"Muğamı anlamaq üçün Azərbaycanda doğulmaq gərəkdir"

 

Aqşin Əlizadə bu qənaətdədir

 

"Bu gün əsas çalışanlar yaşlı nəsil bəstəkarlardır. Ballada əsərlərin yaranması çox çətin olur. Bu o demək deyil ki, hamı gərək bir üsulla yazsın. İstedad hər yerdə bilinir. Mənə elə gəlir ki, çox adamlar reklamla, özlərini tərifləməklə məşğul olur, amma əslində sənət ciddi yanaşma tələb edir. Fəxri adlar, mükafatlar üçün yazmaq yox, axtarışda olmaq lazımdır. Biz musiqiyə belə gəlmişik. Bizim müəllimlər sənətə belə gəlib. Məni heç zaman müəllimlərim, tələbələrim tərifləyib. Söhbət sənətə ciddi yanaşmadan gedir. Bu o demək deyil ki, bizim istedadlarımız tükənib. Bəzi adamlar özlərini reklam etməklə məşğuldur. Amma musiqi ilə biznes tutmur", - bu sözləri xalq artisti, bəstəkar Aqşin Əlizadə müsahibəsində dedi. Özündən bəzi misallar çəkən bəstəkar daha sonra sözünə davam etdi:

"Gənc yaşda olanda mənim özümün ciddi problemlərim olub. Müalicəyə ehtiyacım olub.

Bilirəm ki, mənim yoldaşlarım da belə problemlərlə üzləşiblər. Amma bütün bunlar bizim yaradıcılığımıza mane olmayıb ki. Digər tərəfdən, bəstəkarın qocası, cavanı olmaz. Bəstəkar ya olur, ya da olmur. Məsələn, Asəf Zeynallı 22, Şubert 32 yaş yaşayıb. Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev ən görkəmli əsərlərini 30 yaşına kimi yazıblar. Yəni bəstəkarın pulu, evi olmayanda, bircə kostyumu olanda yaxud da bu kostyumu dostundan borc alıb konsertə gedəndə ən yaxşı əsərlərini yazır. Belə şeylər məndə olub".

Bəstəkar qeyd edir ki, bizdə özünü tərifləmə meyli, televiziyalarda nümayiş olunan şoular musiqi sahəsinə çox ziyan gətirir. O deyir:

"Ümumiyyətlə, bəstəkar ciddi adam olmalıdır. Bəstəkar fəhlədir, daşyonan Fərhaddır. O, daşı yaranda da fikirləşir ki, burada olacaq? Amma onu yarmalıdır. Bugünkü vəziyyətimizdən qorxmayın. Çünki Azərbaycan mədəniyyətinin çox güclü bəstəkarlıq təməli var. Bu təməl bizim böyük bəstəkarlarımız, ilk növbədə isə Üzeyir Hacıbəyov tərəfindən qoyulub. Əsas olan budur. Bütün Şərq aləmində, İslam dünyasında yeganə bir dövlət xalqıq ki, bizim bəstəkarlıq məktəbimiz dünya səviyyəsindədir. Bu gün ən azı Azərbaycanın dörd-beş çox güclü bəstəkarı var. Mən o bəstəkarların adlarını sadalaya bilməyəcəyəm, çünki bu, düzgün olmaz. Əsas odur ki, onlar var. Siz onların hamısını tanıyırsınız, hər gün onların əsərlərini dinləyirsiniz. Onlar dünyada da, keçmiş sovet respublikalarında da, Azərbaycanda da sevilirlər".

A.Əlizadə tarix boyu Azərbaycan musiqi əsərlərinin bədnam qonşular tərəfindən mənimsənildiyindən söz açdı:

"Fikrimcə, bunlar hamısı boş-boş şeylərdir. Musiqini oğurlamaq qeyri-mümkündür. Biz Motsartın əsərlərini ifa edirik, bu, o demək deyil ki, bizim başqa məqsədimiz var. Bu məsələni şişirdirlər, sonra da sözlərinin arxasında gizlənirlər. "Sarı gəlin", "Uzun dərə"ni heç zaman mənimsəyə bilməzlər, onlar hər zaman səslənəcək. Hətta fəxr edəcəyik ki, bizim musiqimiz hər yerdə, bütün ölkələrdə ifa edilir, səslənir. O bədnam qonşularınsa adını ümumiyyətlə çəkmək lazım deyil. Bu adamlar axı haradan gəlib, yersiz adamlardır, başqalarının yerlərini , mədəniyyətlərini mənimsəməyə çalışıblar. Bizim , gürcülərin musiqisini oğurlayırlar. Musiqini oğurlamaqla düzəlmir, musiqini yaratmaq lazımdır. Əgər biz yaradırıqsa, deməli, onun müəllifi bizik. "Segah" bizimdir, onu ömründə oğurlaya bilməzlər. Çünki azərbaycanlılardan başqa "Bayatı şiraz"ı, "Segah"ı oxuya bilən millət yoxdur. Muğamı həm ifa edib, həm anlamaq üçün Azərbaycanda doğulmaq gərəkdir".

 

 

Xatun 

 

Ayna.- 2010.- 20 noyabr.- S.20.