4000-dən artıq qiymətli val arxivə təhvil verilib

 

Onları məhvolma təhlükəsi gözləyirdi Məhv olmaq təhlükəsi ilə üzləşmiş 4000-dən artıq qiymətli val Dövlət Səs Yazıları Arxivinə təqdim edilib. Arxivin direktoru Yaqub Mədətov APA-ya bildirib ki, ötən əsrin ortalarında Ümumittifaq Melodiya Səsyazma Şirkətinin Bakıda yaradılan anbarında Azərbaycana aid bütün qrammofon valları cəmləşərək aidiyyəti ünvanlara paylanırdı:

"Uzun müddətdir ki, bu anbar fəaliyyətini dayandırıb və on minlərlə xüsusi qiymətli qrammofon valı binanın zirzəmisində saxlandığından məhvolma təhlükəsi qarşısında qalıb. Bu yaxınlarda arxiv əməkdaşlarının təşəbbüsü ilə həmin valların bir qismi - 4000-dən çoxu seçilərək arxivə gətirilib. Azərbaycan musiqi mədəniyyətinə sanballı töhfə olan həmin qrammofon vallarının arasında Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyevin ifasında 1905-1912-ci illərdə yazılmış muğam, təsnif və xalq mahnıları, aşıq və saz havaları, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Fikrət Əmirov, Niyazi və başqalarının əsərləri yazılmış vallar var". Yaqub Mədətovun sözlərinə görə, vallar rəqəmsal formata salındıqdan sonra arxivin "xüsusi qiymətli" fonduna daxil ediləcəkdir.

 

 

Ayna.- 2010.- 23 oktyabr.- S.19.