Qədim musiqi alətləri niyə tədris
olunmasın?
Məcnun Kərimov
bunu önəmli sayır
Adlarını aşağıda çəkəcəyimiz qədim musiqi alətləri bu gün yalnız bir musiqi ocağının işığını yandırır - Qədim Xalq Çalğı Alətləri Ansamblı... Onların ifası sintezatorun səs-küyü və fonoqram hesabına el şənliklərinin repertuarını bəzəmir, amma unudulur. Bəlkə həmin alətlər dövrlə ayaqlaşıb, "imic"lərini dəyişmədiklərinin bəlasına düşüblər?..
Ansamblın rəhbəri, 40 ildən çoxdur öz şəxsi emalatxanasında saç ağardan Məcnun Kərimova görə, həmin alətlərin bərpası üçün həm də yaxşı pul xərcləmək lazımdır. Amma çox təəssüf ki, bədxah qonşularımızın musiqimizə olan "marağı"ndan sonra aidiyyəti qurumlar bu sahədə indi nəsə fikirləşməyə başlayıblar. Ansambla gəlincə, Məcnun müəllim bildirir:
- Son illər ərzində bir çox aləti bərpa edib ansamblda səsləndirilməsinə nail ola bilmişik. Beynəlxalq konfranslarda artıq həmin alətlər mükafatlara layiq görülüb. Bunlardan çəqanə, səntur, bərbəd, rud, çəng, neyin ağ növünü misal çəkə bilərəm. Adını çəkdiyim səntur, bərbəd, rud və çəng aləti 1979-84-cü illərdə yalnız Bakı şəhər 3 saylı musiqi məktəbində əlavə fənn kimi tələbələrə öyrədilib. Bu günsə həmin alətlərin bir ansambl tərkibində səslənməsi onların gələcəkdə yenidən unudulmasına səbəb ola bilər.
- Niyə bu alətlər tədris proqramına əlavə olunmur?
- Artıq bir neçə ildir Bakı Musiqi Akademiyasının nəzdində qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi nəzərdə tutulub. XIII əsrdə yaşamış və Şərqin ilk musiqi nəzəriyyəsini yazan musiqişünas Səfiyyəddin Ürməvinin ixtira etdiyi və zaman-zaman unudulan iki alətin hazırda bərpası ilə məşğuluq. Çox təəssüf ki, S.Ürməvinin bu günümüzə qədər yalnız nüsə və muğni aləti gəlib çıxa bilib. Nüsə 108 çoxsimli musiqi aləti hesab olunur. Qeyd edim ki, vaxtilə çəng və qanon (bu gün ifa olunan kanonun əsl adıdır) aləti icad olunarkən çox şöhrət tapdı və Ürməvi qarşısına belə bir məqsəd qoydu ki, o hər iki alətin birgə vəhdətindən daha güclü alət yaratmalıdır. Üçüncü isə dediyim kimi, nüsə adlandırıldı. Bunun mənası isə cənnətdən əsən meh adlanır.
Hazırda biz nüsəni
bərpa etməyə çalışırıq. Amma onun miniatürlərdə
təsviri yoxdur. Yalnız tarixi
məlumatlar və ingilis alimi Farmerin
"İslam" əsərindən
istifadə edirik.
- Bəzən tarixi məlumatlar bir-birinin əksinə yazılır.
Bu, işinizə mane olmur ki?
- IX əsrdə yaranan alətlərin bir çoxu XVI əsrdə müasir formasını tapıb. 10-20 ildən bir alətlərin simləri artırılıb. Diapazonun artması artıq səslərdə yüksəkliyə doğru dəyişikliklər yaradır. Artıq bu, dövrün tələbidir. Bu günümüzdən bir misal çəkim: ən müasir alətə səsgücləndiricisiz qulaq asmırıq. Vaxtilə qopuz aləti də üç simli alət kimi tanınıb. XV əsrdə isə həmin alətdən çoğur formalaşıb və altı simlə ifa olunub. XVI əsrdə isə çoğurdan saz aləti düzəldilib və hər simin yanına bir sim əlavə olunub, çanağı böyüyüb, qolu uzanıb ki, səsi gücləndirmək mümkün olsun. Ədəbiyyatda da Nizami, Füzuli, Mirmöhsün Qarabaği bir aləti hərəsi öz dövrünə uyğun təsvir edib.
- Ansamblda səsləndirilən alətlərdən bu gün daha harada istifadə olunur?
- Qanon və zərb alətindən başqa digər gördüyünüz alətlər tamamilə unudulub, onlar yalnız bizim ansamblda ifa olunur. XI əsrin birinci yarısına kimi bu alətlərdən yalnız Şirvan tənburu saray mədəniyyəti dövründə ifa olunub. Zaqatala və Balakən zonalarında bu gün az-az tənburun başqa növlərindən istifadə olunur. Həm də yeganə alətdir ki, mizrabsız barmaqlarla çalınır.
- Bildiyimə görə, sizin şəxsi emalatxananız var və orda qədim alətlərin bərpası ilə məşğulsunuz...
- Bir neçə il öncə öz marağım səviyyəsində beş aləti orada hazırlaya bilmişəm. Amma indi çox az-az orada oluram.
- Dövlət də bu işdə maraqlıdır, maliyyə dəstəyi üçün niyə lazımi orqana müraciət etmirsiniz?
- Musiqi Akademiyasının elmi laboratoriyasında dövlət bəzi xərcləri ödəyir. Əgər alətlər tədrisə daxil ediləcəksə, bunun üçün kütləvi istehsal nəzərdə tutulmalıdır. Yəni bir Musiqi Akademiyası ilə iş tamamlanmır. Həm də alətlər kimi bizim ansamblın da ifaçıları yeganədir. Əgər tədris olunmasa, bir neçə ildən sonra yenə unudulacaq.
- Bu sahə üzrə mütəxəssislər yoxdur?
- Mütəxəssislər elə həmin ifaçılardır. Onlar artıq alətin bütün imkanlarına bələddirlər. Ancaq metodik vəsait ayrılmadığı və proqram tutulmadığı üçün yeni iş barədə hələ danışmaq tezdir.
- Deyirsiniz ki, alətlər və ifaçılar yeganə sizin ansambldadır. Onların unudulmaması üçün bilgilərinizi kitab halında çap etdirməməsiniz?
- Azərbaycan Musiqi Alətləri albomuna bu barədə müəyyən bilgilər yazmışam. Burada alətlərin tarixi, hazırlanma texnologiyası, şəkilləri ilə birgə 27 musiqi aləti kitaba daxil edilib və üç - Azərbaycan, rus və ingilis dillərinə tərcümə olunub. Həmçinin kitabın elektron variantını da işləmişik. Alətlərin səslənməsi, imkan və quruluşu ilə yaxından tanış olmaq mümkün olacaq. Görürsünüz ki, indi-indi musiqimizin unudulmaması və yadlaşdırılmaması üçün nəsə etməyə başlamışıq. Bəlkə bundan sonra musiqinin vətəni haqqında dünya oxucuları dolğun məlumatı əldə edə bilərlər.
Şəms
Ayna.- 2010.- 27 noyabr.-
S.20.