Müdafiə sənayesi gəlir
gətirməyə başlayır
SOFEX - 2010 sərgisi düşərli
oldu
Dünən
İordaniyada başa çatan SOFEX-2010 Xüsusi Qüvvələr
Sərgisi, deyəsən, milli hərbi sənaye kompleksimiz
üçün düşərli olub. Müdafiə sənayesi
naziri Yavər Camalov APA-ya açıqlamasında Azərbaycanın
bu mötəbər sərgidə 55-dən artıq adda
müdafiə təyinatlı məhsulu nümayiş
etdirdiyini bildirir.
İraqa patron göndəriləcək
Camalov qeyd edib ki, sərgi çərçivəsində
bir sıra şirkətlərlə niyyət protokolları da
imzalanıb. Onlardan üçü ABŞ şirkətidir. Belə ki, bu şirkətlərdən biri Azərbaycana
82 mm çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54
çaplı patronlar, həmçinin 2,5 milyon ədəd
7,62x39 mm çaplı patron, 82 mm çaplı minaatanlar
üçün döyüş sursatları, eləcə də
lüləaltı qumbaraatanlar üçün 4 min ədəd
VOG-25 tipli döyüş sursatı sifariş verib. Bu
layihənin reallaşması üçün artıq
müvafiq niyyət protokolu da imzalanıb. Yaxınlarda həmin
şirkətin nümayəndələri Azərbaycana gələrək
öz testlərini keçirəcəklər. Bundan sonra qeyd
olunan məhsulların alınmasına dair müqavilələr
bağlanacaq.
İkinci ABŞ şirkətinin isə 500 min ədəd 12,7x108 mm çaplı, 250 min ədəd 14,5x110 mm çaplı patron və lüləaltı qumbaraatanlar üçün VOG döyüş sursatlarını əldə etmək üçün niyyət protokolu imzalanıb. Yaxın zamanlarda nümayəndələrini Azərbaycana göndərəcəklər. İstehsalatla tanış olduqdan sonra intensiv əməkdaşlıq ediləcək.
Üçüncü Amerika şirkəti isə 5 il ərzində 60 milyon ədəd 9x19 mm çaplı patron almaq istəyir. Bu şirkətlə də niyyət protokolu imzalanıb və yaxın günlərdə alğı-satqı müqaviləsinin imzalanması gözlənilir.
Qeyd edilir ki, buna qədər Azərbaycanın hərbi təyinatlı məhsulları Amerika bazarlarına çıxıralmayıb. Bu şirkətlərin qeyd edilən döyüş sursatlarını İraqda istifadə etmək üçün alır. Bu sursatların məsafə və daşınma baxımından Azərbaycandan alınması daha səmərəli hesab edilir.
Türkiyə ilə müştərək
müəssisələr
Eyni zamanda Türkiyə ilə 30
milyon ədəd patronun alğı-satqısına dair
müqavilə imzalanıb və Azərbaycan tərəfi
hazırda maliyyələşmənin başlanmasını
gözləyir. Müqaviləyə əsasən, qarşı
tərəf başlanğıcda 30 faiz ödəniş həyata
keçirməlidir.
Bundan əlavə, Türkiyənin Makina və Kimya Sənayesi (MKE) şirkəti ilə 10 min ədəd RPQ-7V qumbaraatanı, 120 mm-lik minaatanlar üçün 10 min ədəd döyüş sursatı, 7,62x39 mm çaplı patronlar üçün 40 milyon ədəd kapsul və bu patronlar üçün 400 tona yaxın içlik sifarişini qəbul etmişik. Bununla bağlı da bir niyyət protokolu imzalanıb. Yaxın vaxtlarda MKE-nin nümayəndələri Azərbaycana gələcək.
Eyni zamanda yaxın günlərdə MSN-in ekspert qrupu MKE-nin zavodlarına səfər etməsi gözlənilir. Nəticədə MKE ilə Azərbaycan MSN arasında bir neçə atıcı silahın, o cümlədən 12,7 mm çaplı snayper tüfəngi daxil olmaqla 3 atıcı silahın müştərək istehsalına dair müqavilə imzalanması gözlənilir. Nəticədə bunu reallaşdırmaq üçün müəssisə yaradılması planlaşdırılır.
Azərbaycan eyni zamanda gələcəkdə Türkiyənin ATAK zərbə helikopteri, "Altay" milli tankı və digər əhəmiyyətli layihələrində iştirak edə bilər.
Eyni zamanda
İordaniyanın "NP Aerosrace Yordan" şirkəti ilə iki layihə üzrə müqavilə imzalanıb. Bunlardan birincisi zirehli
mühafizə köynəklərinin, ikincisi isə dəbilqələrin
birgə istehsalı ilə bağlıdır. Həmçinin
bir neçə istiqamətdə danışıqlar davam
edir. Yaxın vaxtlarda həmin layihələr üçün
müqavilələrin imzalanması gözlənilir.
Bildirilir ki, sənaye
kompleksinin istehsal həcminin artımına gəldikdə
2009-cu illə müqayisədə istehsal 2,7 dəfə
çox olacaq.
Camalov qeyd edir ki, iqtisadi
cəhətdən səmərəli olan bütün layihələr
qısa müddətdə həyata keçiriləcək. Amma
elə layihələr də var ki, onların Azərbaycanda
reallaşdırılması çox çətindir və zəruri
deyil. Məsələn, tank istehsalı. Tank istehsal edən
zavodun tikintisinə və belə texnikanın
yaradılmasına külli miqdarda vəsait tələb olunur.
Azərbaycanın tələbi isə çox azdır. Həmin
tank texnikasını, təyyarə və helikopterlərin
inkişaf etmiş ölkələrdən alınması daha
məqsədəuyğundur. Perspektivdə zəruri olan
silahlar, döyüş sursatları, artilleriya silahları,
artilleriya silahları üçün mərmilər, pilotsuz təyyarələr
və s. layihələr tam həyata keçdikdən sonra belə
layihələr də baxıla bilər. Buna baxmayaraq, bu
gün MSN-in müəssisələri tərəfindən
tanklar, helikopterlər, təyyarələr üçün
ehtiyat hissələri istehsal edilir. Hətta təyyarə və
helikopterlər üçün istehal edilən hissələr
Rusiyanın müəyyən şirkətlərinə də
satılır.
Camalov bildirib ki, MSN
Müdafiə Nazirliyi və digər hərbi qurumları istənilən
sayda döyüş sursatı və silahla təminetmə
imkanına malikdir. Hərbi əməliyyatlar başlanarsa, təchizat
məsələlərində heç bir problem olmayacaq.
Xatırladaq ki,
yarandığı dövrdə ölkənin müdafiə sənayesi
kompleksinə yönəldilən vəsaitlərin həcmi kəskin
şəkildə artıb. Rəsmi məlumatlara görə, əgər
2006-cı ildə kompleksin inkişafına 50 milyon manatdan
artıq vəsait yönəldiyi bildirilirdisə, sonrakı
illərdə bu rəqəm kəskin şəkildə
artdı. Misal üçün, 2008-ci ilin dövlət
büdcəsində MSN-in birbaşa 66 milyon 070 min manat, digər
kateqoriyalar üzrə isə 1 milyon 816 min 681 manat
ayrılması nəzərdə tutulurdusa, ilin ortalarında
bu rəqəm 2 dəfədən çox artırılaraq
141 milyon manata çatdırıldı. 2009-cu ildə MSN-ə
ayrılan vəsaitin 170 milyon manatdan yuxarı olduğu bəlli
oldu. Bu il isə bu vəsait müxtəlif kateqoriyalara
ayrılan vəsaitlər hesabına 180 milyon manata
çatıb. Qeyd edək ki, qeyri-neft sektorunda müdafiə sənayesinin
çəkisi ilbəil artmaqdadır. Nazirlik rəsmiləri
yaxın gələcəkdə bu sahədə böyük irəliləyişlər
olacağını proqnozlaşdırırlar.
Nazirlik
yarandığı zaman yalnız Türkiyə ilə əməkdaşlıq
edilirdisə, bu gün MSN aviasiya, naviqasiya, cihazqayırma və
digər istiqamətlər üzrə dünyanın
inkişaf etmiş 20-dən çox dövlətinin 50-dən
çox firma və şirkəti ilə sıx əməkdaşlıq
edir. Həmin ölkələrin sırasına İtaliya,
İsveçrə, ABŞ, Pakistan, Rumıniya, İsrail,
Belarus, CAR, Ukrayna, Rusiya, Belçika, İran, Türkiyə,
Polşa, Böyük Britaniya, Macarıstan və digərləri
daxildir.
Rəsmi məlumatlara
görə, MSN yarandığı tarixdən bu günədək
qurumda xarici ölkələrin 30-dan artıq yüksək səviyyəli
heyəti ilə görüş keçirilib, nazirliyin rəhbərliyi
xarici ölkələrdə 14 səfərdə olmuş, 5
beynəlxalq sərgidə iştirak etmişdir. 2009-cu ildə
Azərbaycan ilk dəfə müdafiə təyinatlı məmulatları
ilə beynəlxalq əhəmiyyətli sərgidə
iştirak edib. 2009-cu ilin aprel ayında Türkiyənin
İstanbul şəhərində keçirilən IX Beynəlxalq
Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) ilk dəfə
olaraq MSN-in tabeli müəssisələrində
yaradılmış və istehsal olunan 27 adda müdafiə təyinatalı
məmulat (atıcı silah, güllələr, aviasiya
bombaları və hərbi texnika) nümayiş etdirilib.
Nazirlik 2010-cu ildə
İordaniyadan başqa daha iki sərgidə - sentyabrda CAR-da,
noyabrda Yunanıstanda sərgilərdə iştirak edəcək.
HSK-nın perspektivləri
Araşdırmalar
göstərir ki, MSN və o cümlədən Hərbi Sənaye
Kompleksi struktur baxımından cavan olsalar da, artıq bir
sıra problemləri özündə daşıyırlar.Əsas
diqqətçəkən problemlər
aşağıdakılardan ibarətdir:
HSK-ya yönəldilən
milyonlarla manat vəsaitin səmərəliliyi hələlik
ortada deyil. Bu sahədə qeyri-şəffaflıq hələ
də mövcuddur. HSK-ya ictimai və parlament nəzarətinin
olmaması bu sahənin Azərbaycan üçün
faydalı ola biləcəyini sual altında qoyur.
HSK-nın
inkişafı hərbi istehsalın perspektivlərini müəyyən
etmədən mümkün deyil. Bunu isə hərbi
satınalmaların əsas siyasi vektorlarını və hərbi-texniki
əməkdaşlığın perspektivlərini müəyyən
etmədən demək çətindir. Bu baxımdan ortaya
konkret və uzunmüddətli nəzəri konsepsiyanın
qoyulma zərurəti çıxır. Bu konsepsiyada məhsulun
kimlərə, hansı xarici ölkələrə
ünvanlandığı və onların maraqlarının
necə nəzərə alınacağı ilə
bağlı məqamlar əksini tapmalıdır.
Milli HSK-nın istehsal etdiyi məhsulların yararlılığı və keyfiyyəti ilə bağlı tam yekdil rəy hələlik ortada yoxdur. Məhsulların sınaqdan keçirilmə qaydaları bəlli deyil. Araşdırmalar göstərir ki, milli HSK-nın əsas vəzifəsi Azərbaycan SQ-nin tələblərinə, yerli xüsusiyyətlərə uyğun məhsullar istehsal etməkdir. İndiyə kimi istehsal olunmuş və gələcəkdə istehsalı planlaşdırılan məhsulların bu meyarlara cavab verib-vermədiyi hələlik öyrənilir.
HSK-nın konkret standartlara malik ölkələrlə və ya təşkilatlarla əməkdaşlıq mexanizmi hələlik ortada deyil. Azərbaycanda hərbi sənaye müəssisələrinin NATO, yoxsa Rusiya ilə sıx kooperasiyada işləməsi perspektivinə hələlik aydınlıq gətirilməyib. Hazırda Azərbaycan SQ-nin istifadəsində olan silah-sursat və hərbi texnikanın əksər hissəsinin sovet mənşəli olduğunu, onların dəyişdirilməsi üçün həddən artıq böyük vəsaitlərin gərəkliyini nəzərə alsaq, onda Azərbaycan HSK-nın daha çox MDB məkanına istiqamətlənəcəyi ehtimal olunur. Amma ekspertlərin fikrincə, Azərbaycanın xarici siyasətində müşahidə olunan balans HSK-da əksini tapmalıdır. Azərbaycan yüksək texnologiyalara malik dövlətlərlə əməkdaşlıq etməli və öz milli HSK-sında onların iştirakına imkan yaratmalıdır.
Daha bir problem HSK-nın elmi potensialının səviyyəsinin hələlik qənaətbəxş görünməməsi ilə bağlıdır. MSN-də kadrların səmərəli idarə olunması və "beyin" fondunun yaradılması istiqamətində ciddi səylər gözə dəymir. Araşdırmalar göstərir ki, MSN-də idarəetmənin təkmilləşdirilməsi vacibdir.
Daha bir problem: HSK-ya ayrılan vəsaitlərin ildən-ilə kəskin şəkildə artdığı şübhəsizdir. Lakin beynəlxalq təcrübə göstərir ki, həddən ziyadə hərbiləşmə milli HSK-nın süqutu təhlükəsini yaradır.
Araşdırmalar göstərir ki, bu gün milli hərbi sənaye kompleksinin səmərəli inkişafını təmin etmək üçün neftdən əldə olunan gəlirlərin HSK-da səmərəli istifadə olunması və tədricən rentabelli fəaliyyətə keçid vacibdir. Bunun üçün konkret çərçivələr müəyyənləşdirilməlidir.
Düşünmək olar ki, HSK-nın formalaşdırılması bir sıra müsbət məqamlarla müşayiət olunacaq. Belə ki, Cənubi Qafqaz ölkələrinin müdafiə və təhlükəsizlik sektorunun transformasiyası
üçün qeyri-rəsmi şəkildə qəbul olunan son həddə -
2015-ci ilə qədər Azərbaycan SQ özünün silah-sursata olan tələbatının bir hissəsini yerli HSK müəssisələrinin istehsal etdiyi məhsullarla
ödəyə biləcək.
Yaxın illərdə HSK çərçivəsində özünü doğrultmayan sahələrin maliyyələşdirilməsinin dayandırılmasına başlanacaq ki, bu da ümumilikdə HSK-nın inkişafına və iqtisadi baxımdan rentabelli işləməsinə səbəb olacaq. Amma çalışılmalıdır ki,
hazırda külli miqdarda vəsait yatırılan sahələr
öyrənilsin və onların perspektivi ilə bağlı
elmi səviyyədə proqnoz-analizlər hazırlansın.
Yaxın perspektiv üçün HSK-nın fəaliyyətindən
Azərbaycanın müəyyən gəlir götürməsi
mümkün sayılır.
Cəsur Sümərinli
Ayna.- 2010.- 15 may.- S.9.