Knut Hamsunun əsəri səhnəmizdə
Gənc Tamaşaçılar
Teatrında premyera olacaq
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında tanınmış
Norveç yazıçısı, Nobel mükafatı
laureatı Knut Hamsunun "Viktoriya" əsəri əsasında
hazırlanan tamaşanın təqdimat mərasimi keçiriləcək.
Teatrın mətbuat xidmətindən
verilən xəbərə görə, "Məhəbbət
balladası" adlanan əsərin səhnələşdirilməsi
Norveç Krallığının Azərbaycandakı səfirliyi
və Dövlət Gənc Tamaşaçılar
Teatrının birgə layihəsidir.
Xəbərdə qeyd
olunur ki, tamaşanın quruluşçu rejissoru Bəhram
Osmanov, quruluşçu rəssamı Fuad Qafarov, rəqslərin
quruluşçusu isə Vüsal Mehrəliyevdir. Tamaşada
baş rolları Günel Məmmədova, Elnur Kərimov, əməkdar
artistlər Lətifə Əliyeva, Rəzzaq Məmmədov və
başqaları oynayırlar. Tamaşada Norveç bəstəkarı
Edvard Griqin musiqisi səslənəcək. Tamaşanın
premyerası yanvarın 16-sı olacaq.
Öyrəndik ki,
teatrın kollektivi yanvarın 26-da daha bir səhnə əsərini
tamaşaçılarına təqdim edəcək. Mətbuat
əlaqələndiricisi bildirdi ki, bu, A.P.Çexovun
"Albalı bağı" adlı pyesi olacaq. Tamaşaya
quruluş verən xalq artisti İrina Perlovadır.
Tamaşada rolları
teatrın əməkdar artistləri Leyli Vəliyeva, Nofəl
Vəliyev, Ayşad Məmmədov, Şövqi Hüseynov,
Seyidşah Məmmədov və başqaları oynayacaqlar.
Xatırladaq ki,
tamaşa A.P.Çexovun dünyaya gəlişinin 150 illiyinə
həsr olunub. Həmin gün eyni zamanda Dövlət Gənc
Tamaşaçılar Teatrının kiçik səhnəsinin
də açılışı olacaq.
Xatun
Ayna.-2010.-16 yanvar.-S.19.