Fidan Hacıyeva müsabiqədə
birinci oldu
Azərbaycanlı sənətçi İtaliyada uzunmüddətli
müqavilə imzalayıb
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti, əməkdar
artist Fidan Hacıyeva İtaliya teatrlarında işləmək
üçün keçirilən peşəkar vokalçıların
beynəlxalq müsabiqəsində birincilik qazanıb. Bununla
bağlı bu günlərdə İtaliyadan vətənə
qayıdan Fidan Hacıyevanın özü danışdı.
Solist deyib ki, müsabiqədə qalibiyyət ona İtaliyada
uzunmüddətli müqavilə bağlaması ilə
yekunlaşıb:
"Mən çox həyəcan
keçirirdim, çox tanınmış simalar və gözəl
səslər iştirak edirdi. İtaliya opera teatrlarında
işləmək mənim çox böyük arzum idi və
məqsədimə çatdım. İtaliya opera
teatrlarının impressarioları ilə müqavilə
bağladım. Müqaviləyə görə, İtaliyada
"Karmen", "Aida" və "Trubadur"
operalarında oynamalıyam. İtaliyanın opera peşəkarları
səsimi bəyəndilər və mənim çox
böyük potensialım olduğunu bildirdilər. Mənim
üçün dünyada böyük bir karyera
quracaqlarını dedilər. Müqavilə
bağladığım agentlik çox böyük bir qurumdur
və onlar bütün dünya ilə əməkdaşlıq
edirlər. Öncə obrazlarımın italyan şəhərlərində
nümayişi təşkil olunacaq. Bu sırada birinci yerdə
Karmen obrazı dayanır".
F.Hacıyeva deyir ki, artıq
hər ay İtaliyaya gedəcək və səfərləri
çərçivəsində italyan dili və rejissorluq dərsi
alacaq:
"Hər ay
İtaliyaya gedəcəyimə baxmayaraq, əsasən burada
olacaq və İtaliyaya ancaq tamaşalar zamanı gedəcəyəm.
Artıq müqavilə həyata keçirilməyə
başladıqdan sonra həmin agentlik dünya mətbuatının
idarəçiliyini öhdəsinə götürəcək.
Opera və Balet Teatrının rəhbərliyi tərəfindən
mənə bildirildi ki, İtaliyada tamaşada oxuyub
qayıtmalıyam. Bütün xərclərimi isə həmin
agentlik çəkəcək".
Teatr solistinin sözlərinə
görə, onun üçün ən əsas bu yarışmada
qələbə qazanmağı olub:
"Müqavilə əsasında
tamaşaların nümayişinə gələn ilin
yanvarında başlamağı nəzərdə tuturuq. Bu
müsabiqədə uğur qazandığım
üçün özümü çox xoşbəxt hiss
edirəm. Mənim çox böyük arzum var ki, La Skala səhnəsində
"Aida", "Karmen" kimi operaları italyan dilində
ifa edim və Azərbaycandakı dostlarımın hər biri mənimlə
birgə bu sevincli gündə yanımda olsunlar".
F.Hacıyeva qeyd edib ki,
dekabr ayı üçün Azərbaycanda da "Karmen",
"Aida" operalarının nümayişi nəzərdə
tutulur.
Z.RÜSTƏM
Ayna.- 2010.- 16 oktyabr.- S.20.