Gülxan Bəydəmir xəttat ustalar yetişdirir və əl işlərini sərgiləməyə hazırlaşır

 

Bakıda Gülxan Bəydəmirin xəttatlıq sərgisi keçiriləcək.

Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda nəzərdə tutulan sərgidə G.Bəydəmirin xəttatlıq örnəkləri sənətsevərlərin ixtiyarına veriləcək. İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədlinin APA-ya bildirdiyinə görə, sərginin açılışı noyabrın 5-də planlaşdırılır. R.Gülməmmədli deyib ki, bu onun Bakıda ikinci fərdi xətt sərgisidir. Gülxan Bəydəmirin bir cox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya Fransa kolleksiyaçıları tərəfindən alınıb. Gülxan Bəydəmir dünya şöhrətli xəttat Davut Bektaşdan dərs alır. Gülxan Bəydəmir Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olur bu sahədə ustalar yetişdirib. Onu ən çox maraqlandıran daşlar üzərindəki xətt yazı sənəti, yəni yüz illərdən bəri daşlara həkk olunmuş mükəmməlliyi ilə diqqəti çəkən xəttatlıq sənətidir.

G.Bəydəmir 1995-ci ildə Türkiyəyə gedib. 2003-cü ildə xəttat Kamil Nazikdən ilk dərsini alıb. Daha sonra dünya şöhrətli xəttat Davut Bektaşdan xətt sənətinin sirlərini öyrənməyə başlayıb. 2006-cı ildə İstanbulda keçirilən xətt yarışmasında "Ahmed-Muhammed" adlı əsəri ilə birinci mükafatı alıb. 2007-ci ildə Hz.Mövlana xətt yarışmasında birincilik qazanıb.

 

 

Ayna.- 2010.- 30 oktyabr.- S.19.