Əfsər Cavanşirovla Müslüm Maqomayev yad edildi

 

Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun 80 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib. İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bəstəkarın həyat yaradıcılığından danışıb.

"Füzuli rayonunun Horadiz kəndində doğulan Əfsər Cavanşirov 1948-ci ildə orta məktəbi 2 saylı uşaq musiqi məktəbini bitirdikdən sonra Bakı Musiqi Texnikumuna daxil olub. 1952-ci ildə texnikumu tamamlayıb. Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olub. 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirib. Elə həmin il radionun "Bənövşə" uşaq xorunun rəqs ansamblının bədii rəhbəri olub. Bu illər ərzində "Bənövşə" uşaq xorunda Xuraman Qasımova, Flora Kərimova, Mələkxanım Eyyubova, Firuzə İbadova, Azərin kimi neçə-neçə istedadlı vokalçılar xanəndələr yetişib. Məhz buna görə Əfsər müəllimi elə gəncliyindən "uşaqların maestrosu" adlandırırdılar".

Toplantı iştirakçıları "Bənövşə" uşaq xorunun ifasında bəstəkarın "Mübarək", "Heydər babamız", "Oyun oyuncaqlarım", "Qurban olum", "Olmasın" kimi mahnılarını dinləyiblər.

Bəstəkarlar İttifaqının daha bir xatirə toplantısı Müslüm Maqomayevə həsr edilib. Azərbaycan peşəkar musiqisinin banilərindən olan görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfransı açan Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından, onun milli musiqimizdəki müstəsna xidmətlərindən söhbət açıb:

"Biz hər il Milli Musiqi Günündə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli ilə yanaşı, Müslüm Maqomayevin doğum gününü qeyd edirik. Bu il hər iki bəstəkarın 125 illiyi dövlət səviyyəsində qeyd olundu. Bu münasibətlə ölkədə Beynəlxalq Musiqi Festivalında Müslüm Maqomayevin əsərləri ifa olundu. Sanki tale bu iki insanı doğulan gündən əbədi dostluq telləri ilə bağlayıb. Üzeyir Sankt-Peterburqda oxuduğu illərdən məhz Müslüm Maqomayevə arxalanıb, ondan kömək umub. Bunu biz Üzeyir bəyin vaxtilə ona yazdığı məktublardan yaxşı bilirik. Belə rəqabətdən uzaq, səmimi dostluq münasibətləri yaradıcı insanlar arasında nadir hallarda olub. Hər ikisi Azərbaycan mədəniyyətinin böyük sərvəti idilər. Azərbaycanda musiqi kollektivlərinin yaranmasında Müslüm Maqomayevin böyük rolu olub. Opera Balet Teatrına radionun musiqi şöbəsinə rəhbərlik etməsi onun böyük təşkilatçılıq qabiliyyətindən xəbər verir. Bir bəstəkar kimi musiqidə bir çox "ilk"lərə imza atıb: simfonik orkestr üçün ilk "Azərbaycan çöllərində" əsərini bəstələyib. Bizdə ilk dəfə sırf klassik opera ənənələrinə söykənən "Nərgiz" operasını yazıb. Təəssüf ki, bu gün belə bir möhtəşəm opera səhnəyə qoyulmur. Hər halda, üzərində redaktələr etməklə, librettosunu tamam dəyişməklə onu yenidən səhnəyə qaytarmaq olar".

Xalq artisti, professor Ramiz Zöhrabovzeyir Hacıbəyli və Müslüm Maqomayev məsləkdaşları" mövzusunda məruzə edərək bu iki dahi sənətkar arasındakı dostluq və yaradıcılıq əlaqələrindən geniş söhbət açıb. Sənətşünas Lalə Hüseynova "Şah İsmayıl"dan "Nərgiz" operasına aparan yollar" mövzusunda məruzə ilə çıxış edib. Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zemfira Qafarova Müslüm Maqomayevin musiqi-ictimai fəaliyyəti, sənətşünas Səadət Səfərova "Müslüm Maqomayevin yaradıcılıq irsi tarixi sənədlərdə və arxiv materiallarında", sənətşünas Ülkər Talıbzadə "Müslüm Maqomayevin vokal yaradıcılığında musiqi ilə poeziyanın obraz uyğunluğu" mövzusunda məruzələrlə çıxış ediblər. Sonda gənc vokalçı Aygün Zeynalovanın ifasında "Nərgiz" operasından ariyaları dinlənildi.

 

 

 Z.Rəhimqızı 

 

Ayna.- 2010.- 13 noyabr.- S.20.