Gəncə Dram Teatrı Türkiyəyə yollanır

 

Bu, onun ilk xarici qastrol səfəridir

 

Ölkənin ikinci böyük şəhəri və iri mədəniyyət mərkəzi olan Gəncədə mövcud Dram Teatrının 115 il tarixi varsa da, hələ bir dəfə də olsun xaricə qastrol səfərinə çıxmayıb. Amma bu ilin oktyabrında Türkiyəyə dəvət alıblar. Bunu Teatrın direktoru Əli Qasımov dedi.

Direktor mövsümün yeni tamaşaları, truppanın tərkibi, təmir işləri, yeni planlar haqda danışır. Mövsümünün açılışı üçün işlər gedir. Texniki avadanlıq yoxlanır, zalı isitmək üçün "kombi" istilik sistemi quraşdırılır. İndi içərini 18-20 dərəcə isitmək mümkün olacaq.

Yeni tamaşalara gəlincə, Əli Qasımov bildirdi ki, sentyabrın 15-də mövsümü Oktay Altunbəyin "Şeyx Nizami" əsəri ilə açacaqlar. Tamaşaya Vaqif Şərifov quruluş verib.

Direktor ölkə prezidentinin 2009-2010-cu ildə "Teatrların inkişaf etdirilməsi" haqqında verdiyi Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər planı hazırlandığını bildirdi və 2009-cu ildə 14 teatrın iştirakıyla Gəncədə böyük miqyaslı festival keçirildiyini xatırlatdı. Bundan başqa, 2010-cu ilin əvvəlindən paytaxtda başlayan teatr festivalı indiyədək davam etməkdədir və bu festivalın açılışı Gəncə Dövlət Dram Teatrının "Varlı Qadın", "Ölüm Hökmü" tamaşaları ilə olub.

Gəncə teatrının 40 nəfərlik aktyor truppası var, onlar bu il üçün 5 əsər səhnələşdirməyi planlaşdırırlar. Artıq tamaşalardan 3-ü hazırdır. Bunlardan biri faşizm üzərində qələbənin 65 illiyinə həsr olunan "Ərik ağacı" (Mir Cəlal Paşayev) pyesidir. Dövlət sifarişi ilə hazırlanan bu tamaşa müharibə illərində ziyalıların, müəllimlərin məktəblərdəki fəaliyyəti, onların gənc nəslə vətənpərvərlik ruhu aşılamasından bəhs edir. Bu tamaşanın quruluşçu rejissoru Bakıdan dəvət olunmuş əməkdar artist Loğman Kərimovdur.

Dövlət sifarişi ilə hazırlanan daha bir əsər Jül Rumenin "Knop və ya tibbin təntənəsi" adlı əsəridir. Ona da rejissor (Anar Məmmədov) Bakıdan dəvət olunub. Gənc olmasına baxmayaraq, Anar Məmmədov indiyəcən heç bir tamaşada olmayan bir işi görüb: səhnəyə avtomobil çıxarıb. Əli Qasımov deyir ki, səhnədə hərəkət etmək qabiliyyəti olan bu texnikanın hazırlanmasında Gəncə Avtomobil Zavodunun köməyi olub.

Bu mövsümdə Gəncə teatrsevərləri fransız yazıçı Jan Anyunun "Antiqona" və İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyeslərini də görəcəklər.

Əli Qasımov xatırladır ki, bir zamanlar teatr sənətinə gənclərin marağı çox idi, bu həvəs isə onlarda orta məktəblərdə yaradılan teatr dərnəklərindən gəlirdi, bu gün isə bu dərnəklər yoxdur.

Bununla belə, direktor Mədəniyyət və Turizm Nazirliyinin bir neçə teatrda "Teatr studiyası" açılması üçün müəyyən vəsait ayırdığını yaxşı başlanğıc sayır. Bu studiyalardan biri Gəncə teatrının nəzdində yaradılmışdır. Əli Qasımov:

"Televiziya elanları ilə istedadlı gənclər teatra dəvət olundu. Bu çağırışlardan sonra müraciət edənlər çox oldu. Lakin sonradan onların əksəriyyəti dağılışdı, bəziləri universitetlərə daxil olub tələbə oldu".

Direktor hazırda həmin gənclərdən yalnız 3-nün teatrda qalıb işlədiyini dedi. Ə.Qasımov söylədi ki, studiyanın gənc aktyorları ilə birgə Abdulla Şaiqin "Tıq-Tıq xanım" nağılı əsasında tamaşa hazırlayıblar, tamaşa uğurlu alınıb. Onu Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə Qazax, Gədəbəy, Şəmkirdə qastrol səfərlərində oynayıblar.

Bu teatr son illər tamaşaçı qıtlığını yaşayıb. Gəncə Teatrında axşam seansları olmayıb. Bakıdan rejissor Bəhram Osmanovun Gəncə teatrına göndərilməsi, dövlət televiziyası yerli telekanallarda Teatrda oynanılacaq tamaşaların "Afişa" rubrikasında qeyd olunması teatrdan soyumuş tamaşaçılarda yenidən həvəs oyadıb. Biletlərin qiyməti gündüz tamaşaları üçün 1, axşam tamaşaları üçünsə 2 manat təşkil edir. Hər gün 1-2 seans, bayram günlərində isə 4 seans oynaya bilirlər.

Əli Qasımov 1981-ci ildə təyinatla Gəncə teatrına göndərilib, aktyor olub, inzibati işlərdə çalışıb artıq iki ildir direktor vəzifəsindədir. Əvvəllər həftədə 3 tamaşa oynanılıb, bu mövsümün açılışından sonra həftənin 6 günü, günə 1 tamaşa oynamaq nəzərdə tutulur. Əli müəllim qeyd edir ki, əgər tamaşaçı sayı 20-dirsə, demək, teatr göstərilməlidir.

Müsahib qeyd edir ki, əsərləri səhnələşdirmək üçün Mədəniyyət İdarəsi tərəfindən ayrılan maddi vəsaiti xərcləyərkən "ayaqlarını yorğanlarına görə uzatmalı" olurlar. Məsələn, "Knop ya tibbin təntənəsi" tamaşasına 12000, "Ərik ağacı"na isə 9800 manat vəsait ayrılıb.

Əli Qasımov nostalgiyaya qapılaraq teatrın keçmiş şöhrətini yad edir: Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Muxtar Avşarov, Mehdi Məmmədov, Adil İsgəndərov buradan gediblər, lap sonuncu gedən Telman Əliyev olub, Məmməd Bürcəliyev, Ələddin Abbasov, Fədayə Mustafayeva kimi aktyorlar burada inkişaf ediblər...

Ə.Qasımov teatr binasının vəziyyətinə toxundu:

"Bu gün teatr binası günün tələblərinə qismən cavab verir. Sovet dövründə quraşdırılan texniki avadanlıq isə artıq sıradan çıxmış vəziyyətdədir. O vaxt qurulan işıqlandırma projektorlarının ehtiyat hissələri yoxdur. Həmin hissəsləri istehsal edən zavod da indi yoxdur. Müasirlərini qurmaq üçünsə köklü dəyişiklik edilməlidir. Buna isə teatrın maddi imkanı yoxdur".

Bir neçə il öncə burada səhnəni cəmi 4 lampa işıqlandırırmış, indi isə 20-yə yaxın lampa işlək durumdadır. Bu gün üçün pis deyil. Direktor bir şeyi diqqətə çatdırdı ki, 2011-2014-cü illərdə nazirlik tərəfindən investisiya proqramına Gəncə Dövlət Dram Teatrı da salınıb. Çox ehtimal ki, 2011-ci ildə bina əsaslı təmir olunsun.

Səhnə paltarlarının hazırlanması və dekorasiyalar üçün də maddi imkanlar azdır. Əli Qasımov:

"Vaxtilə teatrın kostyumerləri, dərziləri olub ki, onlar yalnız səhnə paltarları tikirdilər. Amma bu gün bu kadrlar da çatışmır. Bəzi tarixi geyimlər var ki, onu adi dərzilər lazımınca tikə bilmir. Məsələn, "Şeyx Nizami" əsərində Nizaminin paltarını mən Bakıda tikdirmişəm. Amma bu bizə çox baha qiymətə başa gəlir".

Teatr Gəncənin 2504 yaşını qeyd etmək üçün Şəhər Gününə hazırlıq məşqləri edir. Onlar həmin gün Gəncə Darvazası və Nizami Gəncəvinin heykəli önündə bədii kompozisiyalarla çıxış edəcəklər.

 

 

Aytən Ələkbərova 

 

Ayna.- 2010.- 18 sentyabr.- S.20.