Ədalət
Şükürov: "Azərbaycanda
konsert və albomdan pul qazanmaq şansımız yoxdur"
Müğənni
deyir ki, "belə bir müğənni
görsəniz mənim
üçün avtoqraf
götürün"
Son aylar yolunu xarici
ölkələrdən salıb,
əcnəbilər üçün
oxuyan əməkdar
artist Ədalət Şükürov
burada özünə
məhdudiyyət yaratdığını
etiraf edir. Müğənni
"Ayna"ya müsahibəsində
bunun səbəblərindən
danışdı:
- Son vaxtlar efirlərdə
və cəmiyyət arasında az görünməyim
insanlarda başqa bir təəssürat yaradıb.
Düşünürlər ki, Ədalət Şükürov
sənət meydanından çəkilib. Əslində dəvət
edildiyim verilişlərin hamısına getmirəm. Adətən
sənətçi qalmaqallı verilişlərdə bir qədər
az görünəndə, onun yaradıcılıq tempinin
düşdüyü təsəvvürü yaranır. Mənim
də az görünməyim ola bilsin belə bir fikir
oyadıb. Səfərlərim isə doğrudan da çox
olur. Həm toylara dəvət edirlər, həm də Azərbaycandan
fərqli olaraq xaricdə xeyli konsert proqramlarım olur. Ötən
il tək Dağıstanda 4 konsert proqramı ilə
çıxış etmişəm. Bu il martın əvvəlləri
2 günlük daha bir konsertim oldu. Xarici səfərlərdən
söz düşmüşkən onu da deyim ki, bu günlərdə
İsraildən qayıtmışam. Orada dövlətin xətti
ilə konsert proqramları keçirilib və Xəyyam Nisanov
və mən mədəniyyət günləri çərçivəsində
iki şəhərdə çıxışlar etmişik.
İyun və avqust ayında yenidən Dağıstanda konsert
proqramlarım nəzərdə tutulub. Dağıstana və
eləcə də Moskvaya tək konsert məqsədi ilə
getmirəm. El şənliklərim də çoxdur.Bu tələbatı
nəzərə alıb məcburam ki, proqramıma rus dilində
mahnılar əlavə edim.
- Belə aydın olur ki, adını çəkdiyiniz
ölkə və şəhərlərdə
yaradıcılığınıza tələbat daha
çoxdur, nəinki burada?
- Ümumiyyətlə,
dili başa düşməyən insan belə mənim
mahnılarımı dinləyir və sevir. Bu səbəbdən
də onlara hər yerdə tələbat var və bir çox
bəstələrim bir çox dillərdə oxunub. Tək elə
Dağıstanın özündə 10 millətə məxsus
olan musiqiçilər mahnıları öz dillərində
oxuyublar. Bu günlərdə mənə video
görüntü göndəriblər və baxıram ki,
böyük bir yəhudi qrupu mahnılarımı öz dillərində
səsləndirib. Bunların əksəriyyətindən
sonradan xəbər tuturam. Arzu edərdim ki, hər bir
müğənninin mahnısı mənim qədər oxunsun.
Amma hələ ki elə bir müğənni tanımıram.
Mahnıları yazanda mütləq xarici publikanın tələbatını
da nəzərə alıram. Buna yaxından bələdəm.
Bu yəqin uzun zaman Rusiyada yaşamağımdan irəli gəlir.
- Mahnılar müzakirə ediləndə sizi bir-birinə
bənzəyən bəstələrin müəllifi kimi qələmə
verirlər.
- Onu deyən adamın bəlkə
də bu işdən yaxşı başı
çıxmır. Maşınımda hazırda Qriqori Lepsinin
albomu var, ona qulaq assanız, düşünmədən deyərsiniz
ki, mahnılar eynidir. Amma belə deyil. Üslub etibarı ilə
oxşarlıq tapmaq olar. Məsələn, Röyanın
mahnısını eşidəndə, sizə elə gəlir,
mahnılar eynidir. Yaxud da Eyyub Yaqubov olsun.
- Ola bilər ki, səs tembri belə düşünməyə
əsas verir?
- Bu da rol oynaya bilər.
Əsas odur ki, bu
tembrə görə hansısa müğənni
sevilir. Oxşarlıq fikri ilə
heç razı deyiləm. Başqa bir misal çəkim
- Şade. Onun əksər mahnıları
bir-birinin oxşarıdır.
Bu, ifaçının üslubudur.
- Üslubunuzu dəyişmək
fikriniz var?
- Əslində,
məndə üslub dəyişikliyi var. Sadəcə,
bu, geniş auditoriyaya bir o qədər məlum deyil. Repertuar təzələnəndə kütlə
oradan 2-3 mahnını
daha çox sevir, qalanları, belə deyək, ikinci plana keçir.
Bir də hamı albom almır, daha çox yığma disklərə üstünlük
verir. Mənim caz, pop üslubunda ifalarım var. Caz səslənməsində məni
fəxrlə deyirəm
ki, İsfar Sarabski müşayiət edib..Həm də fəxr edirəm ki, İsfar müğənnilərdən hələ
heç kimi müşayiət etməyib.
Daha bir qürurlandırıcı məqam
budur ki, mən Caz Mərkəzində
tez-tez görünən,
ifası dinlənən
müğənniyəm. Açığını
deyim, orada hələ Azərbaycan müğənnisi görməmişəm.
Gəlibsə, irəli
durub bunu desin. Sevda Ələkbərzadə,
Zülfiyyə Xanbabayeva
istisna olmaqla. Başqa müğənnilər
Caz Mərkəzində
çıxış edirlər
desəm, yalan olar.
- Sizi Caz Mərkəzinə cəlb
edirlər, yoxsa öz təşəbbüsünüzlə
gedirsiniz?
- Özüm
maraqlıyam. İfamda
caz elementləri, gəzişmələri görmək
istəyirəm. Hətta
xaricdən qonaqlarım
gələndə, onları
da canlı caz kompozisiyaları dinləməyə aparıram.
Əslində, caz ifaçıları şıltaq
olur və hər musiqini qəbul etmirlər. Bəzən onları da qəbul etməyən
zümrə olur. Amma mənim mahnılarımı böyük
məmnuniyyətlə ifa
edirlər. Bu əməkdaşlığa
onları mən həvəsləndirmişəm.
- Sizin bəstələriniz həm elit təbəqə,
həm də "qara" zümrənin zövqünə köklənib.
Bəs caz ifaçılarını buna
necə həvəsləndirdiniz?
- Bu, öncə
mənim daxilimdən gələn bir həvəsdir. Mahnılara
gəlincə, onsuz da Azərbaycanda heç bir müğənni diskindən
pul qazanmır, qazanmayacaq da. Ona görə ki, müvafiq qanunlar işləmir.Həmçinin
klipindən də pul qazanan müğənni
tanımıram. Əksinə,
hazır məhsulla bərabər, telekanala pul ödəyirsən. Bu,
şəxsi kanalın
öz iş üslubudur və heç kimin qarşısında şərt
qoya bilmərik. Məsələnin digər
tərəfi isə budur ki, müğənninin
Azərbaycanda konsertindən
pul qazanmaq şansı yoxdur. Əgər elə bir müğənni görsəniz ki, pul qazana bilir,
ondan mənim üçün avtoqraf götürün. "Qazanıram"
deyən gözünün
içinə qədər
yalan danışır.
- Brilyant Dadaşova
deyir ki, mən o zaman konsert verəcəyəm ki, bu işdən
pul götürə bilim. Belə çıxır ki, xalq artistinin arzusu bu tezlikdə
həyata keçməyəcək?
- Brilyant
xanımın adı-sanı
var. Əgər belə
bir şey olsa, çox sevinərəm. Əslində,
onun elə bir imkanı var, qalır həyata keçirmək.
Amma nəzərə almaq lazımdır ki, konsert çoxlu
pul tələb edir və burada
sən dekorasiya, icarə haqqı, musiqiçilərin pulu, reklam işi və s. üçün xeyli məbləğ xərcləməlisən. Əgər
konsert zalına 4000 adam gələrsə və hər biri biletə ən azından 50 manat xərcləyərsə,
onda qazancdan söhbət gedə bilər. Brilyant xanım isə nəinki 50 manat, 500 manata da layiq
bir sənətçidir.
Mahnı mövzusuna
gəlincə, Azərbaycanda
müğənni kimi
hamı özünü
güclü hesab edir. Təəssüflər
olsun ki, üzlərinə baxanda bunu hiss etmək olmur. Bəziləri var ki, özünü
"bərk gedən"
müğənni sayır,
amma onu heç bir yerə dəvət etmirlər.
- Niyə çağırmırlar?
- Çünki
insanlarda o müğənniyə
maraq yoxdur. Çağırmırlarsa, deməli,
onun pulu da yoxdur. Pulsuzluq
da özünü büruzə verir. Üst-başı, yaxud avtomobili buna bir sübutdur. Deməli, qazanc yeri yoxdur. Yaxşı
müğənninin isə
həmişə toyu
var. İnsanlar hərif
deyil ki, "Əhmədə" boş
yerdən pul qazandırsın. Tərəzinin
gözündə kimin
tələbatlı olduğu
aydın olur. Tərəzi də insanların müğənniyə,
mahnıya ehtiyacıdır.
Əslində, bu gözəl bir stimuldur ki, sənətçi
öz üzərində
çalışsın. Ona
da tələbat yaransın, insanlar məclisində görsünlər. Bir məqamı qeyd edim-
Azərbaycanda müğənnilər
arasında ən çox mənim mahnılarım oxunur. Bu
insanların ehtiyacıdır.
Kiməsə pul vermirəm ki,
mahnım xoşuna gəlsin
-
Mahnılarınızın cazibə qüvvəsi nədir?
- Sadəliyi.
İnsanların beyni dincəlmək istəyir. Əgər
mürəkkəb, qarışıq bir musiqini dinləsən,
bir az da ağırlaşarsan.
- Beyin yoran mahnılar çoxdur?
- Mahnılara qulaq
asırsan, əksəriyyətində ritm düz gəlmir.
Yaxud hansısa alətin səsi insanın beynini yorur. Məsələn,
bir mahnıda iki nəfəsli, yaxud iki simli alətin işlənməsi
düzgün deyil. Bunu aranjimançı bilməlidir, amma təəssüf
ki, çoxları bunu bilmir.
- Uyğunsuzluğu müşahidə etdiyiniz kimin
mahnılarının adını çəkə bilərsiniz?
- Son 10 ildə
uyğunluğu qoruyan çox az sayda müğənni
tanıyıram. Əksər müğənnilərin
ifasını eşitsəm də, adını bilmirəm.
Tanımıram. Bir sözlə, "ara müğənniləri"ndə
bu hal daha sıx müşahidə olunur. Sabah bir mahnı
yazım və ora elə bir alət daxil edim ki, eşidəndə
başınız ağrısın.
- Bir az əvvəl danışdığımız
konsert məqamına qayıtmaq istəyirəm.
Dağıstanda silsilə konsert proqramları ilə
çıxış etdiyiniz halda, burada niyə fəal
deyilsiniz?
- Bu gün müğənnilərin
80-90 faizi məhz hesabat konserti verir. Bunu imic, adı qorumaq məqsədi
ilə edirlər. Qazanc üçün heç kim edə
bilməz.
- Sizin bu baryeri aşmaq imkanınız var?
- Son konsertim
Yaşıl Teatrda olub.5 il əvvəl söz vermişəm
ki, bir də heç vaxt öz təşəbbüsümlə
konsert verməyəcəm. Əgər təşkilatçı
varsa, buyurub təşkil etsin və mən də səhnəyə
çıxıb oxuyum və qonorarımı alım. Mənim
işim oxumaq olmalıdır, təşkilatçılıq
yox. Təəssüf olsun ki, bizim müğənnilər elə
bilir ki, konsert təşkil edə bilərlər.
- Bizdə ildə iki dəfə 4-5 günlük
konsert təqdim edən müğənnilərimiz var - Faiq
Ağayev, Röya. Əgər böyük pul itkiləri
olsaydı, yəqin bunu təkrarlamazdılar?
- Bu konsertlər imicə,
ad saxlamağa və yeni mahnıları göstərməyə
xidmət edir. Bunu hər bir müğənni
bacarmalıdır. Amma təəssüf ki, mən bu fikirdən
vaz keçmişəm. Çünki mən konsertimdən
qazanmaq istəyirəm. Sponsor olmasa, istər-istəməz itki
olacaq. Yüz faiz uduzacaqsan, bunun başqa variantı yoxdur. Mənim
Yaşıl Teatrdakı konsertimdən hələ də təşkilatçılar
mənə borcludurlar. Ona görə də bu məsələyə
ehtiyatla yanaşıram.
- Rusiyada, konkret Dağıstanda konsert şərtləri
necədir?
- Əvvəlcədən
qonorar razılaşdırılır. Mən müğənni
kimi çıxıb oxuyur və qonorarımı alıb gedirəm.
- Ayda aldığınız torpaq durur?
- Torpağı 10 il əvvəl
almışam. Məndən sonra 1000-dən artıq azərbaycanlı
Ayda torpaq alıb. Əvvəl bu xəbərə
gülürdülər, sonra ciddiliyini qəbul etdilər. Əvvəl
Aya adamın uçması, turist raketi uçacağı barədə
xəbər gülməli görünürdü. İndi adiləşib.
Artıq Ayda turist şirkətləri hazırlayıblar.
- Torpağı hansı məqsədlə
almısınız?
- Bu, qətiyyən imicə
xidmət edən bir xəbər deyildi. Çünki 10 il əvvəl
mən sənətə gəlməmişdim və Azərbaycanda
deyildim. Mənim üçün qeyri-adi bir şey yoxdur. Onu
görürəmsə, varlığından xəbərdaramsa,
mütləq almalıyam.
- Sizi biznes adamı kimi də tanımışıq.
Amma son illər belə bir fəaliyyət növü ilə məşğul
olduğunuz nəzərə çarpmır.
- Mən ömür boyu
bizneslə məşğul olmuşam. Elə bir yerdə
çalışmışam ki, şirkət bütün
dünyada tanınıb və keyfiyyətli məhsulun
istehsalı ilə məşğul olub. Bura qayıdandan sonra
biznesin arxasınca gedə bilmədim. Bakıda da bir işlə
məşğul oldum, sonra başa düşdüm ki, çox
çətindir. Hərdən qulağıma qeyri-dəqiq
sözlər gəlib çatır. Açıq şəkildə
deyirəm ki, mənim adıma şirkət yoxdur. Kimsə mənim
adımdan istifadə edir. Deyirlər ki, guya mənim saat və
s. dükanlarım var, piramida - qızıl biznesini adımla
bağlayırlar. Yalan sözdür. Əgər kimsə iddia
edirsə, inanmayın. Vasitənizlə qəti şəkildə
bildirirəm ki, belə sözlərə inanmasınlar. Əgər
dəyərli, böyük biznes olarsa, əlbəttə, məşğul
olaram. Amma xırda işlərlə məşğul olmaq istəmirəm.
- Maraqlı avtomobilləriniz var və səhv etmirəmsə,
daha birini də almısınız.
- Məndə
"Cip" maşını mütləq olub. Çünki
Azərbaycanda yol problemi hələ də həllini
tapmaqdadır və sürücülərə məsləhət
görərdim ki, hələ 5 il də "Cip"dən
istifadə etsinlər. Özümün daha çox idman
maşınları xoşuma gəlir. Elə olur ki, ildən-ilə
xoşuma gələni olanda, dəyişirəm. Yeni idman
maşınım var, markası - "Pontiak"dır. Yayda
üstüaçıq şəkildə idarə edəcəm.
Belə avtomobillər şəhərə yaraşıq verir.
Z.Rəhimqızı
Ayna.- 2010.- 22 may.- S.21.