Zərifin zərif barmaqları

 

Musiqi tariximizdən

 

1979-cu ildə konservatoriyaya daxil olduqdan bir neçə ay sonra xəbər tutdum ki, Səid Rüstəmov xəstəxanada yatır. Tələbə dostlarımla birlikdə yığışıb Səid müəllimə baş çəkməyə getdik. Əsərlərini sevə-sevə ifa etdiyim xalq artisti, professor Səid Rüstəmovun hələ üzünü görməmişdim. Otağa daxil olduq, xeyli söhbətdən sonra Səid müəllim mənim ləhcəmdə nəyisə hiss edib soruşdu: "Bala, torpağı sanı yaşayasan, rəhmətlik Zərifə yaman oxşayırsan, de görüm, onun qohumu deyilsən?". Mən dedim: "Xeyr, ancaq Gəncədə yaşayarkən onun istedadlı bir tarzən olması barədə çox musiqiçiləri dinləmişəm, Əgər mümkünsə siz də xatirələrinizi söyləyin". Qocaman bəstəkar balınca söykənib söhbətə başladı:

- Əşi, Zərif özgə aləm idi. Elə sənin kimi arıq, gülərüz, xoşsifət bir gənc idi. Rəhmətliyin adı da Zərif idi, çalğısı da. Xüsusən "Şur" çalanda adam az qalırdı bihuş ola.

Haqqında söhbət açmaq istədiyim bu şəxsiyyət sənətinin çiçəkləndiyi bir dövrdə həyatdan erkən getmiş görkəmli tarzən Zərif Qayıbovdur. Zərif, sözün həqiqi mənasında, ustad sənətkar olmuşdur. Onun ifasında muğamlar, rəqslər, eləcə də bəstəkar əsərləri məzmun etibarı ilə obrazlı şəkildə səslənmişdir.

"Zərif sarı simli Azərbaycan tarının kamil ustadlarından biri olmuş, öz çalğı üslubu ilə heç kimi yamsılamamışdır. Zərif zərif qəlbli poetik bir tarzən idi. Mən də gənclik illərimdə musiqi təhsilimi tarla başlamışam. Zərifin yanında nəinki mən, hətta çoxları tar çalmağa cürət eləməzdi. Zərif bir tarzən kimi müasir ustadlarımızın hafizəsində yaşayır".

Bu sətirlərin müəllifi SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Zərifin gənclik və tələbəlik dostu Fikrət Əmirovdur.

Zərif Qayıbov 1920-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulmuşdur. Atası İsmayıl bəy məşhur maarifçi, anası Firuzə xanım isə müəllimə idi. İsmayıl bəy 1907-ci ildə Qori seminariyasını bitirmiş, 1920-ci ilə qədər Tiflis, Vladiqafqaz, Nuxa (indiki Şəki), Bərdə, Bakı şəhərlərində müəllim işləmişdir.

Seminariya illərində İsmayıl bəyi Üzeyir Hacıbəyovla dostluq telləri sıx bağlamışdır. Bu yaxınlıq hər iki gəncin həyat yolunun müəyyənləşməsində, onlarda mütərəqqi meyillərin oyanmasında böyük rol oynamışdır. Onlar sonralar da bu dostluğu davam etdirmişlər. Heç təsadüfi deyildir ki, mahir skripka çalmaq qabiliyyəti olan İsmayıl bəy Üzeyir bəyin xahişi ilə 1908-ci ildə dahi bəstəkarın "Leyli və Məcnun" operasının ilk tamaşasında orkestrdə skripka çalmışdır.

Oğlunun musiqi qabiliyyətini duyan İsmayıl bəy Üzeyir Hacıbəyovla məsləhətləşmiş və onu 1929-cu ildə Gəncə musiqi məktəbinin tar sinfinə qoymuşdur. İlk sənət sirlərini məşhur tarzən və ictimai xadim Həmzə Əliyevdən (skripkaçı Azad Əliyevin atası) öyrənmişdir. Gəncə musiqi məktəbində bir neçə il təhsil alandan sonra Zərif yenə Üzeyir bəyin təşəbbüsü və zəmanəti ilə Bakı Musiqi Texnikumuna qəbul edilir. Çox keçmədən o, bəstəkar Səid Rüstəmovun, Əhməd Bakıxanovun ən sevimli və istedadlı tələbələrindən biri olur. Azərbaycanın xalq artisti Əməd Bakıxanov öz tələbəsi haqqında belə demişdir:

- Zərifin zərif barmaqları, onun musiqi ilə yoğrulmuş qəlbi sanki tar çalmaq üçün yaranmışdı. Mən Zərifə hər hansı bir muğamı öyrədəndə, o həmişə həmin muğamın hər hansı istinad pərdəsinə əsaslanmasını tez qavramağa çalışır, muğam üzərində sərbəst yaradıcılıq işi aparırdı. Lakin nədənsə ən çox "Şur" muğamına meyil salırdı. O bu muğamı xüsusən sarı simlərdə özünəməxsus gəzişmələrlə ifa edirdi. Belə bir işdən mən nəinki inciməz, hətta həddindən artıq sevinirdim. Çünki tələbələrimin içərisində ən çox Zərifin "Şur"undan ləzzət alardım.

Çox keçmədən Zərif Bakıda istedadlı tarzən kimi məşhurlaşır, o, klassik əsərlərdən, muğamlardan ibarət konsert repertuarı ilə ictimaiyyət qarşısında, filarmoniyada, radio dalğalarında çıxış edir. Get-gedə Zərifin çalğısında muğam incəlikləri təbii bir səpkidə səslənir. Artıq o hər muğamın özünəməxsus xüsusiyyətlərini, xarakterini qəlbdən duyur. Bu keyfiyyətlərinə görə Zərif M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrına - simfonik orkestrə qəbul edilir. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, Azərbaycanın sarı simli tarının şöhrətini ucaltmışdır.

İstedadlı tarzən daim yorulmaq bilmədən öz üzərində çalışırdı. 1939-cu ilin oktyabrında Moskvada xalq musiqi alətlərində çalanların Ümumittifaq baxışında respublikamızı təmsil edən musiqiçilər arasında Zərif Qayıbov da var idi. İki həftəyə yaxın davam edən bu musiqi yarışında o, iki dəfə çıxış etmiş, birinci dəfə özünün şah ifası olan "Şur" muğamını, ikinci dəfə isə "Ləzginka" oyun havasını çalaraq yüksək mükafata layiq görülmüşdü.

Məlumdur ki, Zərifdən sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun sevimli tələbəsi, mərhum Əhsən Dadaşov olmuşdur. Əhsən "Şur"u istər tarda, istərsə də ud musiqi alətində son dərəcə yüksək səviyyədə ifa etmişdir. 1980-ci ildə bizim orkestrin Bakıda Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) konserti olmalı idi. Konsertdən təxminən yarım saat qabaq orkestrin üzvləri pərdənin arxasında konsertə hazırlaşırdı. Mən isə oturub özümçün "Şur" çalırdım. Birdən gördüm ki, orkestrimizin qocaman kaman ifaçısı, əməkdar artist Fərhad Dadaşov mənə qulaq asır. Tez özümü yığışdırıb bir az ciddi çalmağa başladım. Qocaman sənətkar mənə yaxınlaşıb soruşdu:

- Heç bilirsən bu çaldığın barmaqlar, vurduğun xallar kimindir?!

- Əhsənindir, - dedim, - qrammofon valından öyrənmişəm.

Fərhad müəllim başını buladı:

- Düzdür, Əhsən də, balabançı Bəhruz Zeynalov da lent yazılarında bu barmaqlardan istifadə ediblər, amma bu "Şur" rəhmətlik Zərifdən qalmadı, hamısı onun xallarıdır... Bəli, həqiqətən Zərif "Şur"u gözəl, əvəzsiz çalırdı.

İstedadlı tarzən 1940-cı ildə öz doğma şəhərinə qayıdaraq Gəncə filarmoniyasında həm solist kimi fəaliyyət göstərir, həm də orkestr təşkil edərək şəhərin ən yaxşı musiqiçilərini ətrafına toplayır. Gənc tarzənin arzuları böyük və sonsuz idi. Lakin zalım fələk də öz bəd əməlindən qalmır, amansız ölüm bu gəncin bütün arzu və muradlarını gözündə qoyur.

Zərif Qayıbov ömrünün çiçəkləndiyi, sənətinin coşduğu bir vaxtda, 1943-cu il dekabrın 14-də Gəncədə vəfat etmişdir. Həyatla vidalaşmazdan bir neçə gün öncə dostu Fikrət Əmirova, Həmzə və Məhəmməd müəllimlərinə: "Özünüzə Zərif tapın... Mənimki də bura qədər idi", - demişdi.

 

Zərif cəmi 23 il ömür sürmüş, lakin hələ 14 yaşında ikən bütün Zaqafqaziyada bir tarzən kimi şöhrət qazanmışdır. O həmişə, hər yerdə 11 simli Azərbaycan tarının şöhrətini uca tutmuş, xalq musiqisini, milli repertuarı göz bəbəyi kimi qorumuş, təəssübünü çəkmişdir. Məncə, Zərifin xatirəsi əbədiləşdirilməlidir. Yaxşı olar ki, Bakıda, Gəncədə, eləcə də respublikamızın digər şəhərlərinin musiqi məktəblərinin birinə istedadlı tarzənin adı verilsin. Qoy hər il Gəncədə gənc tarzənlərin Zərif Qayıbov adına müsabiqəsi keçirilsin. Məncə, bu xoş tədbirlər bütün sənətsevərlərin ürəyincə olar və dünyadan vaxtsız köçmüş tarzənin xatirəsinə böyük hörmət və ehtiram kimi səslənər.

 

 

Şahin VERDİYEV

 

Ayna.- 2010.- 27 noyabr.- S.19.