Xanəndə Çita
müsabiqəsinin laureatı oldu
Babək Niftəliyev musiqi sənətimizi uğurla təmsil
edib
Bu günlərdə
Rusiyada professor Nikolay Budaşkin adına xalq çalğı
alətləri orketstrləri və ansambllarının
dördüncü beynəlxalq müsabiqəsi keçirilib.
1976-cı ildən başlayaraq keçirilən bu sənət
bayramı orkestr və milli musiqi alətləri
yarışması şəklindədir. Bu il Çita vilayətində
təşkil olunan müsabiqədə dünyanın bir
çox ölkələrindən - Çin, Belarus, Monqolustan,
Yaponiya, Azərbaycan, eləcə də Rusiyanın bəzi əyalətlərindən
musiqiçilər - 900-dən çox iştirakçı
vardı. Münsiflər heyətinə Rusiyanın xalq artisti,
Novosibirsk Filarmoniyasının baş dirijoru Vladimir Qusev
başçılıq edib. Ölkəmizi bu müsabiqədə
gənc xanəndə, Birinci Respublika Muğam müsabiqəsinin
qalibi Babək Niftəliyev təmsil edib. Babək Niftəliyevin
bildirdiyinə görə, Azərbaycan müsabiqədə
uğurlu çıxış edib. Tarzən Ədalət
Behbudov və kamança ifaçısı Pərviz Fərəhovun
müşayiəti ilə çıxış edən Babək
Niftəliyev muğam, təsnif və xalq
mahnılarımızı ifa edib. Müsabiqənin laureatı
olan Babək Niftəliyev orada iştirak edən bir çox
millətlərin, əsasən də, yaponların Azərbaycan
muğamına böyük maraq göstərdiyini bildirib.
Yaponiyalı musiqiçilər Azərbaycan
muğamının, xüsusən də dünya şöhrətli
Alim Qasımovun sənətinin vurğunu olduqlarını
söyləmişlər.
Ayna.- 2010.- 19 noyabr.- S.19.