Məmməd Əmin Rəsulzadə: "Əsərlər
və məktublar toplusu"
Öndərin Moskvada belə bir adda rusca
kitabı nəşr olunub
Azərbaycan dövlətçiliyinin banisi,
görkəmli siyasi xadim, bütün şüurlu həyatını
Azərbaycan davasına
həsr etmiş olan Məmməd Əmin Rəsulzadənin Rusiya tarixçilik auditoriyasına təqdim olunması işində daha bir addım
atılmışdır. Moskvada Məmməd
Əmin Rəsulzadənin
"Əsərlər və
məktublar toplusu"
nəşr edilmişdir.
Tərtibçi, önsözün və izahların müəllifi görkəmli
tarixçi alim Salavat İsxakovdur ("Flinta" nəşriyyatı,
368 səh.).
Bu toplu Rəsulzadənin həyata vida etməsinin 55-ci ildönümünə
həsr olunub. Topluda onun 1923-cü ildə Türkiyədə nəşr
olunmuş "Azərbaycan
Cümhuriyyəti" kitabının
ruscaya ilk tərcüməsi,
onun 1920-1930-cu illər
arasında yazdığı,
SSRİ-nin və Azərbaycan SSR-in daxili-siyasi
vəziyyətinin təhlil
olunduğu və indiyədək elmi ictimaiyyətə bəlli
olmayan məqalələri,
Parisdə fransızca
nəşr olunan antikommunist istiqamətli
"Prometey" dərgisində
dərc olunmuş məqalələri orijinalda
(fransızcada) verilmişdir.
Topluda Məmməd Əmin Rəsulzadənin müxtəlif vaxtlarda
Mustafa Çokayevə (Türküstan,
qazax dövlət xadimi, mühacir, 1941-ci ildə Berlində vəfat edib), Yohanes Bensinqə (alman türkoloqu) və Ceyhun bəy Hacıbəyliyə
yazdığı məktubları
da görürük. Bu materiallar bəzi
hallarda orijinalın fotosurətləri ilə müşayiət olunur.
Azərbaycan Cümhuriyyətinin
(1918-20) tarixinə dair tendensiyalı münasibətin qalmaqda
olduğu Rusiya elm auditoriyasına məhz Məmməd Əmin
Rəsulzadənin yazdıqlarını təqdim etmək, əlbəttə,
çox faydalı işdir və bu işin təşəbbüskarlarına
yalnız təşəkkürlər düşür.
Salavat İsxakov
önsözdə Məmməd Əmin Rəsulzadənin siyasi
savaşlarda keçən ömür yoluna tükamül
rakursunda işıq salır. Xatırladır ki, onun "Azərbaycan
Cümhuriyyəti" kitabı 1923-cü ildə İstanbulda
nəşr olunanda bu kitab sovet lideri İ.Stalinə elə
güclü təsir edib ki, təcili olaraq Bakıya - rəhbər
işçilər Q.Musabəyov, L.Mirzəyan, R.Axundov, S.Kirov
və İ.Orexelaşviliyə məktub yazaraq kitabın
müddəalarını təkzib etməyə
çağıraraq iddia etmişdi ki, müsavatçıların
zamanında Azərbaycan müstəqil olmayıb, onun
müstöəqilliyi yalnız sovet hakimiyyəti ilə təmin
edilmişdir.
S.İsxakov göstərir
ki, Rəsulzadə heç də sovet təbliğatının
iddia etdiyi kimi, pantürkçü və panislamçı
deyil, milli demokratik düşüncəli bir siyasətçi
olmuşdur. Müstəqil dövlət olaraq Azərbaycanın
statusu problemi Rəsulzadə yaradıcılığında
başlıca mövzudur. Rəsulzadə mühacirətdə
öz siyasətçi rolunu Azərbaycanın milli dövlətçilik
ideyasının təbliğində, onun itirilmiş müstəqilliyinin
bərpa olunması uğrunda mücadilədə,
"sosial-siyasi ehkam" olaraq bolşevizmin tənqidində,
sovetlərin milli siyasətlərinin "müstəmləkə
istismarının ən pis forması olaraq"
ifşasında, mübarizənin aktual
şüarlarının müəyyənləşdirilməsində,
sovet mətbuatının tənqidində görürdü. Və
qeyd edir ki, Qorbaçov dönəmində Sovetlər Birliyini
bürüyən proseslər Rəsulzadənin
proqnozlarını təsdiq etdi.
İsmayıl Umudlu
Ayna.-2010.-30 yanvar.-S.6.