Əyyub Quliyev Polşada çıxış edib

 

Polşanın Belostok şəhərində dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib. Polşanın Mədəniyyət Nazirliyi, Podlyaziya Opera Teatrı və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin qran-pri mükafatçısı, Azərbaycanın gənc dirijoru Əyyub Quliyev də çıxış edib. Əyyub Quliyevin bildirdiyinə görə, konsert Polşada dövlət səviyyəsində qeyd olunan "Şopen ili" çərçivəsində baş tutub. Əyyub Quliyev dahi bəstəkarın doğma vətəni Polşada keçirilən 200 illik yubiley konsertlərində iştirak edən yeganə azərbaycanlı dirijordur. Həmin gecə Ə.Quliyevin dirijorluğu ilə Podlyaziya Filarmonik orkestri Aleksandr Skryabinin IV simfoniyası - "Ekstaz" poemasını və Rixard Vaqnerin "Tristanİzolda" operasına "Giriş" və "İzoldanın ölümü" əsərlərini ifa edib. Konsertdə dünya şöhrətli musiqiçi, Brüsseldə keçirilən Kraliça Yelizaveta adına pianoçuların beynəlxalq müsabiqəsinin qalibi Jeffri Suvonun ifasında Şopenin fortepianosimfonik orkestr üçün 1 saylı konserti səslənib. Konsertdən sonra Azərbaycanın Polşa səfiri Həsən Həsənov çıxış edərək son illər ərzində Polşada gerçəkləşən konsertlərdə azərbaycanlı musiqiçilərin iştirakı barədə danışıb və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında bu tədbirlərin rolunu xüsusi qeyd edib.

 

 

Ayna.- 2010.- 27 noyabr.- S.18.