədilər. Minillərdir getdikləri yolun içindədir bu xalq. Maldarlıq və əkinçilik sənətində isə onlara tay ola biləcək heç bir topluma rast gəlinməz.

Rəsmi statistik göstəricilərə görə, bu gün Qazaxıstanda 100 min, Azərbaycanda 43 min, Rusiyada 70 min, Özbəkistanda 10 min, Ukraynada 10 min Ahısqa türkü yaşam mücadiləsini davam etdirir. Bu rəqəmdən əlavə son illər 25 min nəfər Türkiyəyə, 15 min nəfər isə ABŞ-a köçüblər.

Onların öz tarixi yurdlarına dönmələri üçün beynəlxalq birliklər hər hansı bir təşəbbüs göstərmirlər. İndi tarixi Ahısqa vilayətində mövcud olan etnik mənzərə onların burada milli yoxluğundan söz açır. Bölgədə əhalinin 54,6%-i erməni, 43,4%-i gürcü, 1,1%-i rus, 0,4%-i isə osetin və yunanlardan ibarətdir. Azərbaycanın milli şairi Səməd Vurğunun "Vətənsiz də insan olan insan kimi yaşayarmı?" dərdli misrası sanki Ahısqa türklərinin acı taleyi üçün yazılıbdır.

Mütəxəssislərin bildirdiyinə görə, ABŞ və Türkiyədə onların məskunlaşmasına görə xərclənən vəsaitlərin hesabına Gürcüstanda ən azından 50 min nəfəri yerləşdirmək mümkün idi. Ahısqa türklərinin faktiki olaraq qazanclarının böyük əksəriyyəti yollara sərf olunur. Bir-birindən aralı düşmüş insanlar öz yaxınlarının dəfn, düyün, digər mərasimlərində iştirak üçün bütün xərcləri məhz yollara sərf edir.

...Onlar heç zaman ağlamazlar. Sarsıntılı görünməzlər.Bütün ağrı-acılarını, dərdlərini 66 ildir bitib-tükənməyən sürgün yaşamında içlərində yaşadılar. Bu möhtəşəm iradə, bu görünməmiş dözüm tarixdə hələ heç bir topluma nəsib olmayıb. Ahısqa türklərinin şeirlərində, türkülərində əsas leytmotiv vətən torpaqlarının dərdləridir. Bu türkülərdə həzin bir yurd həsrəti var. Bu misralarda və şərqilərdə haray yoxdur. Bütün acılar daxilən yaşanan dərdlərin pıçıltılarıtək səslənir.

 

Yeni ögey münasibətin səbəbləri

 

Rusiyada miqrantlarla bağlı qəbul edilən yeni qanuna görə, ən ağır zərbələr məhz Ahısqa türklərinə dəyəcək. Hələ də "SSRİ pasportu"nu zorən daşıyan bu toplumla bağlı yeni sürgünlər, məşəqqətli həyat tərzi, əlavə fəlakətlərlə üz-üzə qalmaq təhlükəsi ola bilər. Quzey Qafqazın Stavropol, KrasnodarRostov vilayətlərində, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey və İnquşetiya respublikalarında "miqrant ovu" əməliyyatları artıq adi hala çevrilib.

Yeni qanuna görə, Rusiya Federasiyasında yaşayan və vətəndaşlığı olmayanların övladları uşaq bağçasında, orta məktəbdə, universitetdə təhsil ala bilməzlər.

1991-ci ildən bu günə kimi Ahısqa türkləri Rusiyanın bütün dövlət orqanlarına müraciətlər edərək onlara vətəndaşlıq verilməsi barədə qərar çıxarılmasını istəsələr də, bu yöndə onlara heç bir cavab verilməyib. Rusiyanın rəsmi dairələri bir yandan bildirirlər ki, qanunsuz miqrasiya şəraitində yaşayanlar ölkədən xaric olunmalıdır, digər tərəfdən isə qanunla ölkədə 5 ildən artıq yaşayan insanlara vətəndaşlıq verilə bilər. Ancaq bu qanunların heç biri Ahısqa türklərinə şamil edilmir...

KBR-in Maysk və Proxladnıy şəhərlərinin kəndlərində yaşayan Ahısqa türklərinə qarşı ögey münasibətlər bir yandan ruslar tərəfindən qızışdırılırsa, digər tərəfdən kabarda, erməni, kürd, yunan və osetin topluluqlarının milli təşkilatları bu alovu daha da gücləndirməyə cəhdlər göstərirlər. Onlara dəstək verən təkcə balkar türkləridir.

1989-cu ildə KBR-də yaşayan rusların sayı 225 min nəfər olubdur. Onlar respublikanın 126 yaşayış məntəqəsində yaşayırdılar. Proxladnıy və Maysk kimi milli rayonlara malik idilər. 2009-cu ilin statistik göstəricilərində isə qeyd olunur ki, ötən 20 il ərzində rusların sayı respublikada xeyli dərəcədə azalmışdır.

Araşdırıcıların fikrincə, bir tərəfdən ruslar kütləvi işsizlik, ağır sosial həyat tərzinə, digər tərəfdən isə demoqrafik artımın zəif olması problemlərinə görə azalırlar. Ancaq Ahısqa türklərində demoqrafik artım problemi yoxdur. KBR-də son illər alman, rus, erməni, yunan və kürd (yezidi) mənşəli-nəsilli toplumların digər dövlətlərə və Rusiyanın regionlarına miqrasiyası sayəsində həmin boşluğu indi Ahısqa türkləri, çeçenlər və inquşlar tuturlar. Xüsusilə Nalçik, Maysk, Beslan, Proxladnıy, Tırnauz şəhərlərində bu artımı görmək mümkündür.

Etnodemoqrafik şəraitin dəyişməsi hakimiyyətdə çoxluq təşkil edən kabardalı məmurları olduqca narahat edir. Bu narahatlıq daha çox Ahısqa türklərinə qarşı yönəldilir. Çərkəz kökənli topluluqların (abaza, şapsuq, çərkəz, abxaz, adıgey) qaraçay və balkar türklərinə qarşı sərt mövqe nümayiş etdirmələrini də buna səbəb olan amillərdən biri saymaq olar.

 

Avropa insan haqları qurumları ona görə susurlar ki, onlar - türkdür

 

KBR-də hazırda 25 min nəfər çeçen və inquş toplumu savaş qaçqınları statusunda yaşayır. Onlara BMT başda olmaqla beynəlxalq birlik bütün humanitar yardımları göstərirlər. Onlar Rusiya və beynəlxalq hüquq müdafiəçilərinin diqqət mərkəzindədir. Ahısqa türklərinə adicə vətəndaşlıq hüququnun verilməsi barədə isə beynəlxlaq birlik daim susmağa üstünlük verir. İnsan hüquqlarını müdafiə təşkilatları bütün bunları görməzliyə vururlar.

KBR-in Urvan rayonunda Nartkala, Sitxala, Psıkod, Morzox, Qara Çay, Tersk rayonunda Yeni Balkariya, Qızıl Ordu, Kuyan, Proxladnıy rayonunda Proletar, Üzümlük, Ulyanovsk, Proqress, Krasnoselsk, Sternoe, Qvardesyk, Dalnıy, Maysk rayonunda Sar, Yeni Kursk, Yeni İvanovo, Ceqem rayonunun Nartan, Ceqem, Lesken rayonunun Erokko, Lesken, Nalçik şəhərinin Xasanya kənd və qəsəbələrində yaşayırlar. Toplam onların sayı 13 min 334 nəfərdir.

Mütəxəssislərin araşdırdıqları tədqiqatlara görə, Ahısqa türklərinin kompakt şəkildə yaşadıqları kəndlərdə heç zaman kriminala yol açan problemlər olmayıb. Bu regionlarda hər hansı bir antiterror əməliyyatları da aparılmayıb. Çünki bu yaşayış məskənlərində radikal vəhhabilərə, ultra-millətçi hallara, nə də digər kriminal elementlərə rast gəlinir. Rusiyanın və KBR-in hakim mafioz dairələri isə heç bir əsası olmayan mövzularda utanmadan: "Ahısqa türklərinin miqrantlar arasında sayının artması nəticəsində regionda kriminogen durum ağırlaşıb, narkotik maddələrin qəbulu və satışı artıb, zorakılıq halları çoxalıb" tipli bəyanatlar verirlər.

Bütün bu qanunsuzluqlar Quzey Qafqaz regionlarındakı durumu son illər diqqət mərkəzində saxlayan insan hüquqlarını müdafiə təşkilatlarının, beynəlxalq qurumların gözləri qarşısında baş verir.

 

Yeni sürgün təhlükəsi?

 

Rusiyada miqrasiya haqqında yeni qanun tələb edir ki, bu ölkənin vətəndaşı olmayan insanları istənilən an deportasiya etmək mümkündür. Ahısqa türkləri faktik olaraq kənd yerlərində məskunlaşıblar. Onlar heyvandarlıq və bostan bitkiləri yetişdirilməsində ən məhsuldar uğurlara imza atıblar. Bunu hətta rus alimləri belə etiraf edirlər. İndiki şəraitdə Krasnodar (16 min nəfər), Rostov (15 min), KBR (13 min), Belqorod (5 min), Volqoqrad (4,5 min), Stavropol (3,5 min), Voronej (2,5 min), Orlov (3 min), Həştərxan (3 min), Orenburq (2 min), Tula (2,5 min), Kursk (2 min), Smolensk (2,5 min) vilayətləri, Çeçenistan (5 min) və Kalmıkstan (3,5 min) respublikalarında onlar daimi təhdid altında yaşamaqdadırlar. İstənilən an Ahısqa türkləri yenidən "qanunsuz yaşayan miqrantlar" statusunda Rusiyadan deportasiya oluna bilərlər.

Bu müdhiş durumla ilgili olaraq, Ahısqa türklərinin "Beynəlxalq Vətən Cəmiyyəti" və "Ümid" təşkilatı prosesləri diqqət mərkəzində saxlayırlar. Əsas məsələ soydaşların heç bir fiziki zorakılıq və digər ağırlaşdırıcı hallar olmadan yeni sürgünə nizamlı şəkildə hazır olmasıdır. "Demokratik Gürcüstan" hakimiyyəti isə onların tarixi yurdlarına dönməsi barədə qəbul etdiyi qanunun müddətinin 31 dekabr 2009-cu ildə bitdiyini bildirir. Dünyanın heç bir ölkəsində sürgün olunmuş xalqın öz tarixi yurdlarına dönməsinə bunca əngəl tərədilmir. Gürcüstanda onların dönmələri barədə indiyə qədər 14 qərar qəbul edilsə də, hələ də real addımlar atılmayıb. Öz növbəsində Rusiya - Ahısqa türklərinin tarixi facəsinin sorumlusu olan SSRİ-nin hüquqi varisi - isə miqrant qanunu qəbul etməklə ilk sırada Ahısqa türklərini hədəfə alır.

Son zamanlar Stavropol və Krasnodar vilayətlərində, KBR-də süni şəkildə hazırlanmış "lokal münaqişə" taktikası tətbiq etməklə, Rusiya Ahısqa türklərini regiondan deportasiya etməyə hazırlaşır. Əhalini daha da qorxu altında saxlamaq üçün hətta bu yöndə bir sıra antiterror əməliyyatları da keçiriblər.

Ahısqa türklərinin ilk milli təşkilatı "Beynəlxalq Vətən Cəmiyyəti"nin qurucusu, əfsanəvi şəxsiyyət mərhum Yusif Sərvərov hər zaman deyərdi:

"Bizim millətə qarşı Kremlin və ermənilərin hazırladığı bu vəhşətlər bir zaman tükənəcəkdir. Ən qorxulu hal - bu siyasətin neoimperiya ambisiyalarının əsirinə çevrilməsidir. Biz gürcülərlə dil tapmaq istəsək də, buna eyni zamanda Qərb mane olmağa başlayıb. Çünki Qafqazın azadlığı və özgürlüyü bizlərin vətənə dönüşündən sonra mümkün ola bilər".

 

 

Ənvər Börüsoy

 

Ayna.- 2010.- 15 may.- S.7.