"Gənc nəsil aktyorlar əməksevər deyil"
Xalq artisti Yasin Qarayev məvacib azlığından cavanların
teatrı tərk etdiyini söyləyir
Gənc
Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin
Qarayev sənət aləmində və həyatda
qazandıqlarına görə daha çox Allaha şükür
edir. Öyrəndik ki, ömrünün 60 ilinin 35-ni sənətdə
olub. Dediyinə görə, bu 35 ili həyatının ən
maraqlı illəri hesab edir.
Müsahibim söhbətinə
gənclik illərinin teatr mühitini xatırlamaqla
başlayır: "O zamanlar tamam başqa idi. Səhnədə
sözünü deyə biləcək aktyorlar vardı. Hətta
mən o dövrün teatr sənətini səs teatrı
adlandırıram. Çünki aktyorların, demək olar,
hamısı gözəl səsə malik idi. Mənə elə
gəlirdi ki, bizlər həm də gözəl səsin
gücünə sevilirdik. Bəlkə də onlar
bugünkü teatrın tələblərinin dərinliyinə
getmirdilər. Ancaq o dövrün aktyorları indiki
rejissorların əlinə düşsəydi, onların
hazırladığı tamaşalar çox primitiv
olardı".
Aktyor hesab edir edir ki, gənc
nəsildə işləmək həvəsi, zəhmətkeşlik
yoxdur. Onun fikrincə, yaşıdlarının əksərində
teatra böyük maraq, həvəs var. Bundan başqa,
onların çətinliyə qarşı daha
dözümlü olduğunu vurğulayan Y.Qarayev "indi bəziləri
teatrda çətinliyi, əməkhaqqının az
olduğunu görüb dözmürlər. Özlərinə
başqa peşə taparaq teatrı tərk edirlər", -
dedi.
Müsahibim deyir ki, zaman
keçdikcə teatrın auditoriyası da dəyişir. Y.Qarayevin
fikrincə, sovet dönəmində teatrlara gələn
tamaşaçıların sayı daha çox idi. Bu qənaətdədir
ki, teatra tamaşaçı axınının yaranmasında
rəhbərlik və səhnələşdirilən
tamaşalar da əhəmiyyət kəsb edir: "Məsələn,
çalışdığım mədəniyyət
ocağında Ağaxan Salmanlının "Nənənin kələyi"
tamaşası olanda, zalda adam əlindən tərpənmək
olmurdu. Əgər tamaşa yaxşı qoyulsa, rejissor əsərin
açarını düz tapsa, onda teatra tamaşaçı
gələr".
Bəlli olduğu kimi,
aktyorlar populyarlıq qazandıqdan sonra Akademik Milli Dram
Teatrında işləməyə üstünlük verirlər.
Lakin Yasin Qarayev adıçəkilən teatrın mərhum
direktoru Həsən Turabovdan dəfələrlə dəvət
alsa da, Gənc Tamaşaçılar Teatrından ayrıla
bilməyib:
"Tez-tez
tamaşalarımıza gəlirdi. Onun dəvət etdiyi
aktyorların bəziləri dəvəti qəbul edib getdilər.
Mənim üçünsə buradan ayrılmaq çətin
idi. Buranı atmaq mənimçün sanki bir ailəni
dağıtmaq kimi idi. Bu teatra gələndən bir neçə
teatr rəhbəri görmüşəm. Eləsi olub ki, bir
aktyor və şəxsiyyət kimi mənə münasibəti
yaxşı olub. Eləsi də olub ki, pis münasibət
göstərib. Məsələn, son 10 ildə mənə rol
vermirdilər. 10 ildən artıq idi ki, qastrollara getmirdim.
Rejissorlar "sənin müdirlə nə münaqişən
var?" deyə soruşurdular. Heç o adama incikliyimi də
bildirmirdim. İndi isə deyirəm ki, Allah onun atasına rəhmət
eləsin ki, hər əsərdə mənə rol verməyib.
Elə tamaşalar müxtəlif yollarla səhnəyə yol
tapırdı, mən də etiraz edirdim. Mənim dediyim də
həmişə haqq olurdu. İlk tamaşanı
oynayırdılar, sonra da əsər repertuardan
çıxarılırdı".
Müsahibim deyir ki, rayonlarda
tamaşaya aclıq
var. Bölgələrdə insanlar sənət adamlarını canlı görmək, onlarla ünsiyyətdə olmaq istəyirlər.
Şəms
Ayna.- 2010.- 9 oktyabr.- S.20.