İnsan həyatında musiqinin yeri

 

Ziyalı qadınlar bunu araşdırmaq üçün yığışmışdılar

 

SRBS "Beynəlxlaq Tədris Mərkəzi"ndə "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin "Ziyalı ünsiyyəti" çərçivəsində növbəti toplantı "İnsan həyatında musiqinin yeri" mövzusuna həsr edilmişdi. Bu mövzunun seçilməsində məqsəd cəmiyyətimizin musiqi mədəniyyəti, xalq musiqisinə münasibət, ümumiyyətlə, musiqidən dərəcədə faydalandığımızı araşdırmaq, böyüməkdə olan nəslin musiqi mədəniyyətinin düzgün şəkildə formalaşdırılması məsələləri idi. Məclisi giriş sözü ilə "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin sədri Solmaz Əmirli açdı. Qonaqları salamladıqdan sonra Solmaz xanım ümumi ağrımız olan Şuşanın işğalından danışdı, Solmaz xanım musiqi mədəniyyətimizin beşiyi olan Şuşanın, eləcə işğal altında olan bütün torpaqlarımızın tezliklə azad ediləcəyinə inandığını söylədi.

Solmaz xanım görüşə fəxri qonaq qismində dəvət alan, Şuşa torpağının yetirməsi, Azərbaycanın ilk revmotoloq qadını, tibb elmləri doktoru, professor Sayalı xanım Tağıyevanı may ayında qeyd olunacaq 90 illik yubileyi münasibətilə təbrik etdi və ona "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin xatirə diplomunu təqdim etdi. Görüşün moderatoru Rəfiqə xanım Əzimova Sayalı xanımın dəyərli həyat yolundan, elmi nailiyyətlərindən danışdı. Görkəmli həkimin yetirmələrindən Azərbaycan Tibb Universiteti "Daxili xəstəliklər" kafedrasının dosenti Həsənağa Qəmbərov, millət vəkili Lalə Abbasova və başqaları gözəl insan və tibb elminə böyük töhfələr verən həkim Sayalı Tağıyevanın 90 illik yubileyi münasibətilə təbrik edib, onun haqqında öz ürək sözlərini söylədilər.

Görüşdə sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti, professor Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, konservatoriyanın professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşova sənətşünaslıq doktoru, professor Sevil Fərhadova, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, sənətşünas, AMEA-nın müxbir üzvü Rəna Məmmədova iştirak edirdilər. Millət vəkili Lalə Abbasova, filologiya elmləri namizədi Möminat Ömərova, fəlsəfə elmləri doktoru Əhməd Qasımoğlu, etnoqraf Sabirə Dünyamalıyeva, yazıçı-sənətşünas Sara Oğuz, rəssam Elçin Hami Axundov, tənqidçi-sənətşünas Aydın Talıbzadə də toplantıya xüsusi dəvət alan qonaqlar sırasında idilər. Bundan başqa, cəmiyyətimizdə müəyyən məqamlara gəlib çatmış, maraqlı fikir və mülahizələri ilə fərqlənən insanlar dəvət olunmuşdular.

Zümrüd Dadaşzadə, Elnarə Dadaşova və Sevil Fərhadova "İnsan həyatında musiqinin yeri" mövzusunda öz fikir və mülahizələrini iştirakçılarla bölüşdülər. Sonra toplantı geniş diskussiya şəklində davam etdi.

 

 

Sevinc İsmayıl 

 

Ayna.- 2010.- 15 may.- S.19.