Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"

 

  Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, fortepiano kafedrasının professoru Yeganə Axundovanın milli musiqimizin inkişafında xidmətləri olmuşdur. Hisslərinin dərinliyini və istedadını anlamaq üçün onun "Mi rarty" kompoziyasını dinləmək kifayət edər. O, dəfələrlə dünya klassikləri ilə bir səhnəni bölüşmüşdür. Yeganə xanım yalnız istedadlı musiqiçi deyil, həm də gözəl ana və həyat yoldaşıdır. Həyat yoldaşı, əməkdar incəsənət xadimi Nadir Axundov hər zaman onu dəstəkləmiş və Yeganə xanımın bir nömrəli dinləyicisi və tamaşaçısı olmuşdur. Ola bilər ki, Yeganə xanımın da həyatında qəmgin anları olub, ancaq o, hər zaman ətrafında olanları sevindirib, onlara xoş əhval-ruhiyyə bəxş etmişdir.

- Yeganə xanım, bilirik ki, 22 may ad gününüzdür. Sizi təbrik edir və uzun ömür, sevinc dolu günlər və uğurlar arzu edirik. Yubileyinizi xüsusi bir şəkildə qeyd etməyi fikirləşirsinizmi? Məsələn, həmin gün konsert verməyi?

- Təşəkkür edirəm təbriklərə görə. Bəli, fikirləşirəm, amma həmin gün deyil. Mayın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə S.Raxmaninovun Paqanini mövzusunda rapsodiyasını ifa edəcəm. Orkestrə dünya şöhrətli dirijor və skripkaçı Slomo Mints rəhbərlik edəcək.

- Sonuncu səfərinizdən nə danışa bilərsiniz?

- İspaniyanın Palma de Malyorka şəhərində 14-cü Beynəlxalq festivalda Azərbaycanın klassik və milli musiqisinə həsr edilmiş konsert təqdim olundu. Həmin konsertdə mən Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Vaqif Mustafazadə və başqa bəstəkarların əsərlərini ifa etdim. Avqustda mən Niaqara musiqi festivalına dəvət almışam. Qeyd edim ki, bu festivalın birində mən artıq iştirak edib "Niaqaranın qızıl muzası" mükafatına layiq görülmüşəm.

- Dünyanın bir çox ölkələrində çıxış etmisiniz. Maraqlıdır, hansı ölkənin tamaşaçısı sizin daha çox ürəyinizə yatdı və yadda qaldı?

- Mənim Budapeştdə Dünya Filarmoniyasının Simfonik Orkestri ilə konsert daha çox yadımda qaldı. Orkestrə Yaponiyadan olan N.Nakata rəhbərlik edirdi. Məni həmin konsertdə düz yeddi dəfə səhnəyə dəvət etdilər, bu çıxışlarımdan üçünü isə mən "nabis" ifa edərək tamaşaçıların gurultulu alqışlarının müşayiəti ilə səhnəni tərk etdim.

- Gənc pianoçularımızdan razısınızmı?

- Tamamilə. Bu gün gənc ifaçıların imkanları kifayət qədər genişdir. Lakin, çox təəssüflər olsun ki, indiki musiqiçilərin bəzi dəyərlərə baxışları dəyişib. Bu bəlkə də zamanın tələbidir... Lakin mən optimistəm və hər zaman hər şeydə bir müsbət tərəf tapa bilirəm.

- Maraqlıdır, davamçınız varmı?

- Hələ ki yoxdur.

- Sizin ifalarınız qəlbləri fəth edir və bu gün efirlərdə səslənən bir çox mahnılardan fərqlənir. Yeni mahnılar bəstələməyə vaxtınız çatırmı?

- Çox az mahnı bəstələyə bilirəm. Ad günümdə konsertimdən başqa, valideynlərə həsr etdiyim bir mahnım da var. Bu mahnıya klipmeyker Fuad Əlişov tərəfindən musiqili çarx çəkilib.

- Ad gününüzdə nə arzulamaq istərdiniz?

- Doğma Vətənimin çiçəklənməsini və əlbəttə ki, yaxınlarıma xoşbəxtlik arzu edirəm. Özümə isə hər zaman sevilməyi və gözəl qalmağı arzulayıram. Belə olan halda yaradıcılığım da tam dolğun həyat yaşayar. Bir qadın bundan artıq nə arzulaya bilər ki...

 

 

Sevinc İsmayıl  

 

Ayna.- 2010.- 22 may.- S.19.