Babək Qurbanov: "Türklərdə milli musiqi alətlərinə dərin sayğı var"

 

Mənəvi dəyərlərə bağlılıq millətin ayaqda qalmasında önəmlidir

 

Xalq şairimiz Osman Sarıvəllinin ailəsində dünyaya göz açan (1939) filosof-alim Babək Qurbanov 1992-ci ildən Ərzurum Atatürk Universitetində fasiləsiz 16 il çalışıb. Son iki ildə Qaziantep Universitetində işləyir. Onun çalışdığı bu universitetlər çox böyük elm kompleksləridir və Babək müəllim Bakıda özünü "universitet" adlandıran bir təhsil ocağının kiçik bir binaya necə "sığışdığına" təəccüb edir.

Babək Qurbanov Azərbaycan Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən (1962) sonra musiqinin estetikası onun elmi fəaliyyətində aparıcı istiqamət olub, namizədliyini Bakıda, doktorluğunu Moskvada (1981) müdafiə etmişdi. İyirmi beş ildir professordur. 1985-92-ci illərdə İncəsənət İnstitutunun fəlsəfə, mədəniyyət nəzəriyyəsi kafedralarının müdiri olmuşdur. Bakının və Moskvanın elmi çevrələrində kifayət qədər tanınır.

Yeri gəlmişkən, Babək Qurbanovun musiqi əsərləri də az deyildir. "Azerbaycan bezek sanatı" (1997) "Musiqinin bədii-estetik məsələləri" (2000), "Azərbaycan incəsənəti: təriflər, təhriflər" (2001), "Muzigin bazi sanatsal-estetik sorunları (2005) isə Babək Qurbanovun Bakıda və Türkiyədə işıq üzü görmüş əsərlərinin tam siyahısı deyildir.

Babək müəllim tətillərdə adətən Bakıya gəlir, dərslərin başlandığı ərəfədə geri dönür. Onun Bakıda olduğunu dostumuz Zakir müəllim xəbər verdi. Onunla görüşüb, söhbətləşdik. Deyim ki, Babək müəllim bir filosof və musiqişünas olaraq maraqlı müsahibdir. Zakirin "monolit"dəki iş kabinetində oturub filosof və musiqiçinin ömrünün Türkiyə illəri barədə danışır, bu qardaş ölkədə təhsilə və elmə münasibət barədə onun təəssüratlarını dinləyirik.

- Ərzurum Atatürk Universitetindən sonra məni Qaziantep Universitetinə dəvət etdilər. Burada yeni bölüm açmaq istəyirdilər, mən razılaşdım. Atatürk Universitetində fəlsəfəni, daha çox da sənət fəlsəfəsini tədris edirdim, sonra estetika fənnini tədris etdim. Gözəl sənətlər fakültəsi var, burada musiqi tədris olunur düşündüm: niyə musiqi estetikası tədris olunmasın? Təklifimə razılıq verdilər. Vaxtilə musiqi fəlsəfəsindən müdafiə etdiyim üçün bu fənnin tədrisi mənim üçün nisbətən asan idi. Ümumilikdə isə bu illər ərzində Atatürk Universitetində 7-8 "qohum" fənləri, hətta türk düşüncə tarixi fənnini tədris etməli olmuşam. İndi iki ildir Qaziantep Universitetində çalışır, eyni fənləri tədris edirəm.

Türk düşüncə tarixi mənim üçün yeni bir fənn idi. Ən qədim dönəmlərdən müasir günümüzə qədər bunu izləməli oldum. Bunun üçün dünya türkoloqlarını oxumalı oldum, oxuduqca çox şey mənim üçün aydın olurdu. Ziya Hilmi Ülken - çox məşhur türkoloqdur, onun "Çağdaş türk düşüncə tarixi" adlı sanballı bir əsəri var, onda bizim Əli bəy Hüseynzadəyə yer verilib.

Bilirsiniz, türkcədə fəlsəfi terminlərin çoxunu nədənsə fransızcadan götürüblər. Bizdə bəziləri deyirlər ki, türkcə azərbaycanca eyni dildir - amma fərqliliklər çoxdur, gərək Türkiyə türkcəsinin incəliklərini biləsən.

Elə vaxtlar olur, dərsdə iki saat danışmalı oluram. Tələbələr diqqətlə dinləyir, müəllimin söylədiklərini lentə alırlar ki, heç diqqətdən qaçmasın.

Mən Bakıda çoxlu aspirantlar yetişdirdim. Türkiyədə bu işimi davam etdirirəm. Orada qəbul imtahanlarında da qalıram. deyim, işim çox olur.

- Siz sovet, rus - yəni Moskva fəlsəfə məktəbi zəminində yetişdiniz. Oradan Türkiyə auditoriyasına daşıdıqlarınız?..

- Bir işimi qeyd edə bilərəm. Rusların XX yüzildə ən çox sayılan filosoflarından olan Nikolay Berdyayevin (1874-1948) "Rus kommunizminin qaynaqları anlamı" əsərini rus dilindən çevirib 2008-də Ərzurumda nəşr etdik. Yeri gəlmişkən, bu məşhur əsər Avropanın bir çox dillərinə çevrilmiş olsa da, bu vaxtadək türkcədə yox idi.

- Türkiyə bir ölkə olaraq filosof Babək Qurbanovun təsəvvüründə?..

- Türkiyə - böyük ölkədir. Türkiyənin adi gözlə görünən görünməyən tərəfləri var. Dünyanın ən böyük dövlətləri ilə Türkiyənin ilişgiləri var, qardaş olsaq da, Türkiyənin öz çıxarları var, bu ölkədə çeşidli siyasi qüvvələr var, aralarında mübahisə gedə bilir, bizim ölkəyə qarşı münasibətlər dəyişə bilir, bizimlə yaxınlaşmaya əngəl olan qüvvələr, etnik qruplaşmalar çıxır ortaya. Təbii ki, Türkiyəni bütün tərəfləri ilə, çox mürəkkəb spektri ilə bilməyimiz nəzərə almağımız gərəkir.

- Ərzurumda 16 illik çalışma elmi karyeranızda nə kimi bir mərhələ oldu?

- Türk dünyasını daha yaxşı tanımağa başladım. Axı bizim ölkədə təhsildə bu yöndə yetərli bilgi verilmirdi. Hətta türkoloji bölümdə daha çox qrammatikanın, dilin öyrədilməsinə fikir verilirdi. Təbii ki, bu da önəmlidir, amma türksoylu ölkələr ideoloji aspektdən öyrədilmirdi. Bu dünyada bizim yerimiz nədir? - bunu bizə öyrətmirdilər.

O vaxt türksoylu xalqların mənən bir-birinə yaxınlaşması arzu edilmirdi, bu yaxınlaşma sovet ideoloqlarının izlədiyi "sovet xalqı" ideologiyasına zidd idi. Onlar görməyə bilməzdilər ki, türksoylu xalqlar sayca çoxdurlar və bu hal onlara qorxulu görünürdü. Düşünürdülər, bir-birinə dəstək verib SSRİ-dən ayrıla bilərdilər. Ona görə də bu xalqların mənən bir-birinə yaxınlaşmasına yol verilmir, onları ayrılıqda saxlamaq məsləhət bilinirdi. Mədəniyyətləri, sosial-mədəni həyatları, keçmişləri, qazandıqları başarıların ayrılıqda öyrədilməsinə diqqət yetirilirdi.

Türkiyədə bu işlərin fəlsəfi tərəfinə diqqət yetirərkən gördüm ki, o zaman SSRİ-də milli mədəniyyətlərin rus ideologiyasında assimilyasiya-dessimilyası prosesləri barədə Qərb sovetoloqları çox şeyi bəlkə də doğru deyirmişlər. Fəqət o zamanın ideologiyasına görə, biz onların söylədiklərinin əleyhinə getməli idik. Məsələn, mənim 1984-cü ildə rus dilində çapdan çıxmış "Azərbaycan incəsənəti xaricdə" kitabım bu platformadan yazılmışdı, baxmayaraq ki, o kitabımda daha çox onların söylədiklərini yazmışam. Ərzurum illərində isə bu məsələlərə ümumilikdə yeni gözlə və dərindən diqqət yetirdikdə, məndə fərqli nöqteyi-nəzərlər formalaşdı.

- Bizdə son illərdə musiqimizin saz yaradıcılığı qoluna böyük önəm verilməyə başlayıb. Sizin görümünüzdə Türkiyənin mədəniyyət siyasətində bu məsələnin qoyuluşu necədir?

- Bizdə son illər aşıq yaradıcılığına Azərbaycanda çox böyük önəm verildiyini yalnız təqdir etmək gərəkdir. Aşıq yaradıcılığına Türkiyədə də çox böyük önəm verilir. Musiqi məktəblərinə girmək istəyənlərin azı 70 faizinin əlində bağlama (türkcədə sazın adı) görürük. Bizim saza çox bənzəyir, bir az tembri aşağıdır. Düşünürsən, başqa musiqi alətləri yoxmu? Skripka, violençel, pianino, nəfəs alətləri də var axı... Mən konservatoriya bitirdiyimə görə fikrimdən bu keçir. Amma düşünürsən ki, millətin ayaqda qalmasında saza belə bir münasibətin bəlkə də rolu olmuşdur. Türklər milli musiqi alətlərinə, mənəvi bilgilərə, estetik dəyərlərə çox bağlıdırlar, dərin sayğıları var.

Karsda Aşıq Şenliyə həsr olunmuş böyük bir uluslararası konfrans oldu, mən də çıxış etdim. Rəhmətlik professor, folklorşünas Mürsəl Həkimov da gəlmişdi. Bu yaxınlarda Qaziantep Universitetində deyildi ki, Çobanoğlunun yubileyi yaxınlaşır. Bizi Qaziantep yörəsi Osmaniyyə ilçəsinə bağlı bir köyə aparmışdılar. Orada 200-300 il bundan öncənin sazında çalan xalq aşıqlarını, ozanları gördük. Qəribəydi, bu ifalar həm bizim musiqiyə, həm türkmən musiqisinə yamanca bənzəyirdi.

- Qaziantepdən Ərzuruma dönək.Ərzurum bizim təsəvvürümüzcə Qafqaz ilə Anadolu arasında bir mənəvi körpü kimi görünür. Ərzurumlu böyük filosof və şair İbrahim Həqqi hələ sağlığından biz tərəflərdə çox sevilən şair və mütəffəkir olub. Orada da, bizdə də Qarayazı adlı məkan var. Yəni bağlayıcı vəsilələr çoxdur. Bunları bilirdinizmi?..

- Türkiyənin məhək daşı, Ərzurumun dadaşı - orada belə bir söz var. Ərzurum - Türkiyənin ən döyüşkən, ən ruhlu insanlarının vətəni sayılır. Ərzurum insanı ruhən azərbaycanlılara çox yaxındır, mən onların arasında özümü öz evimdəki kimi hiss edirdim. Ləhcə yaxınlığı hər addımda hiss olunur. İbrahim Həqqiyə gəldikdə, İbrahim Həqqi həzrətləri ensiklopedik biliyə malik bir filosof və şəxsiyyət idi. Öz dünyagörüşünü əks etdirən "Mərifətnamə" adlı çox məşhur bir əsəri var. Onun şeirləri azərbaycancaya çox yaxındır. Ərzurum yaxınlığında Pasinlər adlı məntəqənin bir adı da Həsənqaladır, deyilir ki, bizim Uzun Həsən Ağqoyunlu orada qala tikdiribmiş. Deyim ki, tez-tez Bakıya gəlib-getdiyimə görə Ərzurumda bir gün də darıxmadım. İşimin çoxluğu da məni darıxmağa qoymurdu.

- Bəs Qaziantep Universitetində işiniz nədən ibarət olacaq?

- Mən oranın professoruyam. Daha doğrusu, məni orada universitetin nəzdində Türk Musiqisi Dövlət Konservatoriyasına dəvət etdilər. Əsas vəzifələrdən biri də oradakı elmi potensialı hərəkətə gətirməkdir. Orada bir neçə dəyərli insan var, amma müdafiə etməyiblər. Səbəb odur ki, orada elmi şura yaranmayıb. Mən orada bir rol oynaya bilərdim. Bizim bir yaxşı saz ustadımız var - İlqar İmamverdiyev, bu yaxınlarda doktorluğunu müdafiə elədi. O da orada çalışırdı. İndi mənim ora gəlməyim elmi potensialı daha da gücləndirə bilər.

Burada Azərbaycan Konservatoriyasının rektoru Fərhad Bədəlbəyli ilə razılığa gəlmişik ki, onlardakı elm adamlarının müdafiəsini Bakıda təşkil edək. Orada üç nəfərin elmi rəhbəriyəm. Yetkin insanlardır. İndi onların Bakıda müdafiə imkanları olacaqdır. Oranın müdiri Ruhi Ersoy bəy Qaziantep ilə Bakı arasında bu elmi əlaqələrə çox böyük imkan yaradan şəxsiyyətlərdən biridir. Fərhad Bədəlbəylinin elmi işlər üzrə müavini professor Gülnaz xanım Abdullazadə də öz növbəsində bu işə böyük imkanlar yarada bildi.

Bayaq aşıq musiqisindən söz düşdü. Məncə, qapanıb təkcə xalq musiqisində qalmaq düzgün deyil. Üzeyir bəy muğamla bərabər aşıq musiqisini də gözəl bilirdi. Fikrət Əmirov, Bülbül, Niyazi, Əfrasiyab Bədəlbəyli hər zaman deyirdilər ki, musiqidə bizim iki qolumuz var. Biri aşıq-ozan musiqisi, biri də klassik muğamlar. Onlar bir-birlərinə yaxın olduqları qədər də bir-birlərindən fərqlidir. İkisi də lazımdır. Özəlliklə qadın aşıqların varlığı bədii sərvətdir. Hazırda Azərbaycanda muğam və aşıq musiqisinə dövlət siyasəti səviyyəsində böyük önəm verilməsi, təkrar edirəm ki, təqdirəlayiqdir. Həm klassik muğamı, eyni zamanda aşıq yaradıcılığını insanlara sevdirmək gərəkdir. İndiki işlərin bəhrəsini bir az irəlidə görəcəyik. Bunlar xalqın mənəvi mədəniyyətidir, bunları muzeydə deyil, canlı olaraq qoruyub saxlamaq gərəkdir...

 

 

İsmayıl Umudlu 

 

Ayna.- 2010.- 25 sentyabr.- S.19.