"Göygöl"ün 40 yaşı qeyd edilib

 

Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib

 

Ötən gün Dövlət Muğam Teatrında "Göygöl" Dövlət Mahnı Rəqs Ansamblının fəaliyyətinin 40 illiyi qeyd olunub. Ansamblın rəhbəri Şahnaz Haşımova tədbiri açaraq əvvəlcə kollektiv haqqında danışıb. Ansamblda sadiq insanların çalışdığını deyən xalq artisti onların ilk gündən bir yumruq kimi birləşdiklərini vurğulayıb. Daha sonra xatırladıb ki, "Göygöl" ansamblı 1969-cu ildə bəstəkar Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb: "O vaxtdan etibarlı əllərdə olan kollektiv ənənələri qoruyaraq, öz dəst-xəttini yaşada bilib. 40 il sənətdə qalmaq böyük zəhmət tələb edir".

Daha sonra tədbirin iştirakçılarından olan xalq artisti, tarzən Ramiz Quliyev çıxış edərək bildirib ki, Gəncənin tarixində iki böyük şəxsiyyətin - Nizami Gəncəvi Cavad xanın adı çəkiləndə, Gəncənin hansı vüqara sahib olduğu məlum olur: "Göygöl" ansamblına gəlincə, deyərdim ki, bu gün Azərbaycanın musiqi sənətinin layiqli simalarından bu ansamblda toplaşanları var. Onlar uzun illər birgə çalışıb nüfuzlarını qoruya biliblər. Onlar nəinki Gəncənin, bütöv Azərbaycanın fəxridirlər. Bu ansambl Azərbaycanın musiqi mədəniyyətinin təbliğində böyük zəhmət çəkib".

Çıxışlardan sonra yubileyi qeyd edilən ansamblın üzvləri konsert proqramı ilə çıxış ediblər.

 

 

Xatun 

 

Ayna.-2010.-30 yanvar.-S.19.