Füzulinin ərəbcə külliyyatı
Sankt-Peterburqda tapılıb
Axtaranda çox şey tapılır
"Azərbaycanın qədim dövrünə aid materiallar dünya kitabxanalarında çoxdur. İstər tarix, istər ədəbiyyat, istərsə mədəniyyətə aid olan bütün materiallar dünya kitabxanalarından tapılaraq Azərbaycana gətirilməlidir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşaliyeva deyib.
Baxşəliyeva SSRİ dövründə İngiltərədəki bir kitabxanadan XV əsr Azərbaycan müəllifi Əşrəf Marağayinin "Xəmsə"sini tapıb gətirdiklərini xatırladıb:
"Amma bu, məqsədyönlü araşdırmanın nəticəsi olmayıb. Alimlərimiz hansısa bir ölkəyə səfər edəndə 3-4 saat imkan tapıb kitabxanalara baş çəkiblər və bu tapıntını aşkarlayıblar. Bir müddət əvvəl isə mən tarixi xəritələr aşkarlayıb gətirdim. Digər sənədlərin də axtarışı davam etdirilməlidir. Xüsusilə orta əsrlərdə ərəbcə, farsca, türkcə olan əsərlər Şərqdə yaradılıb və buna görə də Şərq kitabxanalarından dünya kitabxanalarına yayılıb. Amma biz nəzərə almalıyıq ki, müstəmləkəçilər Şərq ölkələrinə gələndə onlar maddi mədəniyyət nümunələri ilə yanaşı, əlyazmaları da yığıb aparırdılar. Bunun nəticəsi kimi bu gün Fransa Milli Kitabxanasında, ABŞ-ın Prinston Universitetində Şərq əlyazmalarından ibarət böyük kolleksiya saxlanılır. Almaniyanın Humboldt Universitetində də Şərq əlyazmalarının kitabxanası var". Baxşəliyevanın sözlərinə görə, Məhəmməd Füzulinin 12 qəsidədən ibarət ərəbcə külliyyatını Azərbaycan alimləri uzun müddət tapa bilmirdilər. Amma uzun axtarışlardan sonra bu külliyyat Sankt-Peterburq muzeylərindən birində aşkarlanıb.
Ayna.- 2010.- 27 noyabr.- S.20.