"Qlobal istiləşmə" soyuqlaşma ilə əvəzlənir

 

Onun fəsadları etnik münaqişələr və müharibələrdən daha qorxuludur

 

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) proqnozları özünü doğrultmağa başlayır. Havalar gah çox istiləşir, gah da çox soyuqlaşır. Əslində yayda çox isti, qışda isə havaların soyuq keçməsi normaldır. Fəqət məsələ ondadır ki, bəzi günlərdə temperatur anomaliyaları həyatı iflic etməyə qadirdir.

Keçən yay mövsümündə anomal iqlim dəyişkənliyi, iyul-avqust aylarında bütün ölkələrdə sel və daşqın, təbii fəlakətlər Yer kürəsində yeni təhlükəli hava siklonlarının yarandığını göstərir. Skandinaviyadan tutmuş Uzaq Şərqin ən ucqar yaşayış məntəqəsinədək bütün ölkələrdə aramsız yağışlar və güclü küləklər nəticəsində dağıdıcı daşqınlar, fəlakətlər müşahidə olundu. Beynəlxalq Hidrometorologiya Assosiasiyası ekspertlərinin hesablamalarına görə, yay mövsümündə aylıq yağıntının miqdarı normadan nə az, nə çox - düz 28 dəfə çox olub! 2009-cu ildə yayda payız mövsümünə xas olan iqlim xüsusiyyətləri müşahidə edildi, payızda isə qışa xarakterik olan temperaturlar qeydə alındı.

 

Qlobal soyuqlaşmanın ilkin təzahürləri özünü göstərir

 

Amma vəziyyət dəyişməkdədir. ÜMT mütəxəssislərinin bəşəriyyət üçün yeni təhdid - qlobal soyuqlaşmanın yaranması barədə təxminləri gerçəyə çevrilməkdədir. On gündən çoxdur Avropa, Amerika və Asiyanın əksər dövlətləri kəskin soyuq hava siklonlarının vurduğu fəsadları yaşayır. Qərbi Avropada və Şimali Amerikada həyatı iflic edən qlobal soyuqlaşmanın ilkin təzahürləri özünü göstərməkdədir. O bölgələrdə indiyədək dünyada müşahidə olunmayan mənfi temperaturlar qeydə alınmaqdadır.

Mütəxəssislər Uzaq Atlantikadan başlayaraq Skandinaviya yarımadasına və Aralıq-Qara dəniz-Balkan regionunadək bütün ölkələrdə aramsız yağışlar, güclü küləklər və güclü qarla müşayiət olunan şaxtalı havaların hökm sürməsini iqlim dəyişikliyinin nəticəsi kimi səciyyələndirirlər. Ümumdünya Meteorologiya Təşkilatının iqlim məsələləri üzrə tədqiqatçıları deyirlər ki, qlobal soyuqlaşmanın ilkin təzahürləri artıq özünü göstərməyə başlayıb. Daşqınlar, sel fəlakətləri, günlərlə davam edən aramsız yağışlar, qara oxşar buz dənəciklərinin yağması və s. qlobal bəlanın ilkin siqnalları sayılır. Belə hesab edilir ki, müasir dünyada qlobal iqlim dəyişikliyi hərbi münaqişələr və qarşıdurmalar, epidemiya, pandemiya kimi problemlərdən də qorxuludur. Çünki intensiv iqlim dəyişikliyi bəşəriyyət üçün terrorizmdən də dağıdıcı ola bilər.

İqlim dəyişmələri üzrə ingilis ekspert-alim Ceyms Lavlok bəyan edib ki, yaxın illərdə dünyanı böyük fəlakətlər gözləyir.

O, təbiət hadisələri ilə bağlı apardığı tədqiqatlardan sonra bu qənaətə gəlib ki, yaxın onillikdə kəskin iqlim dəyişikliyi, qlobal soyuqlaşmalar baş verəcək. Bu fəlakətin doğuracağı fəsadlar daha ağır olacaq. Bir milyard insan sel, daşqın, torpaq sürüşmələri, buz dağlarının dağılması, bataqlıqlar yaranması, torpağın erroziyası, quraqlıq və aclıq təhlükəsinə məruz qalacaq. Cənubi Avropa və Cənub-Qərbi Asiyada yaşayanlar Kanada, Avstraliya və İngiltərəyə köçəcəklər. Bu insanlar üçün qaçqın düşərgələri qurulacaq. İqlim dəyişmələri etnik azlıqlar arasında münaqişələrə, vətəndaş müharibələrinə gətirib çıxaracaq.

Akademik iri dövlətlərin və beynəlxalq təşkilatların iqlim dəyişmələrinə qarşı müxtəlif texnologiyalardan istifadə etmək səylərinin nəticə verməyəcəyini bildirir. Onun fikrincə, həmin dövlətlər, qurumlar artıq gecikiblər. İnsanların təbiətin hökmünə qarşı çıxması, təbiətin qanunauyğunluqlarını inkar etməsi və təbiət proseslərinə müdaxilə etməsi mövcud fəlakətlərə səbəb təşkil etməkdədir.

Alman alimləri də bu fikirləri bölüşürlər. Onların gümanınca, yaxın 20 ildə istiləşmə mütləq soyuqlaşma ilə əvəzlənəcəkdir. Məsələn, Almaniyanın Leybnits adına Dəniz Tədqiqatları İnstitutunun professoru Mocib Latif bildirib ki, soyuqlaşmanın ilkin təzahürləri artıq özünü göstərməyə başlayıb. Daşqınlar, sel fəlakətləri, günlərlə davam edən aramsız yağışlar, qara oxşar buz dənəciklərinin yağması isə qlobal fəlakətin ilkin siqnallarıdır.

Şimali Arizona Universitetinin (ABŞ) tədqiqatçı qrupu da yaxın 20 ildə atmosferə insan müdaxiləsinin təsirləri nəticəsində soyuqlaşmanın baş verəcəyini bəyan ediblər. Artıq dünya qlobal istiləşmədən uzaqlaşaraq qlobal soyuqlaşmaya doğru yaxınlaşır. Yəni qlobal istiləşmə buzların əriməsi ilə müşahidə olunacaq və dünya okeanının səviyyəsi qalxacaq, su dövranı və Yer kürəsində yağıntılar artacaq. Yağıntılarin artması isə sonda temperaturun düşməsi ilə nəticələnəcək. Beləliklə, qlobal soyuqlaşma baş verəcək. Ümumiyyətlə, yaxın illərdə havanın temperaturu mənfi 15-30 dərəcə yüksələcək.

 

Bizim ekoloqlar nə düşünür?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin əməkdaşı Sahib Məmmədov deyir ki, xoşbəxtlikdən dünyada təsadüf olunan ağır ekoloji dəyişikliklər ölkəmizdə baş verməyib. Lakin ekspert ölkəmiz üçün ciddi təbiət hadisələrinin olmasını istisna etmir. Qlobal iqlim dəyişikliyinin ölkəmizə də təsirlərinin gözləndiyini vurğulayan mütəxəssis son dövrlərdə ciddi fəlakətlərin - dağıdıcı külək, sel və daşqınların baş verməsini bunun əlaməti hesab edir. Məsələn, keçən ilin iyul-avqust aylarında Nəvahi, Pirsaat, Hacıqabul, Şirvan, Bərdə, Qusar və digər rayonlarda sel və daşqınların, təbii fəlakətlərin qeydə alınması, bir neçə gün öncə isə Masallı, Lənkəran, Lerik, Astara, Daşkəsən və bir neçə rayonda dağıdıcı təbiət hadisələrinin baş verməsi Azərbaycanın da qlobal iqlim dəyişikliyindən sığortalanmadığını göstərir. Mütəxəssis ölkəmizdə yanvar və fevral aylarında soyuq hava kütlələrinin müşahidə olunmasını istisna etmir. Ona görə də onun çalışdığı nazirlik Azərbaycanda soyuq hava siklonları, kəskin hava şəraiti, sel və daşqınlarla bağlı hidrometeoroloji proqnozlaşdırmanı da gücləndirəcək.

Nazirliyin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu bu məqsədlə elmi-tədqiqat işlərini gücləndirmək niyyətindədir. ETSN-də hesab edirlər ki, yaxın beşillikdə müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələrlə bağlı proqnozların intensivliyini təmin etmək üçün tədqiqatlar artırılacaq. Belə ki, Böyük Qafqazın şimal-şərq yamacı çaylarının ekoloji axımının qiymətləndirilməsi, xüsusi təhlükəli hidrometeoroloji hadisələrə və dolu-leysan, sel və daşqın hadisələrinin müəyyən edilməsi, Xəzər dənizində güclü qasırğaların tədqiqi ilə əlaqədar qısamüddətli proqnoz metodikası hazırlanacaq.

Sahib Məmmədovun fikrincə, son dövrlər atmosferdə iqlim dəyişmələri və anomal hava temperaturları müşahidə edilən günlərin sayı çoxalır. Dünya dövlətləri qlobal meteoroloji proseslərin izlənməsi üçün müxtəlif tədbirlər görmək istəsə də, lazımi effekt vermir. İndiyədək BMT və digər beynəlxalq qurumların təşkilatçılığı ilə sammitlər keçirildiyini xatırladan Sahib Məmmədovun təmsil etdiyi nazirlik iqlim dəyişikliyi ilə mübarizə yollarına dair yeni qlobal razılaşmanın əldə olunmasını vacib hesab edir.

Dekabrda BMT-nin Kopenhagendə keçirilən iqlim dəyişikliyi sammitində heç bir sənədin imzalanmadığı Bakıda təəssüflə qarşılanıb. Halbuki ətraf mühit məsələlərində hər bir dövlətin üzərinə mühüm vəzifələr düşür. Belə ki, iqlim dəyişikliyi ilə bağlı vəziyyəti tənzimləyən beynəlxalq sənəd - Kioto Protokolunun 2012-ci ildə müddəti başa çatır və buna görə də dünya dövlətləri yeni strategiya hazırlamalıdır. Hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı dərin fərq yeni strategiyanın hazırlanmasına mane olur.

 

 

A.Akif 

 

Ayna.-2010.-16 yanvar.-S.15.