Hamı müğənni olmaz ki

 

Yalçın Rzazadə bunu anormal sayır

 

"Təəssüflər olsun ki, Azərbaycanda şou anlamı düzgün formalaşmayıb. Çünki hər yerindən duran müğənni olmaq həvəsinə düşür. Bunun nəticəsidir ki, səhnəyə əcnəbi musiqilərin təsiri altında, istedadsız, ifrat dərəcədə soyunmağa meyilli gənclər gəlirlər". Bu sözləri dilə gətirən xalq artisti Yalçın Rzazadənin qənaətincə, müasir şou mühitində bərbad vəziyyət hökm sürür.

Sənətçi qeyd edir ki, xüsusilə də səhnəyə gələn gənc qızlar səsi ilə deyil, bədən quruluşlarını nümayiş etdirməklə məşhurluq qazanmaq istəyirlər. "Amma tamaşaçını aldatmaq olmaz. Əsl musiqisevər dinləyiciyə nə qədər bayağı mahnı təqdim etsən də, o, yaxşını pisdən ayırır. Odur ki, dinləyici belələrinə bir dəfə qulaq asdıqdan sonra üzünü çevirir", - deyə o əlavə etdi.

Öz növbəsində Yalçın Rzazadə yaşlı müğənnilərin yüngül hərəkətlərini də qəbul etmir. Hesab edir ki, səhnə təcrübəsi olan müğənnilər həm mədəniyyətlərini nümayiş etdirməli, həm də səviyyələrini qorumalıdırlar.

Söhbət əsnasında Yalçın Rzazadə yerli telekanallarda yayımlanan maqazin proqramlarına da münasibət açıqlayıb. "Ümumiyyətlə, yerli telekanalların yüngül şoulara, maqazin verilişlərinə daha çox yer ayırması məni narahat edir. Düşünürəm ki, bu kimi verilişlər gənc nəslin düzgün tərbiyə olunmasına maneə törədir", - deyə o bildirib. Müxtəlif səpkili verilişlərə dəvət edildiyini deyən Yalçın Rzazadə yerli televiziya məkanında səviyyəli kanal və verilişlərin say azlığına təəssüf etdi.

Sənətçi qeyd edir ki, özünə və sənətinə son dərəcə hörmətlə yanaşdığından dəvət aldığı verilişlər arasında seçim edir:

"Mən hər hansı bir verilişə dəvət ediləndə mütləq seçim edirəm. Üstəlik verilişin qonaqlarının kimlər olduğu ilə də maraqlanıram. Əgər digər dəvətlilərin sənəti mənim səviyyəmdə deyilsə, təbii ki, mən o verilişdə iştirak etmirəm".

Bəlli oldu ki, Yalçın Rzazadə son zamanlar bir neçə gənc ifaçının onun repertuarına müraciət etməsini müsbət qiymətləndirir. Deyir ki, gənc olmasına baxmayaraq, sənətin dəyərini bilən bu müğənnilər düzgün yoldadır:

lkədə musiqi müsabiqələrində gənclərin əksəriyyəti mənim mahnılarımı oxuyur. Hətta həmin mahnılara kliplər də çəkdirirlər. Bu yaxınlarda təxmini bir hesablama apardım. 38 mahnıma klip çəkiblər. Əgər mən o mahnıları yaxşı ifa edib sevdirməsəydim, yəqin cavanlar bu mahnılara müraciət etməzdilər. Amma bəzən görürsən ki, mahnını pis oxuyurlar. Bax, bu zaman çox məyus oluram".

Yalçın Rzazadə bir müddət öncə solo konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxmağı planlaşdırırdı. Sənətçi qeyd edir ki, obyektiv səbəblər üzündən bu istəyini gerçəkləşdirə bilmədi:

"Səhhətimdə bəzi problemlər yarandığından solo konsert arzumu gerçəkləşdirə bilmədim. Amma inanıram ki, tezliklə bu istəyim gerçəkləşər. Əslində bu konsertin baş tutmasını çox istəyirəm. Çünki çoxdandır belə bir proqramla tamaşaçı qarşısına çıxmıram. Hesab edirəm ki, bu, hesabat xarakterli konsert olacaq. Qoy xalqım görsün ki, Yalçın dəyişməyib, səsini itirməyib, əksinə, daha mükəmməl formadadır. Düşünürəm ki, bu konsert yaxın aylarda gerçəkləşər".

 

 

ŞƏMS

 

Ayna.- 2010.- 16 oktyabr.- S.21.