"Harda Azərbaycan
xalçası var, bu
mahnı orada səslənəcək"
Yeni nəğmə
üç xalq artistinin ifasında
Milli-maddi sərvətlərimizin ön
sırasında yer tutan xalçalarımız
haqqında nəğmə
yaranıb. Mahnının söz müəllifi
əməkdar incəsənət
xadimi Baba Vəziroğludur,
musiqisi isə Kamal müəllimə aiddir. Xəbəri təfərrüatı ilə açıqlayan B.Vəziroğlu onun 3 xalq artisti tərəfindən
ifa edildiyini söylədi. Bu sənətçilər Nəzakət
Teymurova, Aygün Bayramova və Mənsum İbrahimovdur.
Şair ideyanın tarixçəsindən söz
açdı:
"İdeya dünyada peşəkar xalça mütəxəssislərindən biri hesab edilən
"Azərilmə" MMC-nin rəhbəri Vidadi Məmmədovla tanışlığımızdan sonra yarandı. Azərbaycanın maddi incilərini özündə tərənnüm
edən musiqi və mətnlər çoxdur. Bu mövzuda nəğmə
isə bizim tərəfimizdən yarandı.
Mahnının musiqisi xalq mahnısı üslubunda Kamal müəllim tərəfindən yazılıb.
İfaçılar da bu üslubu izləyirlər.
Kiçik musiqili əsər
bu dəyərli incinin tarixini, fəlsəfəsini, gözəlliyini,
yarandığı bölgələri,
dünya şöhrətini
"Azərbaycan xalçası"
adı ilə əks etdirəcək".
Əməkdar incəsənət xadiminin
söylədiyinə görə,
aranjiman işi Osmana məxsus olan mahnı artıq studiya həllini geridə buraxıb. Yaxın günlərin birində
isə peşəkar heyətin iştirakı ilə mahnıya klip çəkiləcək.
Qeyd edək ki, yaradıcı
heyətin rəhbəri
Elçin Əlibəyli,
klipin rejissoru isə Günel Şakirdir. B.Vəziroğlu
sonda xüsusi olaraq vurğuladı:
"Harda Azərbaycan
xalçası var, bu mahnı orada
səslənəcək".
Z.Rəhimqızı
Ayna.- 2010.- 6 noyabr.- S.20.