"Berlin:
Sənətkarların və alimlərin Məkkəsi"
Burada "Tarix Günü Konfransı" başa çatdı
Berlində Avropanın ən nüfuzlu və geniş əhatəli Tarix Günü Konfransı dünən başa çatdı. Sayca 48-ci olan
bu üçgünlük
konfrans Almaniya Tarixçilər Birliyi tərəfindən Almaniyanın
tarix müəllimləri
və Humboldt Universiteti
ilə birgə keçirilirdi.
3 mindən çox avropalı tarixçi alimin iştirak etdiyi konfrans "Sərhədlərin Ötəsində"
(Uber Grenzen) adı altında idi. Berlin Konqres Mərkəzindəki möhtəşəm
açılışında kansler Angela Merkel də iştirak edirdi. Kansler "Təhsil ölkəsi Almaniya"nın elminin və təhsilinin inkişafına çox böyük töhfələr
verən proyektlərin
gerçəkləşdirilməsini vacib saydı.
Mədəniyyət üzrə dövlət katibi Andre Smitz Berlini "Sənətkarların
və alimlərin Məkkəsi" adlandırdı. Açılışdan
sonrakı ziyafət mərasimində konfransın
iştirakçısı, soydaşımız Nuridə
Atəşi Humboldt Universitetinin
prezidenti professor Kristof
Marksis ilə görüşmüş, konfrans
münasibəti ilə
təbrik etmiş və ona Humboldt Universitetində Azərbaycan
tarixinin tədrisinə
dəstək göstərdiyi
üçün təşəkkürünü
bildirmişdir. Qeyd edək ki, növbəti
5 il ərzində
Humboldt Universitetində Azərbaycan
tarixi tədris ediləcəkdir. Bu məqsədlə Azərbaycan
tarixi üzrə
"xüsusi qonaq
professor" vəzifəsi təyin edilib.
Nuridə Atəşi
universitetin prezidentinə
bu beş
il ərzində Azərbaycanın gerçək
tarixinə, mədəniyyətinə
layiqli töhfələr
veriləcəyinə ümid
etdiyini bildirmişdir.
Ayna.- 2010.- 2 oktyabr.- S.20.