Həmidə Ömərova:
"Çoxseriyalı filmlərə
ehtiyac var"
Aktrisa hesab
edir ki, aktyorların imkanlarını
açmaq lazımdır
Son illər filmlərə
çəkilmədiyinin səbəbindən danışan
kinoşünas, xalq artisti Həmidə Ömərova qəzetimizə
belə bir açıqlama verdi. Filmə çəkilmədiyini
şəxsi yox, bütün Azərbaycan kinosunu əhatə
edən problem hesab edən aktrisa deyir ki, filmlərdə məşhur
aktyorlar və aktrisalar çəkilməlidir:
"Amma
bu, hamıya qismət olmur. Bəzən elə filmlər olub ki, çəkilmək istəmişəm, ancaq məni dəvət etməyiblər. Amma film hazır olduqdan və ona baxdıqdan
sonra orada çəkilmədiyimə sevinmişəm.
Bunun bir çox səbəbləri
var".
Aktrisa əlavə
edir ki, hər hansı bir filmin uğursuz
alınmasında yalnız
bir aktyoru, yaxud təkcə rejissoru, operatoru günahlandırmaq düzgün
deyil. Çünki bu, kollektiv əməyin
məhsuludur və filmin uğurlu, yaxud uğursuz alınmasında da hər kəsin öz rolu olur.
Son illər ekranlaşdırılan
filmlər barədə
mövqeyini bildirən
Həmidə Ömərova:
"Əslində son iki
ildə çəkilmiş
filmlərin, demək olar, çoxuna baxmamışam. Yalnız
festivallar çərçivəsində
nümayiş olunan filmləri izləmişəm.
Arzu edərdim ki, milli kinomuz
həm keyfiyyət, həm də kəmiyyət baxımından
daha da inkişaf
etsin. Mənə elə gəlir ki, son 2-3 ildə Azərbaycanda doğrudan da maraqlı filmlər çəkilməkdədir.
Artıq bu sahənin inkişafı üçün bir çox işlər görülür. Amma bu, qısa zamanda
nəticəsini verə
bilməz, gözləmək
lazımdır", - deyə
bildirdi. Çoxseriyalı
filmlərə ehtiyac yarandığını söyləyən
Həmidə xanım
eyni zamanda bunları söylədi:
"Biz filmləri
yeni dublyaj etməyə başladıqda
tamaşaçılar buna
alışa bilmirdilər.
Amma indi dublyaj olunmuş filmləri hamı izləyir. Serial istehsalında
da inkişaf əldə etmək üçün mütləq
serialların çəkilməsi
lazımdır. Bu, həm
də aktyorlarımız
üçün çox
vacibdir. Hər bir aktyorun iç
dünyasını, onun
istedadını açmaq
üçün serialın
imkanları daha genişdir. Dünya kinosunda da belə
nümunələr çox
olub: dramatik, faciəvi obrazlar yaradan bir aktyor
birdən-birə serialda
komik bir rola çəkilir və tamaşaçılar
onun tam fərqli tərəflərini kəşf
edirlər. Yəni aktyor istedadını hərtərəfli açmaq
üçün seriallar
çox kömək edə bilər. Ümid edirəm ki, tezliklə Azərbaycanda da yüksək keyfiyyətli,
baxımlı seriallar
istehsal olunacaq. Bu isə milli kinomuzun dirçəlməsində
önəmli rol oynaya bilər".
Xatun
Ayna.- 2010.- 22
may.- S.18.