Təhsil desantı Azərbaycanda
Ukrayna bizim gənclərə öz ali məktəblərini
təklif edir
Ukraynanın
aparıcı ali məktəblərini təmsil edən
sanballı bir heyət Azərbaycandadır. Onlar paytaxtın
orta məktəblərində olmuş, məzunlar və
onların valideynləri ilə görüşlər
keçirmiş, təmsil etdikləri ali məktəblərin,
eləcə də Ukraynada ali təhsil almağın
üstünlüklərindən danışmış və
onları ali təhsil üçün məhz Ukraynaya dəvət
etmişlər. Onlar Bakıdan şimal rayonlarımıza
yollanacaq, bir sıra məktəblərdə olacaqlar.
Bakıda təşkil etdikləri mətbuat konfransında da
bu məsələlərdən danışdılar və
yerli jurnalistlərin suallarına cavab verdilər.
Ukraynalı ali təhsil
təşkilatçılarının bu təklifləri məndə
o mənada maraq oyatdı ki, azərbaycanlıların Avropa
tipli ali təhsil almış ziyalılarının ilk dəstəsində
Kiyev, Xarkov, Odessa universitetlərinin payı böyük idi. Hələ
XIX yüzildə bu üç ali məktəb Azərbaycan
türkləri arasında hörmətli sayılırdı və
onlarda oxumaq istəyənlərin sayı Moskva və
Sankt-Peterburq universitetlərində oxumaq istəyənlərdən
az deyildi. Bu istək keçən yüzilin 70-80-ci illərində
özəlliklə güclü idi və Ukrayna ali məktəblərində
azərbaycanlı gənclərin böyük bir kontingenti təhsil
almış və qayıdaraq respublikada sanballı vəzifələr
tutmuşdular.
Beləliklə, Tatyana
Tabenskaya - Taras Şevçenko adına Kiyev Milli Universiteti
hazırlıq fakültəsinin dekanı mətbuat
konfransında danışdı ki, onların universiteti
keçən il 175 illiyini qeyd edib və "Kompas-2009"
ümummilli reytinqinin nəticələrinə görə
ölkə ali məktəbləri arasında birinci yeri tutur. Bu
gün üçün Taras Şevçenko adına Kiyev
Milli Universiteti çoxsahəli tədris elmi-tədqiqat
kompleksi olmaqla, institutları və fakültələri
özündə birləşdirir. Bu ali məktəbdə 25
min tələbə oxuyur.
Tatyana Tabenskaya
xatırlatdı ki, Taras Şevçenko adına Kiyev Milli
Universitetinin bir çox azərbaycanlı məzunları bu
gün ölkə rəhbərliyinizdə yüksək vəzifələr
tuturlar, məsələn, xarici işlər naziri Elmar Məmmədyarov,
onun müavini Xələf Xələfov, maliyyə naziri Samir
Şərifov, parlamentin deputatı Rüfət Quliyev və b.
Bəlli olur ki, bu gün də universitet azərbaycanlı gənclər
arasında mötəbərdir - orada hazırda Azərbaycanın
40-a yaxın vətəndaşı təhsil alır.
Dekan inandırır ki,
universitetdə tələbələr üçün
çox gözəl şərait yaradılıb, istəyənlər
yataqxana ilə təmin olunurlar. Öz istəklərincə
rus, ukrayna və ingilis dillərində təhsil almaq imkanı
var. Hazırlıq fakültəsini bitirən əcnəbilərə
(123 ölkədən!) verilən şəhadətnamə əsasında
onlar Ukraynanın hər hansı ali məktəbinə qəbul
olunmaq imkanı əldə edirlər. Ukrayna Bolonya prosesinin
tamhüquqlu iştirakçısı olduğundan universitetin
məzunlarına Avropa standartına uyğun diplomlar verilir və
bu diplomlar bütün ölkələrdə tanınır.
Xaricdən cəlb edilən
tələbələr bu gün inkişaf etmiş bir
çox dövlətlər üçün sanballı əlavə
gəlir mənbəyidir və Ukraynanın öz potensialı
ilə beynəlxalq təhsil bazarında öz yerini tutmağa
çalışması təbii görünməlidir. Ukrayna
Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycandakı
təmsilçisi Aydın Novruzovun gətirdiyi rəqəmə
görə, bu gün Ukrayna ali məktəblərində Azərbaycandan
gəlmiş 2 mindən çox tələbə oxuyur. Aydın
Novruzov bunun səbəblərini belə izah edir: "Birincisi,
Ukrayna ali məktəbləri Qərb təhsilindən
heç də geri qalmayan yüksək keyfiyyətli təhsil
verir, bu ölkədə təhsil haqqı nisbətən
aşağıdır. İkincisi, ölkədə
yaşayış minimumu münasibdir.
Bundan başqa, Ukrayna
ksenofobiyadan uzaq bir ölkədir, sadə ukraynalılar azərbaycanlılara
xoş münasibət göstərirlər. Ukraynaya təhsilə
yollanan tələbəyə görə valideyni nigaranlıq
keçirmir".
Ukrayna Təhsil və
Elm Nazirliyi Dövlət Beynəlxalq Təhsil Mərkəzinin
direktoru Vyaçeslav Timoxin isə öz növbəsində
bildirir ki, bu gün Ukraynada bir neçə yüz ali məktəb
fəaliyyət göstərir. Onlardan yalnız 90-ı milli universitet statusuna malikdir. Bu status universitetlərə
ölkə prezidentinin
xüsusi fərmanı
ilə verilir.
150 illik tarixi olan Odessa Milli Dənizçilik Universitetinin beynəlxalq əməkdaşlıq departamentinin
rəisi Svetlana Qlovatskaya
da öz ali məktəbindən
danışdı. Əgər
xatırlayırıqsa, 70-90-cı illərdə bu ali məktəbin
Bakıda filialı vardı və o, azərbaycanlılara yaxşı
tanışdır. Bu universitetin
su-nəqliyyat və şelf qurğuları fakültəsinin yaradıcıları
arasında bizim məşhur həmyerlimiz,
professor Fuad Məsim oğlu Şıxıyev də
var.
Qorki adına Donetsk Milli Tibb Universitetini
təmsil edən Yelena Heydərova və Yevgeni Rojdestvenski, Xarkov Milli Radio-Elektronika Universitetini təmsil edən həmyerlimiz Marad Ənvəroviç Omarov da öz
ali məktəblərinin
cəlbedici işlərindən
danışdılar. Bu ali məktəblərdə
ən müxtəlif ali məktəblərdən
çoxlu tələbənin
təhsil aldığını
və Donetsk-Bakı aviareysinin olduğunu da xatırlatmağı unutmadılar.
Bəlli olur ki, xarici ölkələrdən
Ukrayna ali
məktəblərinə qəbulun
qaydası - müsahibədir.
Onun dilləri bilmə səviyyəsindən asılı
olaraq hazırlıq kursu keçməsinə şərait yaradılır.
Təhsil haqqı isə
dövlət tərəfindən
ciddi surətdə tənzimlənir. Məsələn,
texniki fakültələrdə
təhsil haqqı
1200-2000, humanitar fakültələrdə
2700-3000, tibb fakültələrində
3000-4000 dollar arasındadır. Tələbənin yataqxana haqqı
aylıq 25-50 dollar təşkil
edir. Ayda 200 dollara rahat
yaşaya bilər.
...Günümüzdə
dünyanın təhsil
xidməti bazarında
ciddi rəqabət var, bu xidmət
bir çox ölkələrə böyük
gəlir gətirir. İşini
optimal quran ölkələr
müvəffəq olur.
Ukraynalı təhsil işçiləri
artıq bizim ölkədədirlər və
xidmətlərini təklif
edirlər. Təsəvvür
edək ki, Azərbaycanın ali təhsil işçiləri Ukraynaya
gediblər və o ölkədən tələbə
dəvət edirlər...
Ukraynalı qonaqlara gəldikdə,
onlar buradakı görüşlərindən belə
nəticə çıxarıblar
ki, Azərbaycandan böyük tələbə
kütləsi cəlb
edə bilərlər.
Buna onların şansı
da yox deyil:
bizim ali
məktəblərdə baş
verən neqativlər bir çox gəncin üzünü başqa ölkələrin
ali məktəblərinə
çevirməsinə səbəb
olur. Üstəlik də ölkəmizin əhalisində dost Ukraynanın
müsbət imici var.
Niyə də ora yollanmasınlar ki...
İsmayıl Umudlu
Ayna.- 2010.- 28 may.- S.18.