Məlahət Abbasova festivala dəvət alıb
Azərbaycanlı aktrisa Belqradda teatr tədbirinə qatılacaq
Türkiyədə
çəkilən və azərbaycanlı aktrisa Məlahət
Abbasovanın da oynadığı "1001 gecə"
serialının Balkan ölkələrində və
Yunanıstanda nümayişinə başlanıb. Bu barədə
məlumat verən Məlahət Abbasova Mehriban obrazını
canlandırdığı bu serialda oynadığı rolun
çox sevildiyini deyib:
"Bu serial
bütün ərəb dünyasında göstərilir. Hazırda
da Balkan ölkələri və Yunanıstanda nümayişinə
başlanıb. Oynadığım Mehriban obrazını
çox sevirlər və məhz bunun üçün Dubayda
keçirilən mərasimə dəvət edildim və orada
çox böyük bir sevgi ilə qarşılandım".
M.Abbasova Dubayda beynəlxalq
turizm sərgisinin açılışında iştirak
etdiyini də söyləyib:
"Bu sərgidə
ölkəmizi təmsil edən Azərbaycan Hava
Yollarının stendini görəndə bütün
dünyalar mənim oldu. Onların yanına getdim və məni
gördüklərində çox sevindilər. Çox
gözəl söhbətlərimiz oldu, xatirə şəkilləri
çəkdirdik".
Dubaydan qayıtdıqdan
sonra isə azərbaycanlı aktrisa ikinci rejissoru olduğu
"İntiharın əsas məşqi"
tamaşasının nümayişi üçün Belqradda
keçiriləcək beynəlxalq teatr festivalına dəvət
aldığını öyrənib:
"Bu festival çərçivəsində
mayın 31-də Belqradda tamaşamız nümayiş olunacaq.
İyul və avqust ayında isə "Dünyanın
ortasında bir yer" adlı tamaşamız Albaniya və
Makedoniyada keçiriləcək beynəlxalq teatr
festivalında oynanılacaq".
Məlahət Abbasova
bildirib ki, teatrda onun təklifi əsasında "Dədə
Qorqud" dastanı əsasında tamaşanın səhnələşdirilməsi
də nəzərdə tutulur.
Şəms
Ayna.- 2010.- 22 may.- S.20.