"Leyli və Məcnun" operasının ilk nümayişi qeyd olunur
Eyniadlı tamaşa yanvarın 9-da oynanılacaq
Yanvarın 12-də dahi
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"
operasının ilk dəfə nümayiş etdirildiyi
gündür. Bununla əlaqədar olaraq yanvarın 9-da Akademik
Opera və Balet Teatrında "Leyli və Məcnun"
operasının tamaşası təqdim ediləcək. Məcnun
rolunun ifaçısı, xalq artisti Mənsum İbrahimovun
söylədiyinə görə, tamaşanı tərəf-müqabillərindən
biri olan Nəzakət Teymurova ilə birlikdə oynayacaq.
"Məlum olduğu
kimi, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də
Bakıda Hacı Zeynalabdin Tağıyev teatrında göstərilən
"Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda
deyil, bütün Şərqdə opera sənətinin əsası
qoyuldu. Operanın yaranma tarixi və növbəti
ildönümü ilə əlaqədar ayın 9-da Məcnun
olaraq nöbvəti dəfə səhnəyə
çıxıram. Bu mənim 2010-cu ildə ilk tamaşam
olacaq".
Mənsum İbrahimov
yeni yaradıcılıq planlarından da söhbət
açıb. Xanəndə ötən ildən
yarımçıq qalan diskini yaxın vaxtlarda tamamlamaq fikrindədir.
Xalq mahnıları, təsnif və muğamlardan ibarət
olacaq albom bir aya dinləyicilərin ixtiyarına veriləcək.
Klip çəkdirməyə gəlincə, sənətçi
bunun yalnız maddi problemlərlə əlaqəli
olmadığını qeyd edib:
"Mənim video
yazılarım mütəmadi olaraq, müxtəlif kanallarda
nümayiş etdirilir. Bu, məni qane edir. Ona görə də
hələ ki klip çəkdirmək zərurəti
görmürəm. Nə vaxtsa ehtiyac duysam, yəqin ki, klip
çəkdirəcəm".
Mənsum İbrahimov bu ayın
sonunda Misirə səfərinin gözlənildiyini də
vurğulayıb. Qahirə və İsgəndəriyyədə
baş tutacaq konsertlərdə xanəndəni həmişə
olduğu kimi, Elçin Həşimov və Elnur Əhmədov
müşayiət edəcəklər.
Ayna.-2010.-9 yanvar.-S.20.