Oqtay Mir Qasım: "İnsanlar bir-birlərini heç bir zaman anlamır"

 

Oturub səssizcə izlədiyimiz film, bizi sınırsız ehtimallar üzərində düşünməyə sövq edərkən, eyni zamanda anladılan hekayələrlə dünyagörüşümüzün biçimlənməsinə təsir edər. Yaxşı rejissor - çəkdiyi filmlə seyrçinin içində xəyallar oyandırıb, onları olayların içinə qatan, düşündürərkən, rahatlıq gətirən insandır. Hər filmin bir hekayəsi var. Və hər hekayə nə qədər gerçəkdirsə və ya gerçəyə yaxındırsa, o qədər təsirlidir. Azərbaycanın dəyərli rejissoru Oktay Mir Qasımla çocuqluq illərindən başlamış bu ən sonda çəkdiyi "Xoş gəldin, Mələk" filminədək çox şeydən danışdıq.

- Yaşanan çocuqluq - həyatımıza yön verən, bizi biçimləndirən, həyata hazırlayan ən önəmli təəssüratdır. Sizin çocuqluq illəriniz necə keçdi?

- Çox bəxtiyarlıq dövrüydü mənim üçün. Bilirsiniz, bəzən mənə elə gəlir ki, mən artıq formalaşmış bir insanam, buna görə məhz çocuqluq illərimə borcluyam. Təmiz, saf və təzəlik qoxusu verən təəssüratlar... Və bir cənnətdi bu. İlk sırada onun üçün ki, o zaman heç bir mənfi insanın mənfi sifətindən xəbərimiz yox idi. Ata, ana və qohum olaraq gördüyüm və tanıdığım insanların hamısı çox saf və təmiz idi. Xəyanətin nə olduğunu bilmirdim. İkiüzlülüyün nə olduğunu bilmirdim. Vətən torpaqdı. Torpaq üçün çalışdıq.

Ailədə atam bu mövzuya, yəni torpaq və əməyə çox fikir verirdi. Böyüyün sözü bir qanundu. Amma qürur, mənlik, şərəfli olmaq, hətta çempion olmaq bu birinci və ən önəmli məqsəd olmuşdu. Geridə qalmaq mümkün deyildi. Hər şeydə birinci olmaq. Böyük sözü qanun idi. Bu bir paradoks.

Atam bənzərsiz, gözəl bir insandı. O, dindar bir ailədə doğulmuşdu və babam onu din xadimi olmağa hazırlayırdı. Və o, uşaqlıq illərindən çox istedadlı idi. Bu üzdən də babam ona güvənirdi. Amma atam bunu istəmədi. Dünyəvi elmlər onu cəzb etdi. O, atalarının qanununu pozdu və 13 yaşında məktəbə getdi. Ailədə bu bir dram olmuşdu. Babam onu uzun illərdən sonra bağışladı. O, həkim oldu. Çünki bunun əslində xəyanət deyil, inkişaf forması olduğunu gördü. Atam, bolşevizmi qəbul etmədi. Bu, atam.

Anam kübar bir ailədə doğulmuşdu. Atam 38, anam 16 yaşında. Atam elçiliyə təkbaşına getmişdi. Ailə çox nümunəvi və tərbiyəli bir ailə oldu. Beş oğlu doğuldu, beş uşaq böyütdülər. Atamın sifəti, onun siması, gözəlliyi bununla ifadə olundu. Atam dindar ailədən idi, Seyid soyadında "Mir" də onu göstərir.

Amma atam olduqca təhsilli və səviyyəli bir adam idi. Şərqin təsiri altında inkişaf etmiş, amma riyaziyyat, coğrafiya, fizika və hər sahədə bilik almış bir adamdı. Mən onu çox aydın zəkalı və kübar bir adam sayıram. Anam Avropaya daha meyilli bir ailədə doğulmuşdu. Ana tərəfdən babam Polşada oxumuş, nənəm rus məktəbini bitirmişdi. Avropaya, Batıya yaxın yöndə yetişmişdilər. Amma çox böyük bir birlik və maqnitizm vardı hər ikisinin arasında. İki ailə arasında heç bir problem olmamışdı. Elmlər Akademiyasının ilk prezidenti idi. KP-nin üzvü olmadı, istəmədi. Özgürlüyünü itirmək istəmədi və onu oradan çıxardılar. Diktatorluq rejimi idi. Azərbaycanın başında Mir Cəfər Bağırov "yox" dedi və möcüzə oldu - 15 dəqiqə sonra onu oturduğu kürsüdən atırlar. Amma atam toplumda malik olduğu hörmətini itirmədi. Bu mənim ailəm.

Biz çox dinamik bir həyat sürdük - idman, turizm, səyahət, velosipeddə uzun məsafə qət etmək və heyvanlar aləmilə təmasda olmaq - bu yöndə çox sərbəstlik verilmişdi.

Hər bir çocuğun ailədə müqəddəs borcu - elmdə, sənətdə, məktəbdə özünü təsdiqləməkdir. Bu bizim üçün çox önəmliydi. Və bu üzdən işim yaxşı gedirdi: 14-15 yaşında velosipedlə 70 km gedirdim. Mərdəkana gedib gəlirdim. Hava limanına gedər, geriyə, Sumqayıta gedib qayıdardım.

- Sizi rejissor olmağa yönəldənlər oldumu?

- Bu bir sirdir mənim üçün, amma qüsura baxmayın, bunu belə söyləyirəm. Çünki heç də bunu özəl bir qəhrəmanlıq saymıram. Bu mənim üçün problem deyil. Amma çox soruşurlar. Gerçəkdən də ilginc bir məsələ. Mən bu nöqtəni tapa bilmirəm. Nə zaman bu qərarı alıb, nə zaman ilk dəfə düşünüb, ilk dəfə başladım? 16 yaşındaykən film studiyasına getdim və oradan iş aldım. Zirzəmidə kimyəvi maddələr qarışdırdım. Oradan başladı çəkilişlər. Və maraqlı kadrlar.

Moskvada 3 il universitetə getdim, sonunda qəbul edildim. Müsabiqə çox ağır idi. Amma bu anda Yazıçılar Birliyindəyəm və bura mənim üçün təsadüfi deyil və bizim sizlə burada görüşdüyümüz zaman düşünmək olar ki, bu, çox təbiidir. Mən 50 ildən çox kinodayam, film çəkilişlərindəyəm, amma ədəbiyyat rahatlıq tapdığım bir yerdir. Sanki raallıqdan qaçıb özümü gizlədə bilirəmsə, bu da ədəbiyyatdır. Filmçilikdə insan özünü normal ifadə edə bilmir, çünki faydalı əmək faizi əmsalı filmçilikdə çox aşağıdır. Ümumiyyətlə, filmçilik çox faciəvi bir sənətdir. Belə bir söz var: iynəylə gor qazmaq. Filmçilik budur. Onun üçün bir çox insanlarla təmasda olursan. Uğurun və qane olmağın o insanlarla bağlıdır. İşin texniki tərəfi istədiyin qədər keyfiyyətli olmur.

. Sponsor, bazar, siyasət var. Rahatlıq yox. Mən heç zaman qaça bilmərəm. Bu film dünyası mənim dünyamdır. İşsiz olarkən ağlayıram, amma bəzən də nifrət edirəm. Ədəbiyyat müqəddəsdir. Sənə təbiətdən Yaradıcılıq qismət olmuş. İstedad özünü ifadə eləyə bilir. Bir qələm, bir kağız. Başqa bir şeyə gərək yox. Və xəyal. Xəyalda gördüyün nə varsa, onu təsvir edirsən. Amma filmdə belə deyil. Sevdiyimdən nifrət edirəm. Bu mənim özüm.

Zəncirləri qıra bilmərəm, onlarla bağlanmışam. Amma özüm üçün intim olan etirafları yalnız yazıyla anlada bilərəm.

- Bir filmi uğurlu edən şeylərdən ən önəmlisi rejissordur. O, istedadından və təxəyyülünün gücündən istifadə edərkən, heyranlıq oyandıran təfərrüatlar və ustalıqla lentə alınmış görüntülər yaradaraq aktyor və aktrisaları da yönləndirir. Siz necə bir rejissorsunuz? Bu günədək neçə film çəkdi

- Mən gücsüzəm. Bu suala cavab vermirəm. Çünki gerçəkdən bilmirəm. Səmimiyyətlə deyirəm. O qədər dahilər var, qarşısında baş əydiyim dahilər var ki. Akura Kurosava, Federiko Fellini, Milos Forman, Jan Viqo kimi rejissorlar... Amma o qədər zəif, o qədər bu meydanda artıq olan, özünə rejissor deyən insanlar var ki... Onun üçün nə yazarlara, nə aydınlara, nə adi insanlara, nə də özümə cavab verə bilmirəm. Amma tələbələrimə belə deyərəm: siz, əzizlərim, özünüzün yalnız peyğəmbər olduğunuzu düşünməlisiniz. Əstağfurulla, bu pis səslənsə də, siz dünyanın mərkəzində ola bilərsiniz, hədəf bu. Rejissor həm sərkərdə, həm də xilaskar, həm loğman, həm də imam olmalıdır. Hədəf bu. Avtoritet olmalısan. O zaman ki, mərhəmət cilovlaya bilmirsən, işini də itirərsən, insanlar da səninlə bərabər itirər. Eyni zamanda burada bir pedaqoji var. Və sevgisiz çalışa bilməzsən. Həm sevgi, həm intizam.

Bu günə kimi uzunmetrajlı dramatik yeddi film çəkdim. Bir çox qısametrajlı film və sənədli filmlər çəkdim, TV üçün ssenarilər...

Daha az sevdiyim, daha zəif və uğursuz saydığım filmlər var,təbii ki, amma onları soyuqqanlı olaraq çəkdim, yaratdım. Zaman keçdikcə hər film geridə qalmış, çox dumanlı xatirələrə çevrilir. Amma daha çox sevdiyim, bilirsinizmi, nədir? Daha çox sevdiyim üzərində düşündüyüm bir layihədir. Amma çəkilişlər başlanan kimi sevgi keçib gedər. Layihələr xoşbəxtlik verir insana.

- Çox insanın həyatında unutmadığı, yaddaşında saxladığı filmlər var. Hətta o film bəlkə də insanı həyatda güclü olmağa, başarılı və xoşbəxt olmağa götürən yolda bir açar rolu oynar. Siz filmlərinizi çəkərkən nələr hiss edirsiniz?

- Çəkiliş adi texniki bir prosesdir. Çünki bundan öncə söylədiyim kimi, xəyalımda layihə olan fikri düşünərkən həyəcanlanıram. Hətta qarşı-qarşıya gələn qəhrəmanları sevirəm. Mənim üçün əsla müsbət, mənfi fərqləndirməsi yoxdur. İnsanlar bir-birlərini heç bir zaman anlamırlar. Bu, bir dramdır. Bütün filmlərdə bu fikrin ifadəsini tapmaq mümkündür. İnsanları, qəhrəmanları düşünərkən sevirəm. Amma iş sırasında bir layihə həyata keçirmək çox formal bir prosesdir. Təbii ki, aktyorla iş gedir. Onlar üçün çox önəmli. Mənim üçünsə çox texniki və incə bir prosesdir. Düşündüyüm zaman daha səmimi oluram. Filmi xəyalımda, başımda anarkən daha duyğulu oluram. Texniki baxımdan səhnə çəkilişi hipnozdur. İnsanlarla təmasda olmanın da texnikası var. Aktyora bunu anlatmaq texnologiyam da var, amma soyuqqanlı oluram. Nə edəcəyimi bilirəm. Məni bu nöqtədən başqa yerə qoymaq mümkün deyil.

- Ən son çəkdiyiniz "Xoş gəldin, Mələk" filminin necə yarandığını anlada bilərsinizmi?

- Bir dəfə şəhərdə küçədə gedərkən diqqətimi bir cüt cəlb etdi. Gənc zabit və onun qoluna girmiş bir qız. Onun nişanlısı fərz edə bilərsiniz. Hər ikisinin üzündə işıq vardı. Məhəbbət işığı və qürur işığı. Qız onun yanında gedənin, seçdiyi insanın əsgər olmasından qürur duyurdu. Savaşan, vətən uğrunda savaşan insan. Oğlan da qürurluydu: onun yanında gedən qız gözəldi. Gözəlliyi şəkil olaraq, zahiri görünüş olaraq deyildi, iç gözəlliyi vardı. Onun sevgilisi bəlkə onu hər kəsdən daha işıqlı bir qız deyə düşünürdü. Mən dayandım və onlara baxdım. Özümü itirdim. Onlar da hiss etdilər. Oğlan tutuldu. Çünki mən gülümsəyirdim. Qız da utandı. Başımla salam verdim. Onlar utanaraq mənə salam verdilər. Bir an dönüb oğlan yenidən mənə baxdı. Və bir daha onları görmədim. Bir mələk kimi. Amma o qədər böyük gözəllik vardır ki... Çox böyük bir zaman bu duyğularla yaşadım. Öncə bu bir impuls oldu. Anlaşılmaz bir görüntü. Amma sonra nəbzim vurmağa və dramatik bir yanaşma başladı. Nədən mən onlara belə diqqətlə baxdım, zövq aldım? Çünki qəhrəmana olan sevgini gördüm. Bizim zamanımızda moda, diqqət çəkənlər bankı, TV ulduzu, müğənni, iş adamı, bahalı maşın sürən gənc və s. Amma qəhrəman zabit, bu o qədər dəyərli sayılmaz. Bu, impuls olaraq ardından bu hekayəni yaratdı, gətirdi. Layihə nə zaman olur, onu bilmək olmur. İnsanın beynində o qədər çox sistemsiz hərəkət edən molekullar fırlanar ki, onların arasında bunları tutmaq mümkünsüzdür. Belə oldu. Zəncir kimi bu böyüdü, böyüdü, uzandı, hörümçək toru kimi oldu. Bəsit bir həqiqət.

- Həyatın ağladan və güldürən tərəflərini qeyd edən biri olaraq kinonun həyata təsiri haqqında nələr söyləyə bilərsiniz?

- Nə zamansa bəlkə kino dünyada yeni bir şey olan zaman inqilab kimi oldu. Audiovizual təfəkkür gətirdi. 20-ci yüzilin inkişaf yolunda mütərəqqi bir rol oynadı. Dünyaya pəncərə oldu. Qloballaşmanı qəbul ediriksə, kinonu informasiya forması kimi etiraf etməliyik ki, tərəqqinin ayrılmaz bir parçasıdır. Bu günün baxışıyla bu, əyləncə... Onun dünyada olan kino prosesinin yüzdə neçə hissəsi mənəvi ifadələrdir? İnsanların, aydınların, axtarışda olan insanların ifadəsidir? Bu, qarşılıqlı bir məsələ. Son zamanlar TV o qədər yayıldı ki, zaman yox düşünməyə. Bu üzdən TV proqramı milyonlarla. Onların içində gözəllik tapmaq imkansız. Avropa və Amerika kinosu təsirində adam mutant olur. Fransız kinosu amerikalaşır. Amerikalaşmaya pis baxıram. İnsanlığı öldürmə, standartlaşmış mədəniyyət yox olmuş mədəniyyətdir. Zidd fikirlər bizə gərəkdir. Həqiqət mübahisə sırasında ortaya çıxar. Standartlaşma çox təhlükəli şeydir. Və hər yandan sifariş var. Amerika böyük bir mədəniyyətdir, Amerikan ədəbiyyatı dünyaya nə çox töhfələr vermişdir: böyük adlar vardı, indi də var. Amma kütləvi basqına məruz qalmış məhsulları ilə.

- Siyasətə maraq duyursunuzmu?

- Siyasətlə çox maraqlanıram. Pantürkist kimi yaşadım uşaqlıq illərimi. Bu mənim fəlsəfi əqidəm. Mən birliyi sevənlərdənəm. Təbii olan birlikləri. Efesdə Antik Teatrda dünyada olan türk millətlərinin pop, caz və folk festivalını keçirdim. Və bu festivalın sonunda bütün gəlmiş qruplar bir mahnı ifa etdilər. 4 misra - tatar türkcəsi, nəqarat - Türkiyə türkcəsi, 4 misra Azərbaycan türkcəsi, nəqarat - Türkiyə türkcəsi. Orada sözlər təxminən belədir - Biz türklər Uzaq Şərqdən gəldik. Yolumuz çox da asan olmadı. İnsanlarımızı yolda itirdik. Çox əziyyət çəkdik. Biz gəldik ki, sizə ey Adəm və Həvva övladları, anamızın dilində barış və qardaşlıq sözünü söyləməyə. Əziz bəy ilə Oljas Süleymenov Azərbaycan türkcəsini bilir. Bu, mənim atamın fəlsəfəsidir, mənim də fəlsəfəmdir. Əmim Türkiyədə oxumuş, sonra Sorbonnaya getmiş. Hüseyn Cavid atamla dost idi. Son zamanlar baş verən olaylar məni çox narahat edir. Ən mühüm tel - Azərbaycan və Türkiyə arasında olan birlikdir. Bu qırılsa, bitdi hər şey. Və Türkiyə dünyada hörmətini itirər. Türkiyə də kiçilir. Mən Türkiyəni sevirəm və sevdiyim üçün, bunun üçün düşünürəm. Dünyada çox adam artıq, sadəcə, özünü düşünür. Amma elə insanlar var ki, anasının məzarına gedib bir çiçək qoyur, bəziləri isə bir dəfə gedir. Adam var nostalgiyası çox ifratdır, bəzisində isə tərsinədir. Birlik olmadan həyatda gəlişmə olmaz. Avropa nədən birləşir? Türkiyə - türkündür və türkün Türkiyədən başqa dostu yox.

 

 

Yasemin Bayer 

 

Ayna.-2010.-9 yanvar.-S.19.