"İndiki bəstələrdə milli ab-hava duyulmur"

 

Natəvan Şeyxova hesab edir ki, dirçəlişə sanballı əsərlərlə nail olmaq olar

 

Estrada sənətində vaxtilə sözünü demiş xalq artisti Natəvan Şeyxova "Ayna"ya maraqlı açıqlamalar verdi. O, gənc müğənnilərin əksəriyyətinin retro mahnılara qayıdışının səbəbini açıqlayarkən bunları dedi:

"Ona görə ki, həmin mahnılarda melodiya, fikir var. Amma estrada sənətinin indiki durumu məni çox narahat edir. Sənət deformasiyaya uğrayıb. Bəstələrdə millilik ab-havası duyulmur. Avropaya söykənmək yaxşı göstərici ola bilər. Amma zəngin keçmişi olan bir dövlətdə yanlış ünvan seçmək tarixi danmaq kimi bir şeydir. Son illər muğamla dünya səhnələrinə çıxa bilmişik. Amma estrada sənətində ciddi irəliləyiş edə bilməmişik. Gün-gündən yadlaşır, keçmişimizdən uzaqlaşırıq. Vaxtı ilə bu gün "retro" dediyimiz mahnılar yazılmasaydı, bəlkə durum bundan da acınacaqlı ola bilərdi".

Natəvan xanım düşünür ki, estrada sənətində dirçəlişə bəstəkarların sanballı əsərləri ilə nail olmaq olar:

"Bu gün Gövhər Həsənzadə, Eldar Mansurov kimi yaxşı bəstəkarlar var. Gənclər onlardan bəhrələnə bacarıqlarını dünya səhnələrində nümayiş etdirə bilərlər".

Qeyd edək ki, ölkədə bir-birinin ardınca keçirilən estrada müsabiqələri barədə peşəkarlar birmənalı fikir söyləmirlər. Natəvan Şeyxova hesab edir ki, bu cür yarışmalar sənətin inkişafına təsir göstərə bilmir:

"Efirlər daha çox SMS-li yarışlara xidmət göstərir. Əgər hansısa bir müsabiqədə qeyri-peşəkar yanaşması rol oynayırsa, burada inkişafdan söhbət gedə bilməz. Dəfələrlə rast gəldiyim hadisəni diqqətinizə çatdırım. Bir istedadlı uşaq ondan bir qədər zəif səs imkanlarına malik həmkarı ilə efirdə yarışır. Amma SMS göstəriciləri o birisindən qat-qat zəif olur beləliklə, istedadsız qalib gəlir. Bu, istedadlı iştirakçını həvəsdən salır, onu böyük səhnələrə ruhlandırmır. İstedadlı gənclərə bu cür yanaşmaq olmaz".

Bir müddət əvvəl "Bakı gecələri" adlı estrada müsabiqəsində münsiflər heyətində təmsil olunduğunu deyən Natəvan xanım hesab edir ki, gənclər birbaşa peşəkarların rəyi əsasında seçilməlidir:

"Əvvəllər belə müsabiqələr özfəaliyyət dərnəkləri, yaxud təşkilatlar tərəfindən keçirilirdi. Gənclərin taleyi birbaşa münsiflərin qərarından asılı idi. Özünə, səs imkanlarına güvənməyən iştirakçı müsabiqəyə qatılmırdı. Lakin indi puluna bir balaca da səsinə güvənən müğənni estrada müsabiqəsinə üz tutur. Çünki bilir ki, qalib olmağın yeganə yolu var, bu da qeyd etdiyim kimi - SMS-lərdir".

 

 

Şəms 

 

Ayna.- 2010.- 28 may.- S.19.