"Telekanallarda
hərəkət müşahidə
edilir"
Nizami Cəfərov:
"Bundan sonra inkişaf da olacaq"
Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin telekanallarla bağlı dərc etdiyi məqalədən sonra bu sahədə müsbət dəyişiklik
müşahidə edilib-edilmədiyi
barədə MM mədəniyyət
məsələləri üzrə
komitəsinin sədri,
millət vəkili Nizami Cəfərovun fikrini soruşduq. Telekanallarda hərəkətin
müşahidə olunduğunu bildirən millət vəkili
dedi:
- "Azad Azərbaycan"
televiziya kanalında xüsusi bir ekspert şurası
yaradıldı. Yəqin ki, Dövlət Televiziyası və
digər özəl televiziyalarda da hərəkət var. Əsas
məsələ bunları göstərmək, demək, bu vəziyyətin
özünün nə şəkildə olduğunu təsvir
etmək idi. Bundan sonra, əlbəttə, inkişaf da olacaq və
vəziyyətdən çıxış yolları
axtarılacaq. Buna nə dərəcədə nail olunacaq, bu
başqa bir məsələdir. Ancaq hər halda dəyişiklik
olacaq.
- Ramiz müəllimin məlum məqaləsindən
sonra televiziya rəhbərləri ilə görüş
keçirilməsinin aktuallığı qalırmı?
- Əslində Ramiz
müəllimin bu məqaləsi bir qədər də görüşləri
koordinasiya etdi. Sadəcə, büdcə məsələləri
bir az başımızı qatıb. Bundan sonra Milli Məclisin
mədəniyyət komitəsində televiziya rəhbərləri
ilə görüşümüz olacaq. Ancaq bu
görüş, ümumiyyətlə, televiziya siyasəti ilə
bağlı olmayacaq. Görüş televiziyada mədəniyyət
və incəsənət məsələlərinin təbliği
ilə əlaqədar olacaq. Çünki bizim
üçün maraqlı olan odur. Bədii proqramlar,
onların səviyyəsi, aparıcılıq
texnologiyaları, verilən filmlər, musiqilər,
şou-biznesin televiziyada əks olunması texnologiyaları məsələləri
ətrafında müzakirələr keçiriləcək.
- Yaxın aylarda mədəniyyət məsələləri
komitəsində hansı yeni qanun layihələrinin
müzakirəsi nəzərdə tutulub? Hansısa qanunlara əlavə
və dəyişikliklər gözlənilirmi?
- Var, çoxdur. Hər
dəfə hansısa qanunlara əlavə və dəyişikliklər
baş verir. Bir müddət əvvəl bir neçə
konvensiyanı mədəniyyət məsələləri
komitəsində müzakirə etdik və onlar təsdiq
olunacaq. Bundan başqa bir sıra qanunlar da var ki, onlara
vaxtaşırı dəyişikliklər olunur və bununla
bağlı müzakirələr keçirilir. Ancaq bizim əsas
işimiz "Mədəniyyət haqqında" qanunla
bağlı olacaq. Biz bu qanun üzərində çoxdan
işləyirik. "Mədəniyyət haqqında" qanun
10 il əvvəl qəbul edilmiş bir qanundur.
Çalışacağıq ki, onu müasir tələblərə,
səviyyəyə uyğunlaşdıraq.
Xatun
Ayna.-2010.-9 yanvar.-S.20.