Polad Bülbüloğlu 65-i haqladı

 

Onun sənətinə və şəxsiyyətinə sevgilər və sayğılarla

 

Dünya şöhrətli mədəniyyət xadimi, RF-də fövqəladə və səlahiyyətli səfirimiz Polad Bülbüloğlunun 65 yaşı tamam olur. Milli mədəniyyətimizin parlaq bir dövrü bu yaradıcı insanın adı ilə bağlıdır. Gözəl mahnıları, musiqi əsərləri ilə insanların bütöv bir nəslinin qəlbində özünə möhtəşəm abidə ucaltmışdır Polad Bülbüloğlu.

 

Gənclik illəri ötən əsrin 70-80-ci illərinə təsadüf etmiş bizim nəsil Polad Bülbüloğlunun parlaq yaradıcılıq illərini yaxşı xatırlayır. Bu qeyri-adi istedad sahibi böyük bir ölkənin - Sovetlər Birliyinin estrada səmasında ən parlaq ulduzlardan idi. Qəlb oxşayan mahnıları ilə çoxmilyonlu və çoxmillətli auditoriyanın qəlbini fəth etmişdi. Müslüm Maqomayev kimi onun da adı ölkə gəncləri arasında gözəllik, sevinc və məhəbbət rəmzinə çevrilmişdi. Paytaxt Moskvadakı çoxsaylı konsertlərdə Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşşenko, Eduard Xill, Alla Puqaçova, Lüdmila Zıkina, Sofiya Rotaru, Bella Rudenko və digər ulduzlarla birlikdə çıxış edirdi. O vaxtdan bir çox ölkələrdə Azərbaycan musiqi mədəniyyətini layiqincə təqdim etmişdi. Xaricdə dünya şöhrətli musiqiçi kimi qarşılanır, konsertləri yüksək səviyyədə keçirdi.

 

Bir gənclik xatirəsi

 

Polad Bülbüloğlu ilə mən ilk dəfə uzaq 1969-cu ildə tanış olmuşam. Hər dəfə o günü xatırlayarkən qəlbimdə xoş xatirələr oyanır. O vaxtlar mən orta məktəbin 9-cu sinfində oxuyurdum. Bir dəfə musiqi dərsində Arif müəllim bildirdi ki, SSRİ xalq artisti, professor Murtuza Məmmədovun - Bülbülün oğlu Polad gözəl mahnılar bəstələyir və yaxşı müğənnidir.

Biz yaxşı bilirdik ki, Bülbül milli vokal musiqimizin əsasını qoyanlardan olmuşdur. Milli musiqimizin beşiyi Şuşa şəhərində doğulan Bülbül konservatoriya təhsilini başa vurduqdan sonra parlaq istedadı nəzərə alınaraq Azərbaycan hökuməti tərəfindən musiqi təhsilini davam etdirməsi üçün İtaliyanın Milan şəhərinə göndərilmişdi. Milanda o çağın məşhur musiqiçisi maestro Rafael Qratsiyanın tələbəsi olmuş, musiqi sənətinin sirlərini ondan öyrənmişdir. Təhsilini başa vurub vətənə qayıdan müğənni yeni, mütərəqqi ideyalar irəli sürərək milli musiqimizin inkişafına çalışmışdı.

Onun tövsiyəsi ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun yaratdığı operalar içərisində "Koroğlu" həm bəstəkara, həm də Bülbülə böyük şöhrət qazandırmışdı. 1937-ci ildə Moskvada "Koroğlu"nun təqdimatı olmuşdu. Baş rolda çıxış edən Bülbülün parlaq ifaçılıq məharəti Kremldə konsertə tamaşa edən ölkə rəhbərini valeh etmşdi. Bu konsert müğənniyə ölkə miqyasında böyük şöhrət qazandırmışdı.

Dahi bəstəkar Üzeyir Hacıbəyovun və dahi müğənni Bülbülün gərgin əməyinin məhsulu olan "Koroğlu" operasının onlarca tamaşası olmuşdur. 1950-ci ildə Bülbülə SSRİ Dövlət mükafatı laureatı adı verilmişdir.

Bülbül piano qarşısında əyləşib konsertlərə hazırlaşarkən kənarda dayanıb ona maraqla tamaşa edən oğlu Polada hərdənbir nəzər salır, bəlkə xəyalına belə gətirmirdi ki, evində sabahın istedadlı müğənnisi və bəstəkarı yetişir. Qəti deyə bilərik ki, bu yaradıcı musiqi mühiti və irsiyyət amili gənc musiqiçinin formalaşmasında mühüm rol oynamışdı.

Poladın anası Adilə xanım söyləyirdi ki, 1957-ci ildə Bakıda Opera və Balet Teatrında Bülbülün konserti gedirdi. Bu konsertdə tamaşaçılar üçün gözlənilməz hadisə baş verdi. Səhnəyə 12 yaşlı Polad çıxıb gözəl və zərif səslə "Evləri var xanə-xanə" xalq mahnısını ifa etdi. Bu mahnı Bülbülün sevimli mahnılarından idi. Mahnı bitən kimi konsert zalındakı tamaşaçılar Bülbülün varisi, istedadlı müğənninin çıxışını gurultulu və sürəkli alqışlarla mükafatlandırdılar. Xoşbəxt ata sevincindən qəhərlənmişdi, deməyə söz tapmırdı.

Adilə xanım onu da xatırlayırdı ki, 14 yaşlı Polad ilk dəfə 1959-cu ildə Dram Teatrında səhnədə oxuyan atasını pianoda müşayiət etmişdir. Tamaşaçıların sürəkli alqışları ilə başa çatan konsertin sonunda Bülbül ona verilən çoxsaylı gül buketlərini pianonun üstünə qoyub, Poladın əlindən tutub tamaşaçılara baş əymiş və demişdir ki, bu gün mənim həyatımda ən gözəl gündür. Bu gün mən tam əmin oldum ki, sevimli oğlum mənim sənət yolumun layiqli davamçısı olacaq, musiqi mədəniyyətimizin inkişafına xidmət edəcəkdir.

Yaxşı yadımdadır, 1969-cu ilin son aprel günlərindən biri idi. Aramsız yağışlardan sonra buludlar çəkilmiş, təmiz səmada bahar günəşi parlayır, məktəbin həyətindəki ağacların yarpaqlarından asılan şeh damcıları günəş şüalarını əks etdirərək brilyant qaşları kimi şəfəq saçırdı. Musiqi dərsinin başlanmasına bir neçə dəqiqə qalsa da, şagirdlər sinfə daxil olmağa tələsmirdilər: müəllim hələ gəlməmişdi.

Şagirdlər səmadakı təbiət möcüzəsini - göy qurşağını heyranlıqla müşahidə edirdilər. Bir azdan musiqi müəllimi gəldi. Mən fürsətdən istifadə edərək şagirdlərin müğənni-bəstəkar Poladla məktəbimizin akt zalında görüş keçirilməsini xahiş etdim. Mayın 2-də səhər tezdən məktəbin akt zalında bu görüşə hazırlıq görülürdü. Səhnəyə qoyulmuş təzə pianonun sazlığını yoxlayandan sonra Adil müəllim gülümsəyib mənə təklif etdi ki, gəl Polad müəllimgilin evinə birlikdə gedək. "Volqa" markalı qara taksi yarım saata bizi indiki respublika Rəssamlar İttifaqı binasına çatdırdı.

O illər bu binada görkəmli ziyalılar, ədiblər yaşayırdı. İkinci mərtəbədə qapının zəngini basdıq. Qapını qısaqol köynək geymiş ucaboy, enlikürək, gülərüz bir gənc açıb bizi nəzakətlə qonaq otağına dəvət etdi. Polad gəlişimizin məqsədini bilib xeyli tərəddüd etdi. Sualedici nəzərlərlə mənə baxıb soruşdu ki, məktəbimizin akt zalında piano varmı? Nə vəziyyətdədir, kökləməyə ehtiyac varmı? Biləndə ki, piano sazdır və bütün məktəbin müəllim və şagirdləri onu gözləyir, gülümsəyib ayağa qalxdı. Binanın həyətində qəhvəyi rəngli "Pobeda"ya əyləşib yola düşdük.

Maşını Polad Bülbüloğlu özü idarə edir, bizimlə söhbət edirdi. Dedi ki, bu "Pobeda" maşını atasından ona yadigar qalıb. Bu maşın vaxtilə dövlət tərəfindən hədiyyə olunmuşdur.

Maşın bizim 99 saylı məktəbin həyətinə daxil olanda əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər dərhal maşını dövrəyə aldılar. Gənc müğənnini salamlayıb akt zalına müşayiət etdilər. Akt zalı ağzınacan dolmuşdu. Yuxarı siniflərdə oxuyan qızlar Polada qızılgül dəstələri təqdim etdilər. Polad səhnəyə qalxdı. Gülləri pianonun üzərinə qoyub tamaşaçılara keçdiyi yaradıcılıq yolundan, gələcək planlarından və arzularından danışdı. Pianonun önünə əyləşib doğma diyarımız Azərbaycana, onun gözəllərinə, sevgiyə və məhəbbətə həsr etdiyi və özünün bəstələdiyi bir-birindən gözəl mahnılar oxumağa başladı. Hər mahnısı sürəkli alqışlarla müşayiət olunurdu. Görüş başa çatdıqdan sonra gənc müğənni ona verilmiş al qızılgülləri məktəbimizin qızlarına paylayıb hamı ilə sağollaşdı.

Polad Bülbüloğlu ilə bu gözəl görüşdən 40 ildən artıq bir zaman ötsə də, o gün xəyalımdan silinmir, qayğısız və fərəhli gənclik illərim xatirimdə canlanır. Böyük maestro Bülbülün layiqli varisi yaratdığı onlarca qiymətli musiqi əsəri ilə milli musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirmişdir. Onlar illər ötsə də, öz təravətini və gözəlliyini itirmir. Çünki Üzeyir Hacıbəyovun ölməz əsərləri kimi onun da əsərləri xalq musiqisi ruhunda bəstələnmişdir.

 

Mədəniyyət naziri

 

Polad Bülbüloğlu 1988-ci ildən 2006-cı ilə qədər mədəniyyət naziri oldu. Mürəkkəb və təlatümlü bir dövr idi.

SSRİ-nin dağılması, milli dövlətçiliyimizin bərpa olunması, xarici hərbi müdaxilə nəticəsində Qarabağ ərazisinin xeyli hissəsinin işğal altına düşməsi, milli-mədəni irsimizin XX əsr barbarları tərəfindən dağıdıldığı və talan edildiyi bir dövr idi. Polad Bülbüloğlu mədəni irsimizin qiymətli yadigarlarının qorunub saxlanması, belə bir mürəkkəb şəraitdə milli mədəniyyətimizin inkişafı yönündə əlindən gələni etdi. Milli-mədəni sərvətləri qorumaq naminə harınlaşmış "milli" məmurlarımıza qarşı prinsipiallıqla və qətiyyətlə davrandı.

Azərbaycan musiqi mədəniyyətinin beşiyi, milli memarlıq abidələrimizin xəzinəsi olan Şuşa şəhəri 1992-ci ilin mayında - milli silahlı qüvvələrimizin hələ formalaşmadığı və hakimiyyət uğrunda daxili çəkişmələrin getdiyi bir şəraitdə düşmən tərəfindən işğal olundu. Şuşada mədəni irsimizin talan olunmasının qarşısını almaq mümkün deyildi. Belə bir vaxtda Polad Bülbüloğlu Şuşa şəhərindən işğalçılar tərəfindən çıxarılmış bir neçə qiymətli heykəltəraşlıq abidəsini Gürcüstandakı nüfuzlu dostlarının köməyi ilə xilas edə bilmişdi. Dahi bəstəkar Üzeyir Hacıbəyovun, unudulmaz Bülbülün, xan qızı, şairə Xurşid Banu Natəvanın tunc büstləri Gürcüstan vasitəsi ilə Bakıya gətirildi.

İş elə gətirdi ki, bir neçə il Mədəniyyət Nazirliyi aparatında Polad Bülbüloğlunun rəhbərliyi altında işlədim. Nazirin tarix və mədəniyyət abidələrinin qorunması işində prinsipialığının və qətiyyətinin şahidi oldum. Elə olurdu ki, talançılıq və rüşvətxorluqla varlanmış bəzi məmurlar və onların qohumları dövlət tərəfindən qorunan memarlıq abidəsini söküb yerində çoxmərtəbəli mülklər tikilməsinə icazə almaq üçün ən müxtəlif vasitələrə əl atırdılar. Nazirin göstərdiyi səylərə baxmayaraq, bəzi artıqtamah, arxalı məmurların satqınlığı nəticəsində paytaxtın tarixi İçərişəhər hissəsi əsrlər boyu təşəkkül tapmış memarlıq görüntüsünü tədricən itirirdi.

Bakının İçərişəhər Tarixi Memarlıq Qoruğunun mühafizəsi işindəki anlaşılmazlıqlar məmurlara sui-istifadə üçün əlverişli zəmin yaradırdı. Nazir bu dağıdıcı prosesin qarşısını almaq məqsədi ilə düşünülmüş addım atdı. Onun təklifi ilə ölkə prezidenti 2005-ci il fevralın 10-da sərəncam verərək İçərişəhər Tarixi Memarlıq Qoruğunu Nazirlər Kabinetinin tabeliyinə verdi.

 

Moskvada

 

Mədəniyət nazirimiz RF ilə mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi. 2005-ci il Polad Bülbüloğlunun təşəbbüsü ilə Rusiya Federasiyasında Azərbaycan Mədəniyyəti ili kimi yadda qaldı. Rusiyanın müxtəlif şəhərlərində milli musiqi kollektivlərimizin konsertləri, sərgilər, incəsənət xadimlərimiz ilə təntənəli görüşlər təşkil edildi. Polad Bülbüloğlu iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynamışdır.

2005-ci ildə Polad Bülbüloğlu dövlətlərimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif edilmişdir. Xeyli vaxt TÜRKSOYa rəhbərlik etdi. 2002-ci ildən MDB ölkələri mədəniyyət nazirlərinin əməkdaşlıq şurasına sədrlik edirdi.

Rusiya Federasiyasındakı nüfuzu, müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və böyük həyat təcrübəsi nəzərə alınaraq, Polad Bülbüloğlu 2006-cı ilin fevralında RF-də fövqəladə və səlahiyyətli səfirimiz təyin edildi.

1980-ci illərin əvvəllərində Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən görkəmli dövlət xadimi Heydər Əliyev təntənəli dövlət konsertlərindən biri başa çatdıqdan sonra Müslüm Maqomayev və Polad Bülbüloğlu ilə görüşmüş, onlara Azərbaycan musiqini və mədəniyyətini layiqincə təmsil etdiklərinə görə təşəkkürünü bildirmişdi. 65 illik ömür yolu qət etmiş Polad Bülbüloğlunun yaradıcı əməyi ilə qazandığı ümumxalq məhəbbəti onun adını xalqımızın mədəniyyət səlnaməsində əbədiləşdirmişdir.

Onu sevən, xatirini əziz tutan dostları adından Polad Bülbüloğlunun ad gününü təbrik edir, ona cansağlığı, uzun ömür və xalqımıza xidmət yolunda uğurlar arzulayırıq.

 

 

Vaqif Əsədov

 

Ayna.-2010.-30 yanvar.-S.18.