Kinorejissor Şamil Nəcəfzadə:

 

"Kino gəlir gətirən sahədir"

 

 Lakin kino şəbəkəsinin yoxluğu...

 

Təbii ki, kino kifayət qədər vəsait tələb edən sənət sahəsidir. Təkcə yaradıcılıq deyil, həm də istehsalatdır. Xərclənən vəsaiti bütövlüklə və ya qismən qaytarmaq lazımdır. Bu da kifayət qədər vacib məsələdir. Yəqin elə bu səbəbdəndir ki, ölkəmizdə kino sahəsinin zəif düşdüyünü iddia edənlər var. Deyirlər ki, kinoya ayrılan pullar itirilmiş hesab olunur.

Kinorejissor Şamil Nəcəfzadənin fikri belədir ki, kinonun inkişafı üçün ölkədə kino şəbəkəsi olmalıdır. Yəni indiki kimi, paytaxtda 10-15 deyil, 100 kinoteatr fəaliyyət göstərməlidir. Onun söylədiyinə görə, Bakı kimi böyük bir şəhərdə kinoteatrların sayı indikindən beş dəfə çox olmalıdır ki, kinoteatra getmək problemə çevrilməsin.

Eyni zamanda, qeyd edir ki, müasir kinoteatrda kinoya baxmaqla bərabər, seyrçinin istirahəti üçün imkan olmalıdır. Yəni müasir kinoteatrlarda kino zalından əlavə, mütləq kafe və ya əyləncə xarakterli yerlər olmalıdır ki, insanlar istirahət edə bilsinlər. Bir sözlə, kinoteatrlarda yaxşı atmosfer lazımdır ki, seyrçi ora gəlmək istəsin.

 

Rusiya təcrübəsi

 

Kinorejissor xatırladır ki, Rusiyanın əyalət şəhərlərində də müasir, texniki avadanlıqla təchiz olunmuş kinoteatrlar var. Bu kino şəbəkələrinin əksəriyyəti də dövlətə məxsus deyil, özəl sektora aiddir. Beləliklə, Rusiyada kinoteatra gedənlər çoxdur və bu sahənin inkişafından kifayət qədər gəlir əldə edilir.

Müsahibim hesab edir ki, biz də bu təcrübədən istifadə etməliyik: "Vaxtilə Rusiyada da ildə 2-3 film çəkilirdi. İndi 100-dən artıq film çəkilir".

Kinorejissor vurğulayır ki, ölkəmizdə kinoya sponsor köməyi, demək olar, azdır. Onun bildirdiyinə görə, hazırda bütün filmlər dövlət sifarişi ilə çəkilir. Lakin o, həmin filmlərin ərsəyə gəlməsində cüzi də olsa, başqa mənbələrin iştirakını istisna etmir:

"Milli kinonun yaşaması üçün dövlətin kinoya marağı daimi olmalıdır

Kino kifayət qədər gəlir gətirən sahədir. Sadəcə, buna şərait yaradılmalıdır. Kino şəbəkəsi yaradılsa, onda dövlətin köməyindən başqa, şəxsi sərmayələrin da cəlbi mümkündür. Hər şey iqtisadi mexanizmlərə bağlıdır. Fikrimcə, prodüser mərkəzlərinin olması kifayət qədər müsbət haldır. İstər-istəməz keçmiş sovet istehsalat sistemindən ayrılmışıq. Gerçəklik ortaya başqa tələblər qoyur. Ona görə prodüser mərkəzləri yaranmalıdır. Əgər bu gün həmin mərkəzlər dövlət sifarişi ilə filmlər çəkirlərsə, sabah arzuladığımız dəyişikliklər baş verəndən sonra onlar təbii ki, yeni mexanizmdən istifadə edəcəklər".

Müsahibim vurğulayır ki, kino şəbəkəsinin yoxluğu kinonun iki əsas məqsədə - kinonu tamaşaçıya çatdırmaq və xərclənən vəsaitin heç olmasa müəyyən hissəsini qaytarmağa imkan vermir. "Tutaq ki, dövlət tərəfindən ildə 6 bədii film çəkilir. Azərbaycan kimi kifayət qədər iqtisadi potensiala malik olan dövlət üçün bu çox gülünc bir rəqəmdir. Demək istəmirəm ki, dövlət mütləq on filmi maliyyələşdirməlidir. Söhbət ondan gedir ki, biz kino haqqında kompleks şəklində lazımi qanunlar qəbul edib, onun işlək mexanizmini yaratmalıyıq" söyləyən kinorejissorun fikrincə, kinoya dövlət vəsaitindən başqa, şəxsi sərmayə də cəlb olunmalıdır. Təbii ki, bunun üçün də kino sahəsini sahibkarlar üçün cazibəli etmək şərtdir.

 

Kino haqqında qanun yenidən yazılsın

 

Müsahibim xatırladır ki, bütün dünyada belə qanunlar var. Odur ki, həmin qanunları yenidən yazmaq lazım deyil, sadəcə, onları Azərbaycan gerçəkliyinə uyğunlaşdırıb həyata keçməsinə çalışmaq lazımdır.

Onu da qeyd edək ki, ölkəmizdə "Kino haqqında" qanun var. Ancaq həmin qanun günün tələblərinə cavab vermir. Ş.Nəcəfzadənin fikrincə, elə struktur yaradılmalıdır ki, kağız üzərində qalmasın. Qanunun həyata keçməsinə nəzarət etmək mümkün olsun. Çünki yalnız belə qanun qəbul olunandan sonra kino inkişaf edəcək və artıq dövlətin hər dəfə hansısa məbləğdə pul verməsinə də ehtiyac olmayacaq. Buna baxmayaraq, kinorejissor deyir ki, dövlət kinoya pul ayırmaqda davam etməlidir.

Avropanın bütün inkişaf etmiş ölkələrində çəkilən filmlərin büdcəsinin 80 faizini dövlət təmənnasız verir: "Onlar başa düşürlər ki, milli kino Hollivud filmləri ilə rəqabətdə məhv olmamalıdır. Avropada mexanizm tamam başqadır. Ancaq orada vəsait prodüserlər vasitəsilə verilir. Qalan 20-30 faizini isə prodüserlər başqa mənbələrdən tapırlar. Amma yenə də dövlətin maliyyəsi önəmli rol oynayır. Orada elə bir mexanizm var ki, çəkilən film mütləq ekranlarda göstərilir. Həmin film gəlir gətirirsə, bu vəsaitə başqa filmlər çəkilir. Daha gözləmirlər ki, 3-4 filmə dövlət pul ayıracaq və o vəsait geri qayıtmayacaq", - deyə kinorejissor söylədi.

Xatırladaq ki, bu ildən etibarən filmimiz "Oskar" mükafatı uğrunda mübarizəyə qoşulmaq üçün namizədliyini verəcək. Həmsöhbətim deyir ki, "Oskar" qazanmaq üçün doğrudan da böyük iş görülməlidir. Onun sözlərinə görə, kino elə incəsənət sahəsidir ki, burada kəmiyyət keyfiyyətə keçir:

"Əgər Azərbaycanda ildə bir neçə film çəkilirsə, biz necə iddia edə bilərik ki, bu filmlərdən biri mütləq "Oskar", biri Kann və ya Venesiya festivallarının mükafatını alsın. Bu mümkün deyil. Amerikada ildə çəkilən 200 filmdən yalnız beşi "Oskar"a layiq görülür. Çox çəkilən filmlərin arasında yaxşı filmlər də yaranır. Kinonun inkişafı ondan ibarətdir ki, hər bir fərd öz içərisində müəyyən ideyalar daşıyır, onları gerçəkləşdirmək arzusu ilə yaşayır".

Kinorejissorun qənaətincə, yaxşı mənada ideya rəqabəti olanda kino mütləq inkişaf edəcək. Onda həmin inkişafın içərisində "Oskar", Venesiya və ya Berlin festivallarının mükafatları əlçatmaz olmaz. Yalnız 2-3 filmlə hansısa festivalda iştirak etmək o qədər inandırıcı görünmür. Odur ki, filmlər də çox olmalıdır.

 

 

Xatun 

 

Ayna.- 2010.- 9 oktyabr.- S.20.