Mədəniyyət evlərində işlər necə gedir?

 

Birinə baş çəkdik

 

Paytaxtda hər rayonun öz mədəniyyət evi var, amma maraqlıdır, onların fəaliyyəti necə gedir? Eşitmişdim İ.Əbilov adına Mədəniyyət Evi öz funksiyasını fəallıqla yerinə yetirir. Bu Mədəniyyət Evində 43 ildir bədii rəhbər olaraq çalışan Mirəhməd Əsgərov İncəsənət İnstitutu mədəni-maarif fakültəsinin məzunudur, onu incəsənət aləmində tanımayan yoxdur. Bədii rəhbəri bir az sorğu-suala tutduq. Mirəhməd Əsgərov deyir:

- Məndən qabaq çox bədii rəhbərlər işləyib və bu mədəniyyət evini tərk edib, çünki o vaxtlar "Sovetski" adlanan bu küçənin uşaqları ilə yola getmirdilər. mən, beşinci kurs tələbəsi ora gedəndə bir müəllim mənə dedi: "Oğul, sən burdan iki günə qaçacaqsan! Gərək klub yaradasan, uşaqları kluba yığasan, hər birisi ilə bir dil tapasan..." Mən bunu etdim, uşaqlarla dil tapdım.

- Yəni bu gün uşaqlarda, gənclərdə mədəniyyət evlərinə getmək həvəsi qalırmı?

- İnanın ki, var. Amma bədii rəhbər kabinetində elə-belə oturmamalıdır. Bir-bir rayonda yerləşən məktəbləri gəzib, istedadlı uşaqları seçməlidir. Yasamal rayonunda elə məktəb rəhbərliyi yoxdur ki, məni tanımasın. Sonra uşaqlara şeiri necə oxumağı, teatrın olduğunu, komediyanı dramdan ayırmağı öyrədirik. Məni təəccübləndirən odur ki, bir görürsüz valideyn uşağını gətirir, deyir uşağın gözəl səsi var. Uşaq isə estrada mahnıları oxuyur. Bəs niyə bizim uşaqlarımız "Mişar" bir sıra uşaq mahnılarını tanımırlar?

- Bu gün telekanallar mədəniyyət evinin işlərini işıqlandırırmı?

- Qabaq bizim özfəaliyyət ansamblları üçün yarım saat efir vaxtı ayırırdılar. İndi çəkən var, proqram tutan.

Direktor sırf təşkilati işlərə baxır. Bədii rəhbər isə Mədəniyyət evinin döyünən ürəyi olmalı, bu ürəkdə isə qığılcım olmalıdır. Bədii rəhbər ədəbi-bədii gecəni tematik gecədən ayıra bilmirsə, konsert proqramını, repertuar proqramını bilmirsə, o mədəniyyət evində işlər yaxşı getməz.

 

 

Sevinc İsmayıl 

 

Ayna.-2010.-23 yanvar.-S.19.