Qızıl fond deyilən bir günə yaranmır
Buna gərək ömürlər sərf olunsun
Muğam sənətindən, qəzəl
dünyasından söz
açmaq çətindir. Lakin
onu sevmək, anlamaq, qoruyub gələcək nəsillərə
çatdırmaq ondan
daha çətindir. Bunu yalnız bütün həyatını
bu sahəyə həsr edən sənət fədailəri
bacarar. Həmsöhbətim
məhz həmin sənət fədailərindən
biridir. Bu fədai taleyini milli musiqimizin təbliğinə həsr
etmiş insan, Azteleradionun "Musiqi və əyləncəli proqramlar" redaksiyasının
böyük redaktoru Çingiz Abbasovdur.
Ömrünün 35 ildən
çoxunu xalq musiqisinin təbliğinə həsr etmiş
Çingiz Abbasov bu günədək bəlkə milyonlarla
könül sevindirib. Deyirlər ki, bir qəlbi sevindirmək
min Kəbə ziyarətindən üstündür.
Amma telemühit elədir
ki, bu fədakarların əməyi ikinci planda qalır. Diqqəti
çəkən ilk növbədə musiqi
ifaçısı olur. Xalq musiqisinə, muğamlara, qədim
el havalarına ekran həyatı verən, daim axtarışlar
aparan, yeni-yeni təqdimat üslubları düşünənlərin
yaradıcılıq laboratoriyası, bu sahəyə gəlişləri
isə özlüyündə maraqlıdır. Onu bu sahəyə
bağlayan isə erkən gəncliyindən İslam Rzayev sənətinə
sevgisi olub.
...Zərdab bölgəsində
1950-ci ildə ziyalı ailəsində göz açıb. Atası
Qurban kişinin musiqiyə, incəsənətə xüsusi rəğbəti
varmış. Ölkənin bir çox tanınmış
muğam ifaçıları onunla dostluq etmiş, evinin
qonağı olmuşdular. Əslində elə bu səbəbdən
Çingiz də musiqiyə həvəs göstərmiş,
incəsənətə bağlanmışdır. 1968-ci ildə
Azərbaycan Dövlət İncəsənət İnstitutuna
daxil olan Çingiz Abbasov tələbəykən Milli Dram
Teatrında işə düzəlir. Xalq artistləri
İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Hamlet
Xanızadə, Səməndər Rzayev, Məmmədrza
Şeyxzamanov, Həsənağa Turabov və zamanın digər
tanınmış aktyorları ilə ünsiyyətdə
olmağı onun gələcək həyat yoluna işıq
salır.
Sonralar AzTV-nin Musiqi və
Əyləncəli Proqramlar redaksiyasında işə düzəlir.
Elə o gündən bütün varlığı ilə
musiqi dünyasına bağlanır.
2006-cı ilin
noyabrında ölkə prezidentinin sərəncamı ilə
Çingiz Abbasov Azərbaycan Televiziyası və Radiosunun
inkişafındakı xidmətlərinə görə "Tərəqqi"
medalına layiq görülür.
Sənət dünyası ondan razıdır
AzTV-nin qızıl
fondunun zənginləşməsində fədakarcasına
çalışan Çingiz Abbasov indiyədək neçə-neçə
sənətçinin yaradıcılıq yoluna güzgü
tutub. Sənət adamlarının onun haqqında söylədiklərindən:
Xalq artisti Əlibaba Məmmədov:
- O, muğamı, xalq
musiqisini, qəzəliyyatı çox gözəl bilir.
Redaktor üçün bu çox vacib şərtdir.
Xalq artisti,
professor Arif Babayev:
- Xalq musiqisinin təbliği sahəsində Çingizin
əməyi danılmazdır.
Çox
qayğıkeş və
səmimi bir insandır. Xalq musiqimizin böyük
dayağıdır.
Xalq artisti,
professor Canəli Əkbərov:
- Çingiz
Abbasov 35 il
öncə milli musiqimizə, onun qorunmasına necə hörmətlə, ehtiramla
yanaşırdısa, bu
gün də eyni həvəslə xalqımıza xidmət edir. Çingiz Abbasov AzTV-də
musiqiçilərin, mən
deyərdim ki, səlahiyyətli səfiridir.
Əməkdar artist Sabir Mirzəyev:
- Xalq musiqisindən
söhbət düşən kimi Çingiz Abbasov yada
düşür. Çünki xalq musiqisini Çingizsiz təsəvvür
etmək qeyri-mümkündür.
Sənətşünaslıq doktoru, professor İlham
Rəhimli:
- Adətən deyirlər
hər kəsin ürəyi yumruğu boydadır. Çingizin
ürəyinin ölçüsü yoxdur. Çünki o
özü təpədən dırnağa ürəkdir.
Millət vəkili Rafael Hüseynov:
- Cavid yazıb ki:
"Arif odur ki, gülsün içində bahar". Sənə
aiddir bu sözlər. Çünki sən o qədər safsan
ki, lap ən sərt qışda da içərin bahar
işığıyla doludur!
İslam Rzayev sənətinə sevgi
- Maraqlıdır,
Çingiz müəllim, sizin üçün bu sənətdə
hər şey nədən başladı? Bilirik ki, siz mərhum
İslam Rzayevin çox böyük pərəstişkarı
olmusuz və verilişlərin birində o sizin
haqqınızda belə söyləyib: "Çingiz bu
dünyada çox lazım insandır".
- 1965-ci il idi... Zərdabda
orta məktəbin 10-cu sinfində oxuyurdum. Həmin il Zərdab
pambıq planını artıqlaması ilə yerinə
yetirmişdi və buna görə "Məhsul"
bayramı keçirilməli idi. Eşitdim ki, Zeynəb Xanlarova
və İslam Rzayev də konsertə gəlməlidirlər. Onların
sənətini çox sevdiyim üçün bilmirdim neyləyim.
Rayon mərkəzində yeni kino-teatr tikilirdi. Hazır
olmadığı üçün konsert Gəlmə kəndindəki
kolxozun həyətində, ictimai tədbirlər
üçün nəzərdə tutulan klubda keçirilməli
idi. Sinif rəhbərimiz Kərim müəllimə
yaxınlaşıb utana-utana dedim: "Mənə
axırıncı dərsdən getməyimə icazə
verin". Soruşdu: - Xeyirdimi? Konsertə getmək istəyimi
bildirdim. İslam Rzayevin pərəstişkarı olduğumu
bildiyi üçün razılıq verdi.
Onuncu sinifdə
oxuduğum üçün atam mənə qara kostyum
almışdı. Hələ geyinməmişdim. İlk dəfə
təzə kostyumu konsertə geyindim. Gəlmə kəndi ilə
Zərdabın mərkəzini asma körpü birləşdirirdi.
Mən körpünü keçib qaçmaq istəyirdim ki,
qarşımda "Volqa" maşını dayandı.
Sürücü
soruşdu: burda koxozun həyəti hansı tərəfdədir?
Dedim ki, mən də ora gedirəm. Dedi, onda otur
maşına. Arxada bir
xanım əyləşmişdi.
O vaxt çox utancaq olduğum üçün maşına
oturanda yana
baxmadım. Kolxoz həyətinə çatanda maşından
düşdüm. Kinoteatrın qabağına çoxlu adamlar yığışmışdı.
Birdən qışqırıq
qopdu: "Zeynəb Xanlarova!" Sən demə, artıq
həmin konsertdə Şövkət Ələkbərova,
Fatma Mehrəliyeva, Yalçın Rzazadə və başqaları oxuyublarmış, hamı
intizarla Zeynəb Xanlarovanı və İslam Rzayevi gözləyirlərmiş. Zeynəb xanım çox gözəl çıxış
etdi, amma İslam Rzayev gəlib çıxmadı.
Qanım qaralmışdı, fikrimi
yayındırmaq üçün
kinoya baxmağa getdim. Kinodan çıxanda yağış
yağırdı. Elə yağırdı
ki, "Tut ucundan, çıx göyə". Təzə kostyumum
təmiz islanmışdı.
Bu vəziyyətdə evə gəldim. Rəhmətlik anam dözmədi: "Ay bala,
nə gündəsən,
tez əynini dəyiş. Bəs, konsertə gedənlər
çoxdan gəlib çıxdı, harda qalmışdın?" Dedim,
İslam Rzayev gəlmədi, mən də hind filminə getdim ki, bəlkə
hirsim soyuya. Rəhmətlik atam dedi: "Ay oğul, sənin İslamın Kür üstündəki
restoranda oxuyub, oradan da Bakıya
qayıdıb". Təlaş
içində: "Ola
bilməz! Bəs onda, konsertə
niyə gəlməyib?"
Dedi: "Zərdaba 7
km qalmış yol sola - Camışçılıq
sovxozuna ayrılır.
İslam
da yolu çaşıb
gedib ora çıxıb. Gələn qonaqlara
restoranda ziyafət veriləndə isə iştirak edib və tez də
Bakıya dönüb".
Özümü parçalayırdım ki, niyə mən
kinoya getdim. Evdə olsaydım, xəbər tutardım, gedib heç olmasa kənardan da olsa qulaq
asardım...
Və bir-iki
əlavə sual
- Siz verilişlərin
əksəriyyətini dünyasını
dəyişmiş sənət
adamlarına həsr edirsiniz...
- Əgər biz bu gün onları yaşatmasaq, bizdən sonra gələn nəsillər də bizi yaşatmaz.
- Elə xanəndələr
varmı ki, ilk dəfə sizinlə tanınsın?
- Zabit Nəbizadəni ilk dəfə 1992-ci ildə
"yeni səs" kimi xalqa mən
təqdim etdim və bununla da tanındı.
- Bu illər ərzində
sənət sizə nə verib və
ya siz sənətə
nə vermisiniz?
- Hesab edirəm bu illər boş keçməyib. Milli musiqimizə xidmət
etmişəm. Bu işim məni çoxlu maraqlı insanlarla rastlaşdırıb.
Sənət adamlarının hörmətini qazana bilmişəm.
Sevinc İsmayıl
Ayna.-2010.-16 yanvar.-S.19.