Xocalıda soyqırım törədənlər aşkarda
gəzirlər
Çünki onları "nasist
ovçusu" Simon Vizental
kimi biri izləmir
Xocalı soyqırımının
18 ili yaxınlaşır.
Müdhiş fevral gecəsi qadına, uşağa, qocaya baxmadan yüzlərlə azərbaycanlını insan
övladının ağlına
gəlməz işgəncələrlə
qətlə yetirənlər,
keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı
alayın hərbçiləri
isə bu illər ərzində cəzasız, heç nə olmamış kimi firavan həyat
sürməkdə davam
edirlər. Onların bəziləri hazırda Ermənistanda rəhbər
vəzifədə, yaxud
Qarabağın separatçı
rejimində iş başındadırlar. Bəzilərinin izləri Rusiyada tapılır, digərlərinin
izləri postsovet ölkələrinə gedib
çıxır. Hamısı da öz kefində.
Çünki onları
nasist cəlladları
izləyən Simon Vizental
kimi bir adam izləmir.
Xocalı soyqırımını
təşkil edərək bəşəriyyətə
qarşı törədilən bu ağır cinayətdə
iştirak etmiş və Azərbaycan hüquq-mühafizə
orqanları tərəfindən adları elan edilənlər
barədə internet resurslarından istifadə edərək
apardığımız araşdırmalar çox maraqlı
faktları ortaya qoyur.
Biri - Serj Sarkisyan
Belə ki, Dağlıq Qarabağda separatçılığın
yayılması, erməni
silahlı quldur dəstələrini yaradanlardan
və bu dəstələrə rəhbərlik
edənlərdən, Xocalı
soyqırımının təşkilində
müstəsna "canfəşanlığı"
olanlardan biri
1954-cü ildə Xankəndində
anadan olmuş Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandır (son zamanlar soyadı
"Sarqsyan" şəklində
yazılır). Bu gün
özünü sülhpərvər
elan edərək Qarabağ münaqişəsinin
sülh yolu ilə tənziminin tərəfdarı kimi çıxış edən
Serj Sarkisyan yaxasını bu soyqırım faktından
kənar çəkməyə
cəhd etsə də, zaman-zaman Qarabağdakı döyüşlərdə
nümayiş etdirdiyi
fəallıq və xüsusilə Xocalı şəhərinin
işğalındakı əməyindən
ağızdolusu danışmaq
fürsətini əldən
vermir. Məsələn, "Qara Bağ"
kitabının müəllifi
olan britaniyalı jurnalist Tomas De Vala müsahibəsində
də bu barədə danışıb,
fəxrlə qeyd edib ki, əgər
Xocalı hadisəsi olmasaydı, azərbaycanlılar
ermənilərin "torpaq"larını azad etmək üçün nə qədər iddialı olduqlarını
başa düşməzdilər.
Azərbaycanda anadan olub,
ölkəsinə xain çıxan Serj Sarkisyan bu gün nə
qədər maskalansa da, onun potensial qatil olduğu nəinki azərbaycanlılara,
hətta ermənilərə sirr deyil. 2007-ci ildə Ermənistanda
keçirilən saxta prezident seçkilərinə etiraz edən
onlarca vətəndaşın İrəvan küçələrində
tökülmüş qanının üstündən
addımlayaraq bütün dünyanın heyrətli nəzərləri
altında prezident kreslosuna əyləşməyə
utanmadı.
Bu caninin Xocalı
soyqırımına görə cəzasına
çatması üçün Türkiyənin
"İğdır əsassız Erməni İddiaları ilə
Mübarizə Dərnəyi"nin (ASİMDER) rəhbəri
Göksel Gülbey Avropa İnsan Haqları Məhkəməsinə
(AİHM) müraciət edib. 2010-cu il yanvarın 8-nə qədərsə
o, Qarsdakı Azərbaycan Konsulluğunun köməkliyi ilə
müvafiq fakt və sübutları da məhkəməyə
təqdim etməli idi.
Biri - Ohanyan
Hazırda Ermənistan hakimiyyətində digər əsas postu tutan isə Xocalı şəhərinə hücum əməliyyatında və dinc sakinlərin qətliamında xüsusilə fərqlənən - həmin vaxtlar 366-cı alayın ikinci batalyon komandiri olmuş Seyran Muşeqoviç Ohanyandır. O hazırda general-polkovnik rütbəsində Ermənistanın müdafiə naziridir. Şuşada doğulan və Bakı Ümumqoşun Ali Hərbi Məktəbini bitirən Seyran Ohanyan Xocalı soyqırımından sonra da Qarabağ, ətraf rayonların işğalında və mülki əhaliyə divan tutulmasında xüsusi fərqlənib. Xocalı soyqırımından dərhal sonra Qarabağdan çıxarılan 366-cı alay Gürcüstana köçürülsə də, azərbaycanlı qanına susamış qatil Seyran Ohanyan Qarabağda qalaraq Xankəndində separatçıların silahlı quldur birləşməsinin qərargah rəisi olub. 1994-98-ci illərdə qondarma rejimin müdafiə nazirinin birinci müavini, 98-ci ildən Ermənistanın 5-ci ordusunun komandanı, 1999-2007-ci illərdə qondarma rejimin "müdafiə naziri", 2007-nin may ayının 11-dən Ermənistanın Müdafiə Nazirliyinin baş qərargah rəisi, 2008-ci il aprelin 14-dən isə Ermənistan müdafiə naziridir. Ermənistanın və separatçıların "milli qəhrəmanı"dır, Ermənistanın bir sıra medalları ilə təltif edilib.
Biri - Akopyan
Soyqırımda iştirak
etmiş və o günlər 366-cı alayın hərbi qulluqçularından olan
Movses Qrantoviç Akopyan 1965-ci ildə Ağdərə rayonunda doğulub.
Akopyan Alma-Ata Ali Hərbi
Məktəbini bitirib və Əfqanıstanda xidmət edib. Sovet
İttifaqı qoşunları Əfqanıstandan
çıxarılandan sonra Xankəndində yerləşən
366-cı alaya ezam olunub. Amma 1988-ci ildən sovet zabiti
mündirində olsa da, erməni quldur dəstələri ilə
əlbir olub, elə həmin dövrdən quldur dəstələrinin
silahlandırılması və təşkilatlanmasında
xususi xidmətlər göstərib. Xocalı
soyqırımında xüsusi amansızlıqla fərqlənən
Movses Akopyan 1993-cü ildən Qarabağ və işğal
edilmiş ayrı-ayrı Azərbaycan rayonlarındakı
silahlı birləşmələrin komandiri olub.
Bu qaniçən 2002-ci
ildə Rusiya Hava Qüvvələri Akademiyasını bitirib
və dərhal Ermənistan müdafiə nazirinin məsləhətçisi,
bir il sonra isə qərargah rəisi və ordu
komandanının müavini, 2007-ci ilin 11 mayından isə
qondarma rejimin "müdafiə naziri" və "ali
baş komandanı" təyin olunub. Qondarma rejimin "milli qəhrəmanı",
bir sıra erməni orden və medallarına layiq bilinib,
hazırda da general-leytenant rütbəsində
separatçı rejimin "müdafiə naziri və ali
baş komandanı"dır.
Biri - Balasanyan
366-cı alayın tərkibində Xocalı soyqırımında iştirak etmiş Vitali Mikaeloviç Balasanyan da Qarabağ separatçılarının liderlərindəndir və o hələ 1988-ci ildən Əsgəran rayonunda daşnakların silahlı quldur dəstəsinin rəhbəri olub. 2000-ci ildə qondarma Qarabağ rejiminin "müdafiə nazirinin birinci müavini" olub. 2002-ci ildə ona separatçıların "milli qəhrəmanı" adı verilib, Hazırda qondarma rejimin parlamentinin üzvüdür, "daşnaksütyun hərəkatı-88" terrorçu təşkilatının rəhbərlərindəndir.
Köçəryan, Petrosyan, Çitçyan
Xocalı soyqırımında və
əsir götürülmüş
azərbaycanlılara divan
tutmaqda xüsusilə
fərqlənmiş - həmin
dövrdə Xankəndi
şəhər həbsxanasının
rəisi işləmiş
Serjik Koçaryan isə hazırda Yerevanda yaşayır,
"Çiçəklənən Ermənistan" partiyasının
liderlərindəndir. Onun kimi Xocalı soyqırımı və əsir götürülmüş
azərbaycanlılara divan
tutmaqda xüsusi fərqlənmiş və
həmin dövrdə
Əsgəran rayon Daxili İşlər Şöbəsinin rəisi
işləmiş Mavrik
Qukasyan isə hazırda Qarabağın qondarma rejiminin "baş prokuroru"dur. Alayın xüsusi bölməsinin rəisi olmuş Aşot Petrosyan isə İrəvanda yaşayır və Ermənistan Milli Bankında yüksək post tutur.
Soyqırımında
iştirak etmiş erməni quldur dəstəsinin rəhbərlərindən
olmuş Valeri İsayeviç Çitçyan digər qatillərdən
fərqli olaraq zamanında cəzasını alıb. O,
Şuşanın işğalı zamanı Azərbaycanın
özünümüdafə qüvvələri tərəfindən
öldürülüb. Buna baxmayaraq, separatçılar bu
qatili unutmayıblar. Qarabağın separatçı rejiminin
keçmiş rəhbəri Arkadi Qukasyanın 2000-ci ildə
verdiyi "fərman"la ölümündən sonra
"milli qəhrəman" elan edilib və
"Döyüş xaçı" medalı ilə təltif
edilib.
Onlara başqa haralarda rast gəlinir?
Xocalı soyqırımında iştirak
etmiş qatillərin bir neçəsi müxtəlif xarici ölkələrdə yaşamaqdadırlar. Onlardan biri
olan (arvadı erməni) Yevgeni Nabokix hazırda Qazaxıstanda yaşayır
və burada "Hoster.Kz şirkəti"
satış şöbəsinin
müştərilərlə əlaqələr üzrə
meneceri vəzifəsində
işləyir.
Azərbaycanda anadan
olmuş, arvadı rus olan Valerik Ayrapetoviç Qriqoryan isə
qondarma rejim və Ermənistanda özünə karyera qura bilməyərək,
RF Stavropol diyarında yaşayır. O, 1983-cu il doğumlu
oğlu Ovik Qriqoryan və 1984-cü il doğumlu qızı
Susanna Qriqoryanla bərabər RF prezidentinin 26 iyul 2000-ci il
tarixli 1385 saylı fərmanı ilə Rusiya vətəndaşlığı
alıb.
Hərbi canilər dərslik yazır, fəlsəfə
ilə məşğul olurlar
366-cı alayın
birinci batalyonunun komandiri olmuş Arutyunov Aleksandr
Aleksandroviç hazırda Moskvada yaşayır, hansı
işlə məşğul olması barədə məlumat
yoxdur. Alayın digər batalyon komandiri olmuş Arutyunov
Vladislav Vladimiroviç də Moskvada yaşayır, həm də
ali və orta ixtisas məktəbləri üçün dərsliklər
yazmaqla məşğuldur.
Alayın hərbi
qulluqçusu olmuş Slavik Arutyunyan da Moskvada yaşayır və
hazırda fəlsəfə elmləri doktorudur.
Alayın hərbi
qulluqçularından olan Aleksandr Ayrapetyan 1996-cı ildən
Moskvada yaşayır və "Voentur-M" firmasının
direktorudur. Bu firma həm hərbi qulluqçuların sosial
problemləri, həm də turizm xidməti ilə məşğuldur.
Soyqırımda
iştirak etmiş erməni silahlı birləşmələrinin
üzvlərindən olan Karo Petrosyan hazırda Özbəkistanın
paytaxtı Daşkənddə yaşayır və yerli
şirkətlərin birində maliyyə mütəxəssisi
kimi çalışır.
Xocalı
soyqırımı, əsir və girov
götürülmüş azərbaycanlılara qarşı
qəddarlığı ilə ad çıxaran potensial cani -
həmin dövrdə Xankəndi şəhər Daxili
İşlər Şöbəsinin rəisi olmuş Armo
Abramyan hazırda həbsdədir. O, ABŞ-da qanunsuz silah ticarəti
və digər cinayətlərə görə ifşa
edilmiş 18 nəfərdən ibarət mütəşəkkil
cinayətkar dəstənin üzvü kimi 2009-cu ildə
Nyu-Yorkda həbs edilmişdir.
Bəşəriyyətə
qarşı törədilmiş bu ağır cinayətdə
iştirakı şahid ifadələri və digər faktlarla
təsdiqlənmiş Andrey İşxanyan, Sergey Beqlaryan,
Qriqori Kişibekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Seyran
Tumasyan, Şaqen Barseqyan və digərləri barədə isə
internet resurslarında məlumat olmasa da, bu şəxslərin
hazırda işğal altında olan Azərbaycan ərazilərindəki
erməni silahlı birləşmələrində, bəzilərinin
Gümrüdə rus hərbi bazasında mühüm vəzifələr
tutduqları ehtimal edilir.
Bir Simon Vizentala ehtiyac var
Xatırladaq ki, Xocalı soyqırımı 1992-ci il
fevral ayının
25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı
şəhərində Ermənistan
respublikası silahlı
qüvvələrinin bölmələri,
Dağlıq Qarabağdakı
erməni terrorçu
dəstələri və
keçmiş sovet ordusunun Xankəndi şəhərində
yerləşən 366-cı motoatıcı alayının
şəxsi heyəti
tərəfindən törədilib.
Əvvəlcə Xocalı
toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir.
Sonra piyada qüvvələr bir neçə istiqamətdən
şəhərə girmişlər.
Sağ qalmış sakinlərə
vəhşicəsinə divan
tutulmuşdur. 613 nəfər
dinc azərbaycanlı,
o cümlədən
63 uşaq, 106 qadın
işgəncə ilə
öldürülmüşdür. 8 ailə bütünlüklə
məhv edilmişdir.
487 nəfər şikəst
edilmişdir. 1275 sakin
- qocalar, uşaqlar, qadınlar girov götürülərək
ağlasığmaz təhqirlərə,
zülmə və həqarətə məruz
qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının
və 26 uşağın
taleyi bu günədək bəlli
deyil.
Ümumilikdə isə
ermənilər və havadarları tərəfindən Azərbaycan
Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq
Qarabağ bölgəsi və onun ətrafındakı daha
yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
işğal olunmuş, 18 mindən çox azərbaycanlı
qətlə yetirilmiş, 20 mindən çox dinc sakin
yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750
nəfər əsir və itkin düşmüş, girov
götürülmüşdür. 877 şəhər, kənd
və qəsəbə qarət edilmiş,
dağıdılmış və
yandırılmışdır. Ermənistan ərazisindən
və Azərbaycanın işğal edilmiş bölgəsindən
qovulub didərgin salınmış azərbaycanlıların
sayı isə 1 milyondan çoxdur.
Dəqiqələr,
saatlar, həftələr, aylar, ən nəhayət, illər
keçir. Azərbaycanın dilbər güşəsi olan
Dağlıq Qarabağ işğal altında, şəhidlərin
və qətlə yetirilmiş dinc azərbaycanlıların
nakam ruhları intizarda, canilər isə cəzasəz
qalmaqdadırlar. Həm də bu canilər gizlənmirlər və
dünya ictimaiyyətinin gözü qabağında azad və
firavan yaşamaqla əslində dünyaya, dünyəvi dəyərlərə
meydan oxuyurlar...
* Məqalə Azərbaycan Mətbuat Şurası və
"Xocalı Soyqırımını Tanıtma"
İctimai Birliyinin jurnalistlər arasında elan etdiyi
müsabiqəyə təqdim etmək üçündür.
İdrak Abbasov
Ayna.-2010.-16 yanvar.-S.6.