"Qadın kimi oxuyan kişi müğənnilər yetişirlər"

 

Mənsum İbrahimov estrada səhnəsindəki xaosdan danışır

 

Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov muğam sənətinin etibarlı əllərdə olduğunu söyləyir. O, muğamın inkişafda olduğunu vurğulayaraq min illər yaşı olan bu sənətin yaddan çıxdığı barədə söylənən fikirlərlə razılaşmır:

"Sadəcə, zaman-zaman bütün sənətlərdə olduğu kimi, muğama da marağın çox yüksək və yaxud az olduğu dövrlər olur. Belə ki, bəzən şou-proqramlar muğamı arxada qoyur. Lakin unutmaq olmaz ki, muğam tükənməyən milli sərvətdir. Bu gün muğam yeni dövrünü yaşayır. Qastrol səfərlərinin, muğam axşamlarının təşkili inkişafın getməsindən xəbər verir".

M.İbrahimov muğamın cazla, replə sintezinə də müsbət yanaşdığını dilə gətirdi. Xanəndənin sözlərindən məlum oldu ki, belə sintezlərin tərəfdarıdır. Lakin bir şərtlə ki, bu eksperimentlər peşəkarlar tərəfindən edilsin. Vaxtilə Fikrət Əmirovun "Şur", Niyazinin "Rast" simfonik muğamını yaratdıqlarını qeyd edərək bu kimi addımların muğam sənətinin yayılmasına səbəb olduğunu dilə gətirdi. Xanəndə bu qənaətdədir ki, hazırda muğam sənəti inkişaf etməkdədir.

Lakin xalq artisti estrada musiqisi barədə eyni fikri söyləyə bilməyəcəyini deyir. Onun fikrincə, estrada səhnəsində xaos yaşanır. Baxmayaraq ki, bu sənətdə çalışan istedadlı sənətçilər var. Xanəndənin dediyinə görə, belələrinin sayı az olduğundan estrada səhnəsi sözün əsl mənasında diletantların, musiqimizə ziyan gətirən "sənətçi"lərin əlindədir:

"Hazırda estrada janrında oxuyanların əksəriyyətinin səsi yoxdur. Onlar sənətə biznes mənbəyi kimi baxırlar. Vaxt gələcək, ələnib sıradan çıxacaqlar. Amma o vaxta qədər ziyan vurmaqda davam edəcəklər".

Mənsum İbrahimov vəziyyətin bu həddə çatmasında düzgün aparılmayan təbliğatın da rolu olduğunu istisna etmir. Son zamanlar telekanalların, mətbuatın muğamlarımıza, ciddi musiqiyə geniş yer ayırdığını vurğulayaraq "mən şounun əleyhinə deyiləm. Bu da olmalıdır. Amma müasirlik özbaşınalıq demək deyil. Şou da maarifləndirici olmalıdır. Biz azərbaycanlı olduğumuzu unutmamalıyıq. Səhnəyə çıxan ifaçılar ifaları ilə yanaşı, özlərini aparma qaydalarına, saç və geyimlərinə diqqət yetirməlidirlər. Muğam əxlaq musiqisidir. Azərbaycanın bütün adət-ənənələrinin atributları muğamda var və bu sənət ifaçılarından özlərini əsl azərbaycanlı kimi aparmaq tələb olunur. Xanəndələrə diqqət yetirmək kifayətdir ki, bu anlaşılsın. Yenə deyirəm, mən müasirliyin əleyhinə deyiləm. Amma son dövrdə peyda olan kişi müğənnilər qadın geyimində və qadın saç düzümündə efirə çıxırlar. Elə bil qadın kimi oxuyan nəsil yetişir. Gənc oğlan ifaçılar qulaqlarına sırğa taxır, saçlarını boyayır, makiyajdan istifadə edirlər. Üstəlik də əcaib geyimdə görünürlər. Məgər bilmirlər ki, sırğa, saç boyası qadınlara məxsusdur? Bunları qəbul etmək olmur".

Mənsum İbrahimov gənc ifaçıların aşkarlanması üçün düzənlənən mahnı müsabiqələrinə də öz münasibətini açıqladı. Onun sözlərinə görə, özəl televiziya kanallarında təşkil edilən yarışmalarda SMS sisteminin olması şərtdir. Çünki müsabiqənin maliyyə dəstəyi olmazsa, iştirakçıların xərclərini ödəmək də çətinləşər. Onun dediyinə görə, belə müsabiqələrdə maliyyə dəstəyi olmadığından təşkilatçılar pullu SMS sistemini tətbiq edirlər. Deyir ki, münsiflər heyətində təmsil olunduğu muğam müsabiqəsində də eyni variantdan istifadə edilib. Lakin xanəndə söyləyir ki, yekunda qaliblər münsiflərin qərarı ilə seçilib:

"Hər bir halda münsiflərin qərar çıxarması vacibdir. Çünki sənətkarı sənətkar seçməlidir. SMS-lər isə istedadın kənarda qalmasına səbəb ola bilər. Yəni imkanı olan iştirakçıya daha çox SMS göndərilir və bununla o, birincilik əldə edə bilir. Bunu isə düzgün hesab etmirəm".

 

 

Şəms 

 

Ayna.- 2010.- 4 sentyabr.- S.20.