"Gənclərin musiqiyə münasibəti dəyişib"

 

Amma az məşq edirlər

 

"Notu əzbərləyib çalmaq olar. Amma mən bu qənaətdəyəm ki, gərək ifaçının ürəyi, dəst-xətti, yaradıcılıq yolu olsun. Bunlar olmayanda hər şey süni görünür". Xalq artisti, tarzən Firuz Əliyev bu qənaətdədir. Onun sözlərinə görə, tar sənəti çox çətindir. Ona görə də tarzən həmişə məşq etməlidir. "İfa etməyən adam tarı sinəsində bir dəqiqədən artıq saxlaya bilməz. İfaçılıq hər bir ifaçının özündən asılıdır. Səhnəyə çıxanda hər bir ifaçı həyəcan keçirir. Nə qədər peşəkar olsan da, "birdən alınmaz" deyə düşünürsən. Amma inanın ki, tarı çalmağa başlayanda hər şey yadımdan çıxır. Canımın ağrısını da hiss etmirəm. Hər muğamı çalanda istər-istəməz o aləmə qapılırsan, dünyanı, ətrafda baş verənlərin hamısını unudursan", - deyə F.Əliyev bildirdi.

Tarzən etiraf edir ki, bu günə qədər həyatda nail olduqlarına görə tara borcludur. Hazırda özünü alətsiz təsəvvür belə etməyən Firuz Əliyev iddia edir ki, hətta bütün ağrı-acılarını da tarla müalicə edir. Çünki o, tarı əlinə alan kimi, dünyanın bütün dərdlərini unudur.

Söhbət əsnasında öyrəndik ki, xalq artistinin televiziyanın, radionun fondunda lent yazıları saxlanıb.

Vaxtilə ifa etdiyi muğamları dinləyəndə ifaçı yeni əsərləri yazdırmaq barədə düşünür. Dediyinə görə, reklam olunmağı sevməsə də, ifalarının musiqi tarixində qalacağı fikri onu bu işə həvəsləndirir. Onu da qeyd edək ki, Firuz Əliyev vaxtilə Hacıbaba Hüseynovu və Yaqub Məmmədovu müşayiət edib. Hazırda isə Ağaxan Abdullayev, Alim Qasımov, Arif Babayev, Zabit Nəbizadəni müşayiət edən tarzən bu qənaətdədir ki, indi müşayiət olunmalı xanəndələr azdır.

Xanəndələrlə işbirliyini davam etdirən tarzən həm də pedaqoji fəaliyyətlə məşğuldur. Firuz Əliyev söyləyir ki, ötənlərdən fərqli olaraq hazırda musiqiyə münasibət dəyişib. O özünün tələbəlik illəri ilə indi dərs dediyi gənc ifaçıları müqayisə edir: "İnanırsınızmı, o vaxt dərsdən çıxanda vaxtın hədər getməməsi üçün taksiyə minib evə çatmaq istəyirdim. Yolboyu evə çatıb yenə ifa etmək barədə düşünürdüm. İndikilər az məşğul olurlar. Gözəl sənətkarımız Ramiz Quliyev indi də tarı əlindən qoymur. O bütün əsərləri çalır, amma indi də tələbədir. Tarı əlindən qoysa, o sayaq ifaçılığı saxlaya bilməz".

Müsahibim hesab edir ki, ifaçılıq yüksək səviyyədə olarsa, tarı nəinki bizlərə, həm də xaricilərə sevdirmək mümkün olar. Firuz Əliyev etiraf edir ki, qürbətdə xalq musiqisini ifa etməkdən, əcnəbilərin qarşısında çıxış etməkdən zövq alır. Müsahibim əminliklə deyir ki, xarici ölkələrdə verilən konsertlərdə muğamları çox diqqətlə dinləyirlər. "Hətta zalda milçək uçsa, səsi eşidilər. Muğam qurtarandan sonra çox vaxt əl çalmaq da yadlarından çıxır. Məsələn, Braziliyaya gedib-gələn sənətçilər yoxdur. Orada Azərbaycanı tanımırlar. Biz Braziliyaya Alim Qasımovla getmişdik. Əvvəlcə bizə təəccüblə baxırdılar. Çıxışlarımızdan sonra hamı "Azərbaycan", "Alim" deyə qışqırırdı. Məəttəl qaldıq. Ona görə də deyirlər ki, musiqinin dili yoxdur. Bizim muğam elədir ki, hər millətin qəlbinə yol tapır. Eləcə də Mənsum İbrahimov, Munis Şərifovla Kanadaya, Habil Əliyev və Aygün Bayramova ilə Afinaya sənət səfərlərimiz də çox yüksək səviyyədə keçib", - deyə tarzən söylədi.

Müsahibimin dediklərindən bəlli oldu ki, o, musiqimizi sevənlərə tarı öyrətməyə hazırdır. Milliyyətindən asılı olmayaraq. Söhbət əsnasında öyrəndik ki, tarzən amerikalı muğamsevər Ceffriyə muğam çalmağı öyrədib: "Bir dəfə Arif Babayevlə Amerikaya gedəndə, Ceffri aeroportda yaxınlaşıb "tarı çıxar, bəzi xırdalıqları da öyrət mənə", - deyə xahiş etdi. Aeroportda iki qadın da çalmağımıza baxıb kövrəlirdilər. Yalvardılar ki, "sən Allah, daha bir mahnı çal". Sən demə, onlar azərbaycanlı imişlər. Ceffri də "sizin üçün çalmağa gəlib, mənə dərs keçir" dedi. Yəni musiqimizi sevənlərə nəinki konsert salonlarında, digər yerlərdə də rast gəlmək olar".

Tarzən etiraf edir ki, muğamı belə çox sevənlərə Bakıda da rast gəlmək olur. Bir sözlə, muğamın hər yerdə xiridarı var. Bir az keçən kimi insanlar özləri bu musiqiyə "acırlar": "Bizim kökümüz muğam üstündədir. Ona görə də bu musiqilər itə bilməz".

 

 

Xatun 

 

Ayna.- 2010.- 6 noyabr.- S.20.