Kür və Araz Mərkəzi Aranı viran qoyur
Müvafiq qurumlar fəlakətin
qarşısını almaqda hələ ki aciz qalıblar
Sabirabad, Saatlı,
Salyan, Şirvan, İmişli, Hacıqabul və bəzi digər
yaşayış məntəqələrində Kür və
Araz çaylarının bəndləri dağıtması nəticəsində
10 minlərlə insan evsiz-eşiksiz, mal-mülksüz
qalıb.
Rəsmi məlumatlara
görə, fəlakət nəticəsində cəmi bir nəfər
- Sabirabad rayonunun Qaragüney kənd sakini 18 yaşlı
Ağaqasım İsrafilov suda boğulmuşdur, yaralananlar barədə
isə məlumat verilmir. Qeyri-rəsmi məlumatlara görə
isə, fəlakətin əvvəlindən bəri ən
azı 5 nəfər boğulub.
Kənd Təsərrüfatı
Nazirliyi fərdi təsərrüfatlara dəymiş ziyanla
bağlı ilkin məlumatları açıqlayıb. Məlumata
görə, Sabirabad və Salyan rayonlarında ümumilikdə
15 mindən artıq toyuq-cücənin, Sabirabad rayonunun su
altında qalan yalnız üç kəndində (Ulacalı,
Mürsəlli və Şıxlar) 120 baş inək, 300
başa qədər qoyun-keçi məhv olub. Məlumatlara
görə, ümumiyyətlə, subasma nəticəsində
Azərbaycanın qırx rayonunda 20 minə yaxın ev, 50 min
hektara yaxın əkin və örüş sahəsi su
altında qalıb. 300-dən artıq ev uçub, 2 minə
yaxın ev qəzalı vəziyyətə düşüb,
çoxsaylı infrastruktur və digər sosial obyektlər
sıradan çıxıb.
Su basmış ərazidə
olmuş "Ayna" əməkdaşının
müşahidələrinə görə, daşqının
qarşısı bir istiqamətdən alınsa da, digər
istiqamətdən bəndləri su vurub dağıdır. Mayın
18-dən 19-na keçən gecə Kürün Sabirabad
rayonunun Çığırgan kəndi ərazisindən
keçən hissəsində qurulmuş bəndin 40 metr hissəsi
uçub. Nəticədə yaxınlıqdakı 100 hektardan
artıq ərazini, o cümlədən 826 nəfər sakini
olan Çığırgan kəndi su altında qalıb. Ümumilikdə
bu günə qədər 14 kənd və qəsəbə ya
tam, ya da qismən su altında qalıb, 7 kənd, o cümlədən
hektarlarla bərəkətli əkin sahələri su
altında qalıb.
Yerli sakinlər aprel
ayının əvvəllərindən başlayaraq
daşqınların olacağı barədə dövlət
qurumlarını xəbərdar etsələr də, buna əhəmiyyət
verən olmayıb. Bayramlı qəsəbə sakini, 59
yaşlı Eynalı Həmidovun sözlərinə görə,
əhali öz qüvvəsi hesabına un kisələrinə
torpaq doldurmaqla bəndi möhkəmlətmək istəyib. Amma
bu, axının qarşısını almağa kifayət etməyib:
"Bizə vaxtında texnika versəydilər,
yalvarışlarımıza əhəmiyyət versəydilər,
Kür bu qədər ziyan vurmazdı".
Uçmuş bəndin
bərpa edildiyi ərazilərdə dəhşətli
antisanitariya baş qaldırıb. Mayın 7-də Kür
çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi
ərazisində bəndi yarması nəticəsində su
altında qalmış Dadaşbəyli, Zalqarağac, Ələmbəyli
və Arxanbəyli kəndlərindən su çəkilməkdədir,
o cümlədən su altında qalmış Sabirabad, Salyan və
Saatlı əsas şose yolu da açılmaqdadər. Amma
Sabirabad rayonunun Şıxlar və Mürsəlli kəndləri
ərazisindən bəndlərin yarılması nəticəsində
su altında qalan Şıxlar, Mürsəlli, Ulacalı, Ətcələr,
Axtaçı-Muğan, Zalqaragünə və Bulduq kəndləri
su altında qalıb.
Yuxarıda adıçəkilən
kənd və qəsəbələrdə olmuş
"Ayna" əməkdaşı ərazidən dəhşətli
üfunət iyinin (xarab olmuş balıq iyi) gəldiyini, ərazidə
xeyli ev və vəhşi heyvanın boğulduğunu
müşahidə edib. Habelə ərazidə kanalizasiya
sisteminin olmamasına görə ayaqyollarının
anbarlarındakı tullantılar da suya qarışaraq səthə
çıxıb. Ağcaqanadlar insana sürü ilə
hücum edirlər.
Ərazidə evlər əsasən
palçıq kərpicdən tikilmiş olduğundan
onların divarları ovularaq sellərə-sulara
qarışıb, evlərin damları isə lil üzərində
qalıb. Əkilmiş tərəvəz plantasiyaları lil
altındadır.
Azərbaycanı
qarpız və yemişlə təmin edən bu ərazilər
ucu-bucağı bilinməyən bataqlığa çevrilib.
Rəsmi KİV-lərin
və dövlət məmurlarının bəyanatlarına
baxmayaraq, ərazidə miqyaslı şəkildə dezinfeksiya
işləri aparılmır. İnsanlara dəyən
ziyanın müəyyənləşdirilməsi istiqamətində
də iş görüldüyü gözə dəymir. Bunu
Sabirabad şəhər 2 saylı orta məktəbdə yerləşdirilmiş
Mürsəlli, Ulacalı və Şıxlar kəndlərinin
bir qrup sakini "Ayna"ya söyləmişdir.
"Mən Kür
qırağında camaatla birgə bəndi möhkəmlətməklə
məşğul idim, birdən bənd yarıldı, hamı
kimi mən də ancaq həyat yoldaşımı və 2
azyaşlı uşağımı götürüb
qaçdım. 2 inəyim, 1 erkəyim, toyuq-cücəm,
ümumiyyətlə, nəyim vardısa, hamısı suyun
altında qaldı", - deyə Ulacalı kənd sakini, 37
yaşlı Etibar Məmmədov qeyd etdi. Şıxlar kənd
sakini, 42 yaşlı Əmənzadə Madər də
bütün mal-qaranın və fərdi təsərrüfatın
sel altında qaldığını dedi. "Biz çox
acınacaqlı vəziyyətə
düşmüşük. Hamımızı
yığıblar məktəbə, qoca, uşaq, hamilə
qadın. Cəmi 1 ayaqyolu var, hamam yoxdur, yeməyə də
qarabaşaq və arpa yarması verirlər".
Qeyd edək ki, su
basmış kəndlərdən çıxmış
insanlar əsasən qohumlarının evlərinə
köçüblər. Əhalinin bir qismi Sabirabad şəhər
stadionunda, 2 saylı orta məktəb və Nərimanov
adına litseydə hərbçilərin nəzarəti
altında saxlanır. İnsanlar düşərgəni
pasportlarını təqdim etməklə tərk edir və ya
ora eyni qaydada daxil olur.
Düşərgələrə
"Ayna"nın əməkdaşını buraxmadılar.
Habelə FHN əməkdaşları jurnalistin su basmış
kəndlərdəki acınacaqlı durumu fotolentə
almasına da maneçilik törətdilər. Şirvan səhərində
də su basmış kəndlərdən çəxarılmış
əhali üçün çadır şəhəri
salınıb. Hətta mayın 11-də prezident İlham Əliyev
kabineti ilə burada müşavirə keçirdi. Əməkdaşımızın
müşahidələrinə görə, bu çadır
şəhərciyində ciddi problemlər yoxdur və insanlar
zəruri qida, paltar və tibbi yardımla təmin olunublar.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin yaydığı məlumat isə dəyən
ziyanın daha çox olacağını vəd edir. Nazirliyin
məlumatına görə, Kürdən saniyədə 2415
kubmetr su keçir ki, bu da son yüz ilin rekord həddidir. Adətən
Kürdən saniyədə 900-950 kubmetr su axıb. Habelə
nazirlik xəbərdarləq edib ki, Kürə qovuşan Araz
çayı üzərində İran İslam
Respublikasının tikdiyi Xudafərin su anbarı, Mingəçevir
su anbarı dolmaq üzrədir.
"Meliorasiya və Su Təsərrüfatı"
ASC-nin prezidenti Əhməd Əhmədzadənin sözlərinə
görəsə, Kürdə suyun səviyyəsi ilə
bağlı vəziyyət kritik həddədir və son 20
gündə çayda suyun səviyyəsi yüksələn
xətlə artmaqda davam edir. Bu isə bəndlərin yenidən
yarılacağı və daha çox ziyan dəyəcəyini
vəd edir.
Daşqınlarla
bağlı səslənmiş ilkin versiyaya görəsə,
İran İslam Respublikasına məxsus Xudafərin su
anbarının təmir-tikinti işləri üçün
boşaldılmasına görə daşqınlar oldu. İranın
Azərbaycan səfirliyinin əməkdaşı Əli Namədar
"Ayna"ya bildirib ki, deyilənlər yalandır. "Bu məsələ
ilə bağlı Azərbaycanın hökumət rəsmiləri
də, İran hökuməti də bəyanat yayıblar. Əslində
İran Azərbaycana kömək üçün su
anbarına daha çox su yığır. Anbar tam dolana kimi də
bu belə olacaq".
Hökumət
daşqının son günlər Qafqazda
yığmurların çox olması, yüksək
dağlıq bölgələrdə qarın əriməsi ilə
əsaslandırsalar da, parlamentin deputatı, Sabirabad rayonundan
seçilmiş Pənah Hüseyn hesab edir ki, "çay məmurların
məsuliyyətsizliyinə görə daşıb". O
deyir:
"Son 15 il ərzində
Kürün deltası təmizlənməyib, bənd tikilməyib.
Su dənizə axa bilmir, deltada suyun dərinliyi 25-30
santimetrdir. Lil suyun dənizə tökülən yolunu
bağlayıb. Su da harasa axmalıdı axı", - deyə
millət vəkili "Ayna"ya bildirir.
Belə ki, subasmanın
qarşısının alınması üçün
dövlət büdcəsindən 400 milyon manat (yarım
milyard dollar) da ayrılıb. Pənah Hüseynin fikrincə,
bu günə qədər əhaliyə azı 100 milyon manat
ziyan dəyib. Hələlik isə bu vəsaitdən heç
kimə kompensasiya verilmir. Kompensasiya barədə hələ
ki heç bir məlumat verilməyib. Kompensasiya məsələləri
ilə prezidentin mayın 19-da imzaladığı və bir aya
fəaliyyətə başlayacaq dövlət komissiyası məşğul
olacaq.
...Çaylarımız
ətrafa fəlakət saçmaqda davam etməkdədir. Mayın
20-dən 21-nə keçən gecə bəzi şimal
rayonlarında hava şəraiti dəyişib, dağlıq ərazilərdə
leysan xarakterli yağışlar yağıb. Nəticədə
Ataçayın Siyəzən ərazisindən keçən
hissəsində gursululuq yaranıb və sahil mühafizə bəndinin
bir hissəsi dağılıb, rayonun Böyük Həmyə
və Balaca Həmyə kəndlərində bəzi ərazilər
daşqın suları ilə dolma təhlükəsi ilə
üzləşib. Yağıntıların səbəb
olduğu sel nəticəsində Ataçay üzərindən
salınmış qaz boru xəttinin bir hissəsi
dağılıb. İnsan tələfatı və tikililərdə
dağıntı qeydə alınmayıb.
Görülmüş tədbirlər nəticəsində gecə
saatlarında bənd bərpa olunub. Yaranmış vəziyyətin
nəticələrinin aradan qaldırılması istiqamətində
aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər
davam etdirilir. Bu barədə "Turan" FHN-ə istinadən
məlumat yayıb.
Nazirliyin digər məlumatına
görəsə, mayın 21-də gecə saatlarında
Sarısu gölünün İmişli rayonu ərazisindən
keçən hissəsində sahil mühafizə bəndinin
bir hissəsi yuyulub. Nəticədə rayonun Allahmədətli
və Telişli kəndlərinin ətrafındakı bəzi
ərazilər daşqın suları ilə dolub. Daşqın
sularının törətdiyi fəsadların aradan
qaldırılması istiqamətində Fövqəladə
Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə
və texnikasının köməyi ilə həmin
dağılmış bəndlərdə bərpa və bərkitmə
işləri aparılır, müvafiq təhlükəsizlik
tədbirləri görülür.
Amma hidrometereoloqlar yenə
xəbərdarlıq edirlər - bu gün qərb
rayonlarında leysan yağış gözlənir...
İdrak
Bakı - Hacıqabul
- Şirvan - Sabirabad –
Bakı
Ayna.- 2010.- 22 may.- S.4.