3 yazarın kitabı işıq üzü görüb

 

Milli Kitab Mükafatının namizədlərinin kitabları pulsuz paylanacaq

 

Milli Kitab Mükafatının 10-luğuna düşmüş daha üç yazarın kitabı işıq üzü görüb. Nəriman Əbdülrəhmanlının "Yalqız" romanı, Əjdər Olun portret hekayələri və Rafiq Tağının hekayələr toplusu artıq nəfis tərtibatda oxucuların ixtiyarına verilib. Qeyd edək ki, kitablar "Standard Bank" ASC-nin sponsorluğu ilə nəşr olunub. Bankın İdarə Heyətinin sədri Səlim Krimanın sözlərinə görə, məqsəd Azərbaycan ədəbiyyatının inkişafına dəstək olmaqdır:

"Azərbaycanın dünyaya inteqrasiyasının tərkibini mədəniyyətimizin, ədəbiyyatımızın inkişafı təşkil edir. Geniş oxucu auditoriyası qazanacaq xeyli sayda çağdaş ədəbiyyat nümunələri var. Onların üzə çıxarılmasında Milli Kitab Mükafatının gördüyü işi yüksək dəyərləndirmək olar. Biz bu xoşməramlı layihəyə dəstək olmaqla Azərbaycan ədəbiyyatına öz töhfəmizi vermək istədik". MKM-in təsisçisi Nigar Köçərlinin bildirdiyinə görə, 10-luğa daxil olmuş bütün kitablar pulsuz şəkildə müxtəlif kitabxanalara paylanacaq, "Əli Nino" kitab mağazalarında, eləcə www.alinino.az ilk onlayn kitab mağazasında satışa çıxarılacaq. İstər bölgələrdə, istərsə xarici ölkələrdə yaşayan kitabsevərlər "Əli Nino" onlayn kitab mağazası vasitəsilə həmin kitabları əldə edə biləcəklər. Bundan başqa, kitablar dünya kitab sərgilərinə göndəriləcək. Qeyd edək ki, ötən gün "Əli Nino" kafesində hər üç müəllifin kitablarının təqdimatı keçirilib.

 

 

Şəms

 

Ayna.- 2010.- 22 may.- S.19.