"İndiki gənclər musiqi sənətinə nə verəcəklər?"

 

Durum Eldar Mansurovu narahat edir

 

"Bu gün Azərbaycan mədəniyyətinə baxanda ürəyim ağrıyır. Biz Şövkət Ələkbərovanın, Rəşid Behbudovun adlarını çəkəndə cavanlar əsəbiləşirlər. Yaxşı, onlar qaldı dünəndə, bəs bu gün? Dünən gənc olan Aygün Kazımova, Faiq Ağayev bu gün ortayaşlı musiqiçilər sırasındadır. İndi "azəri-star"lar, "yeni ulduz"lar, "akademiya"lar, "muğamstar"lar həddən artıqdır. Bəs onlar sabah bizə verəcəklər? Azərbaycan mədəniyyətinin bu gününü yeni doğulan uşağa bənzədirəm. Bəlkə sabah mən həyatda olmayanda bunların hansısa addımı, uğuru olacaq, amma bu gün hələ ki heç etmirlər".

Bu haqda danışan əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov Azərbaycanda estrada musiqisi ifaçılığının ağır vəziyyətindən danışır.

"İndi yalnız şoular var. Şou isə bazardır - prodüserlər, aparıcılar, şoumenlər, yaxud da musiqidən başı çıxmayanların toplaşdığı bazar. Bu acınacaqlı vəziyyəti peşəkar bəstəkarlıq məktəbinə da şamil etmək olar. Azərbaycanda bu gün bəstəkarlıq məktəbi, demək olar, yoxdur. Mən Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyovu görmüşdüm. Bugünkü cavanlar isə onları görməyiblər. İndikilər kimi görürlər? Heç kimi, heç nəyi. İndi yerindən duran mahnı yazır, özünü bəstəkar hesab edir. Hər adam mahnı yaza bilər, amma öz səviyyəsində. Əlibaba Məmmədov, Ələkbər Tağıyev, Bəhram Nəsibov da həvəskar bəstəkar olublar. Çox gözəl mahnılar da yazıblar. Bəstəkarsansa, onda fortepiano üçün bir prelüdiya yaz, skripka üçün nəsə yaz, sonata, kvartet, hələ simfoniyadan danışmıram. Bəstəkarlıq budur. İndi hər divara mala çəkən durub desin ki, arxitektordur?", - deyə bəstəkar sual edir.

 

 

Xatun 

 

Ayna.- 2010.- 4 sentyabr.- S.20.