General Həzi Aslanovun 100 yaşı tamam olur

 

İkinci Dünya müharibəsi bəşər tarixində ən qanlı savaş sayılır. 50 milyondan çox insan həyatına son qoyan bu savaş faşizmə qarşı çarpışan qəhrəmanlarını da yetişdirdi. Onlardan biri Azərbaycan övladı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovdur. Bu il onun 100 yaşı tamam olur.

Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləyib, sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-30-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin olunub.

 

Müharibəni Ukraynada qarşıladı

 

Onda Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə özünü bacarıqlı zabit kimi göstərdi. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirdi. Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarmışdılar. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstəriblər.

Düşmənin 30 əks-hücumunu dəf edən, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobilini sıradan çıxaran bu döyüşdə göstərdiyi şücaətə görə polkovnik-leytenant H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal Maynşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib. Ona Sovet İttifaqı Qəhrəmanı adı cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə verilmişdi.

1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi Zirehli Tank Qoşunları Akademiyasına oxumağa göndərilən Həzi birillik təhsil proqramını 3 aya başa vurur. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verilir.

1944-cü il iyunun sonlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmir yollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə istiqamət aldı. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qırmızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülür.

 

Müəmmalı ölüm

 

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı. İki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq, Aleksandr Nevski, İkinci dərəcəli Suvorov Ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni və saysız medallarla təltif edilmişdi.

Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur. Yanvarın 24-də 1945-ci ildə Həzi Aslanov zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman qəflətən onun durduğu yerdə ardıcıl olaraq mina partlayır. Yaralanmış generalı həkim-sanitar rotasına gətirirlər. Hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər. "Bir qədər sonra general özünə gəldi. Vəziyyəti getdikcə yaxşılaşırdı. Səhəri gün artıq vəziyyəti xeyli yaxşılaşmışdı. Biz qərara gəldik ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərək. İki saat müddətində biz generalı səhra hospitalına çatdırdıq", - deyə Beqişvili öz xatirələrində qeyd edir.

Sonra Aslanovu təcili olaraq Moskvaya aparmaq əmri gəlir. Həzi Aslanov Beqişvilidən xahiş edir ki, onunla Moskvaya gəlsin. "Mənə təcili olaraq hazırlaşmaq əmri verildi. Amma bir neçə dəqiqədən sonra bildirdilər ki, generalla mən getməyəcəyəm. Həzi Aslanovu müşaiyət etmək üçün xüsusi həkim qrupu təyin edilib. Mən generalla sağollaşdım və briqadaya qayıtdım.

3 saatdan sonra bizə bildirdilər ki, Həzi Aslanov keçinib", - deyə Beqişvili qeyd edir. Şahidlər qeyd edirlər ki, Həzi Aslanovun olduğu yer döyüş əməliyyatlarından xeyli uzaq olub. Minanın orada hansı şəraitdə partlaması indiyə qədər aydınlaşmayıb.

 

47 il gecikən fərman

 

Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən 47 il sonra, 1991-ci ildə çatır... Bunun öz səbəbləri vardı. 1944-cü ilin iyulunda 3-cü Belarusiya cəbhəsinin komandanı, ordu generalı İ. Çernyaxovski Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi ilə bağlı sənəd imzalayır. Lakin bu sənəd müəmmalı səbəblərdən ünvanına çatmır. Bu məsələni araşdıran əməkdar incəsənət xadimi, kinorejissor-ssenarist, Mədəniyyət və İncəsənət Universitetinin professoru Musa Bağırovun sayəsində Həzi Aslanovla bağlı sənəd tapılır.

1983-cü ildə Azərbaycan televiziyasının sifarişi ilə M.Bağırov Həzi Aslanov barədə film çəkir. (General haqqında ilk filmini o, 1967-ci ildə çəkib). Filmin baxışında iştirak edən veteranlarla görüş zamanı ilk dəfə olaraq Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunması barədə məlumat səslənir.

Musa Bağırovun araşdırmaları nəticəsində bəlli olur ki, 28 iyun 1944-cü ildə Həzi Aslanovun 35-ci tank briqadası sürətli hücumla Berezina çayını keçərkən düşmən bunu əngəlləyə bilir. Həzi Aslanov ağlasığmaz qərar qəbul edir - əsas qüvvələrin gəlməyini gözləmədən avtomatçılar batalyonu və bir qrup partizanla sürətlə hücuma keçərək düşmən qarnizonunu darmadağın edir və Plesnitsa şəhərini azad edir. Bununla da ordunun Berezina çayını bütün cəbhə boyu keçməsi üçün şərait yaranır. Bundan sonra Aslanov ilk olaraq qəfil zərbə ilə Vileykanı azad edir. Bu hücum nəinki alman, elə sovet komandanlığı üçün də gözlənilməz olur.

Belorusiya cəbhəsinin komandanı, marşal Vasilevski Stalinə Vileyka şəhərinin azad olunması barədə raport verərkən Həzi Aslanovun rəhbərliyini xüsusi olaraq qeyd edib. Bu şücaətinə görə Həzi Aslanov kinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilir.

 

Sənəd hara yox olubmuş?

 

15 gündən sonra Həzi Aslanovun briqadası general Baqramyanın komandanlıq etdiyi 1-ci Pribaltika cəbhəsinin sərəncamına verilir. 22 iyulda isə Həzi Aslanov 2-ci dərəcəli Suvorov ordeninə layiq görülür. Bəs Çernyaxovskinin təqdimatı hara yox olur? Musa Bağırov 1985-ci ildə Müdafiə Nazirliyinin arxivinin yerləşdiyi Podolsk şəhərinə gedir. Sənədləri araşdırdıqdan sonra məlum olur ki, Aslanovçuların 23 - 30 iyun 1944-cü il dövründə apardığı hərbi əməliyyatların qeydiyyatı yoxdur. Tədqiqatçı arxivdə bununla bağlı araşdırma aparmaq istəsə , ona rədd cavabı verilir bildirilir ki, bu məlumatlarla tanış olmaq imkanları məhduddur.

Həzi Aslanovun döyüş dostları - marşal Belov və akademik Samsonovun köməyi ilə Musa Bağırov Silahlı Qüvvələrin Baş Qərargah rəisi, marşal Axromeyevin qəbuluna düşür. Axromeyev SSRİ Arxivlər İdarəsinin rəisinə şəxsən əmr verir ki, Musa Bağırovun arxivdə işləməsinə şərait yaradılsın. Uzun-uzadı axtarışdan sonra M.Bağırov lazım olan sənədi tapır. Məlum olur ki, sənəd müəmmalı şəkildə necə olubsa tamam ayrı yerdə saxlanılıb. Sənədin ora necə düşməsi bu günə qədər sirr olaraq qalır. Musa Bağırov SSRİ Müdafiə Nazirliyinin arxivindən sənədi tapır. N0713 14.08.1944 tarixli təltif sənədində Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi göstərilir. (is. N 340 opis N2607, 20 səhifə) Təltif sənədində qeyd edilir - "23-30 iyun 1944-cü ildə Həzi Aslanovun rəhbərlik etdiyi 35-ci tank briqadası 580 yaşayış məntəqəsini azad etmiş, düşmənin 18 tank, 118 avtomaşınını məhv etmiş, alman ordusunun 580 zabit və əsgərini əsir götürmüşdür. Berezina çayını birinci keçərək Vileyka şəhərini azad etmişdir".

Bütün bunlardan sonra Musa Bağırov Mixail Qorbaçov komandasının təpkiləri ilə rastlaşır. İki aylıq mübarizə ağır olur. Həzi Aslanova hər vəchlə mane olmaq istəyən Qorbaçovun ətrafında olan şəxslər son hiyləyə əl atırlar. Musa Bağırovun üzə çıxardığı sənədlərin səhihliyini yoxlamaq üçün komissiya yaradılır. Sonda onlar sənədlərin həqiqi olduğunu etiraf etmək məcburiyyətində qalırlar. Və Mixail Qorbaçov 22 iyun 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə fərman imzalamağa məcbur olur. Hazırda ikinci qızıl ulduz Azərbaycan Tarix Müzeyində saxlanır..

 

 

Xaqani Səfəroğlu 

 

Ayna.-2010.-23 yanvar.-S.18.